RU

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Əli Zərbəlinin "Ürəkbulanma" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Cavanşir Yusifli:

"Əli Zərbəlinin “Ürəkbulanma” hekayəsi nə qədər dəhşətli olaydan bəhs etsə də, adi, həm də gündəlik əhvalatın nəqlidir. Bütün hekayələr axıb gedən, davam edən həyatın bir fraqmentindən başlayır. İxtiyaridirmi bu fraqment? Həm hə, həm də, yox. Dünya ədəbiyyatına baxın – çeşid-çeşid hekayələrə - ilk cümlə bu adilik stixiyasını elə bir “lisanda” təqdim edir ki, təhkiyə boyu bu, janrın “dilinə” çevrilir. Adilikdən daha sonra kəskin, həyatın ən son, ən gərgin sərhəddi nişan verilir.

Amma həmin istənilən nötqə bütün hadisələr və hekayənin janr koordinatları üçün müəyyənləşdirici rol oynayır. Hekayədə Emil öz ad gününə tələsir. Yolda dəhşətli tıxac var. Niyyəti nədir- uşaqlıq dostları və digər dostları ilə oturub keflənmək, iyirmi doqquz yaşın sərhəddini sərxoş halda keçmək. Amma yolda qalıb. Tıxac açılana yaxın məlum olur ki, iki avtomobil qabaq-qabağa toqquşub, hər iki sürücü ölüb. Adi, bəlkə, hər gün baş verən hadisələrdəndir. Mənzərəsə ürək bulandırmaq səviyyəsində dəhşətdir.Əsəblərin nə qədər möhkəm olur-olsun, bu insan mənzərələrini görüb sakit qalmaq çox çətindir. Qəza. Qəribədir: həm baxa bilmirsən, çünki sənin o dəhşətdən ürəyin qopa bilər, başın çatlayar, həm məcburən irəli getməli olursan. Bu nöqtə hər şeyi dəyişdirir. Hekayənin mənasını, təqdim etdiyi mənanı səciyyələndirən cümlə: “Yuxuya getməyi çox çəkmədi. Ayılanda isə qonaq otağından hələ də musiqi və gülüş səsləri gəlirdi. Ona elə gəldi ki, yatmamışdan əvvəl həyat haqda nəsə çox vacib, həlledici bir qənaətə gəlmişdi. Gözlərini qaranlığa zilləyib nə qədər fikirləşsə də, bu qənaətin nə olduğunu xatırlaya bilmədi”.

Babək Məmmədli:

"Hekayədən qalan təəssüratlarımı klaviaturaya döyəcləməzdən əvvəl başqa bir subyektiv fikrimi bölüşməyi daha vacib bildim. Düşünürəm ki, uzun illərdir fəaliyyət göstərən, bu illər ərzində ədəbiyyatsevərlərin doğma ünvanına çevrilməyi bacarmış "Kulis" platformasının işçi heyəti "hekayə müzakirəsi" kimimüstəsna əhəmiyyətli bu layihəyə yazıçıları yox, ədəbiyyat tənqidçilərini cəlb etsələr, bu müzakirələrdən həm ədəbiyyat qazanclı çıxardı, həm də ədəbi tənqidimiz funksionallığını bərpa etmiş olardı. Hə, xoşməramlı təşəbbüs kimi bir az da irəli gedib, oxucunun dad reseptorlarını məmnun etmək istəsələr, o zaman onların "gözünə" intellektinə və səmimiyyətinə güvənə biləcəyimizbir-iki yazıçı da qatmaq olar. Ancaq, bu işi sırfyazıçıların ixtiyarına verməyi birmənalı olaraq doğru saymıram. Çünki içi özümqarışıq, bu adamların az qala hamısı bir-birilə nə vaxtsa görüşüb, heç olmasa bir pivə içiblər, badələr cingildədib, boğazdan yuxarı təriflər söyləyiblər ünvanlarına. Və ya əksinə; istedad qısqanclığı zəminində "tutaşıblar". Ona görə də bu cür məsuliyyətli məsələni bu adamlara qətiyyən etibar etmək olmaz. Qərəzli və yersiz, ehtiyatsız söylənmiş hansısa tənqidi fikir təzə-təzə "day durmaq" istəyən gələcəyin istedadlı bir yazıçısının ümidlərini, xəyalını, nəhayət, özgüvənini termus şüşəsi kimi çilik-çilik edə bilər və bir daha bərpası mümkün olmaz. Bu qəbildən şişirdilmiş tərifi də istisna etmirəm. Yaxınlarda saytın baş redaktoru Ulucay Akifə təklif etdim ki, bu müzakirələrin obyektivliyini və şəffaflığını artırmaq üçün müəllifin imzasını anonim saxlayıb, müzakirəyə verməkləri daha çox oxucu qazandıra bilər. İncəvara, onun da ağlına batmışdı, görünür, yadından çıxıb.

Mövzudan uzaqlaşdığım üçün hamınızdan üzr istəyib, qayıdıram hekayədən qalan təəssüratlara.“Ürəkbulanma” Əli Zərbəlidən oxuduğum ikinci hekayədir. İlk oxuduğum “İtmiş sözlərin izahlı lüğəti” hekayəsinibəyənməmək bir yana, heç yarıya kimi oxuyabilməmişdim, beynim burxulmuşdu. Hekayə oxu həvəsimi o gün necə perik salmışdısa, buna əllaməçilikdən başqa ad tapa bilməmişdim. Tədricən əsəbim soyuyandan sonra bunu üslub axtarışlarına, fərqli görünmək ehtirasına yozub, qəlbimdə gənc yazıçıyla barışmışdım. Bu gün oxuduğum hekayəsi haqqında isə tamam fərqli qənaətdəyəm. Dünya ədəbiyyatına "Səs" və “Küp” kimi gözəl hekayələr bəxş etmiş italyan yazıçı Luici Pirandellonun hekayə haqqında olduqca qısa, ancaq, dolğun bir fikri var: “Yazacağın hekayə oxumaq istədiyin hekayə olmalıdır”. Hədəfə tuşlanmış bu dəyərli fikrə söykənib: “Yazacağın hekayə həm də oxuya bildiyin hekayə olmalıdır, içindəki nə olur-olsun”, - desək, qələt etmiş olmarıq, məncə.

Mətndə maneəsiz, rahat oxunmanı təmin etmək mənim üçün prioritetdir. Bu mənada Əli Zərbəli vacib hesab etdiyim bu məsələnin öhdəsindən uğurla gələ bilib. Hekayənin dili rəvandır, təhkiyəçi təmkinlə bütün xırdalıqlara işıq sala bilib. Hətta tıxacın tüstüsü, boğanağı məni də vurdu. İşdə oturduğum yerdə tıxaca düşmüş kimi tıncıxdım da. Bu mənada hekayə günümüzlə səsləşir, realdır, canlı və diridir. Müəllif sona qədər oxucunu mətndən qopmağa qoymur. Elə bilirsən, sonda nəsə bir "partlayış" olacaq. Hekayə haqqındakı pozitiv qənaətlərim, deyəsən, elə bununla məhdudlaşır və keçid edirəm qüsurlara.Əvvəlcə onu deyim ki, hekayənin ötürmək istədiyi mesajı yoxdur, ya da müəllif işləyə bilməyib o yerini. Bu, problem deyil, əlbəttə. Hekayənin xüsusi vurğusu, mesajı olmaya da bilər. Mənə görə hekayənin əsas problemi müəllifin qəhrəmanın obrazını verə bilməməsidir. Yəni mən küçədə, ya məclisdə bu qəhrəmanla rastlaşsam, heç bir əlamətindən onu tanıya bilməyəcəm. Hə, ola bilsin ki, yanımda qusub batırsın, ya da ölüdən, qandan qorxduğunu desin, o halda şübhələnə bilərəm ki, bu oğlan Emil ola bilər. Digər bir problem müəllifin azca da olsa, bizi o bozluğun əlindən ala bilməməsi və ya bunu bilərəkdən istəməməsidir. Sanki dostumuz ürəyimizi bulandırıb bizi qusdurmağı qarşısına məqsəd qoyub; hekayəni monotonluqdan nəinki xilas edə bilməyib, buna heç cəhd də etməyib. Monoton demiş, bu yerdə başqa bir istedadlı gənc yazıçı Ayxan Ayvazın "Monoton" hekayəsini nümunə çəkməyim yerinə düşür. Ayxanın "Monoton"unda kolorit var, bu monotonluq, sayalıq səni sıxmır.

Əli Zərbəlinin yerinə mən olsaydım, ad gününü qeyd edən Emili və dostlarını o binanın içindəki mənzilə yığıb içirtmək yerinə, dostunun Bilgəhdəki bağ evinə yığardım. Kafedən alınmış o soyuq lülələrin yerinə də bir qazan yarpaq dolması bişirtdirib qoyardım qabaqlarına, yanında da qatığı, qoy kef eləsinlər. O iştahaçan dolmalar, ağ köpüklü ləpələrin səsi, üzüm talvarının həzin xışıltısı, az da olsa, oxucunu toxdadardı. Yox, illah da qəhrəmanın qusmağını stimullaşdırmaq istəmişdisə, axşam çıxardardı həyətə, dənizdən əsən leş qoxusu mədəsini bulandırıb iki dəqiqəyə qusduracaqdı, vəssalam. Yox, əgər Bilgəh uzaqdısa, ondabu məclisi şəhərin mərkəzindəki estetik,qədim binaların birinə salar, axşam çıxıb evinə getmək üçün taksi gözləyən Emili də "habibi, habibi" deyib ərəb turistlərinə girişən "gecə kəpənəkləri"inin ətrafa yayılan o idbar ətir qoxusunaqusdurardım; ağzından diri-diri düşən o dolmalara isə Bakının donuq adamlarının laqeydliyindən dərisi belinə yapışmış yiyəsizit-pişiyi qonaq edərdim, heç təmizləməyə də ehtiyac olmasın. Yoxsa mətni oxumuşam, fikrim qalıb dostunun evində ki, Emilin qusuntusunu indi kim təmizləyəcək, görən?

Son olaraq, bayaq yuxarıda dediyim kimi, müəllifin məqsədi oxucunun ürəyini bulandırmaq idisə, onda onu təbrik edirəm, məqsədinə çata bilib. Şəxsən, o uşağın ad günündən mənə düşən ürəkbulanma oldu.

Şübhəsiz ki, Əli Zərbəli yazıçıdır, həm də istedadlı və hazırlıqlı yazıçıdır. İnanıram ki, yeni işıq üzü görən kitabında (fürsətdən istifadə edib müəllifi təbrik edirəm) daha gözəl hekayələrinə rast gələcəm. Uğurlar diləyirəm, gənc dostumuza...".

Samirə Əşrəf:

"Mən Əli Zərbəlinin yaradıcılığı ilə ilk dəfə tanış oldum, əvvəllər ondan heç nə oxumamışdım. Düşünürdüm ki, oxumalıyam, çünki son dövrlərdə yazan gənclərdən biri də odur. Əslində, yaxşı fürsət oldu. Əli bəyin təsvirləri, müşahidəsi, müəyyən mənada, təcrübəsi də əsas verir ki, bu mətnə nəsr əsəri deyə biləsən. Oxuyan kimi müəllifin dünən-srağagün başlamadığı hiss olunur, müəyyən təcrübəsi və bazası var. Amma hekayə ümumilikdə mənim ovqatımda olan hekayə olmadı. Süjet düz xətlə davam edir, heç bir ziq-zaq yoxdur. Mənə elə gəlir ki, sonluğu da uğurlu deyil. Bu hekayəni oxuyanda Kamyunun “Yad” əsəri yadıma düşdü, düşündüm ki, qəhrəman mətbəxdən bıçaq götürüb dostlarından hansınısa öldürə və yaxud yaralaya bilər. Çünki o, gördüyü hadisənin şokundanmı deyim, effektindənmi deyim, bəzən deyirlər e, “əsəbləri zəif olanlar baxmasın”, o əsəbi zəifliyindənmi deyim, fikirləşdim ki, hər hansısa bir ağlasığmaz hərəkət edə biləcək vəziyyətdədir. Amma yazıçı tamam başqa bir yol tutdu. Daha sakit, daha aşağı templi formada davam etdirdi və bitirdi hekayəni. Yazıçıya “bunu yaz, onu yaz” demək olmaz. Görünür, Əli bəyin müəyyən bir ideyası olub, o ideyanı çatdırmaq, o ideyadan qurtulmaq istəyib. Ümumilikdə, uğursuz mətn hesab etmirəm, amma uğurlu hekayə də hesab etmirəm. Ortabab bir hekayədir. Yenə deyim, müəllifin təsvirləri, müşahidəsi, dilinin rəvanlığı, hadisəni ardıcıllaşdırması çox xoşuma gəldi. Hiss olunur ki, peşəkar adamdır. Amma hekayə mənə xoş təsir bağışlamadı. Bəlkə də, bu ovqat məsələsidir. Bütün hallarda, uğurlar arzu edirəm.".

Alpay Azər:

"Əli Zərbəlinin bundan öncə yazdığı hekayələrlə müqayisədə, “Ürəkbulanma” mənə nisbətən zəif mətn təsiri bağışladı. Hekayə məlum sxem üzrə gedir, dramatik gücü o qədər də yoxdur, yəni əhvalatçılıq elementi nəsr elementini üstələyir. Əsas obrazın maşın qəzası nəticəsində gördüyü dəhşətdən sonra dostlarının onunçün keçirdiyi ad günündə keçirdiyi hisslər, ad günündə baş verənlər fərqli detallarla verilsəydi, hekayə uğurlu alına bilərdi. Əlinin istedadına bələd olduğumçün, yenə də uğurlu hekayələr yazacağına əminəm".

Çəmənzəminli

Rəvan Cavid:

"Məmnuniyyətsizliyin, məqsədsizliyin, yorğunluğun, bezmişliyin və situasiyanın ürəkbulandırıcı heçliyi haqqında hekayə. Qusmaq haqqında mətn. Bizim ədəbiyyatımızda bu cür adidən adi şeylər haqqında çox az hekayə var. Belə hadisə mətnlərinin babası Çexov, atası Kortasardı. Əlinin hər iki usta müəllifə hakim olduğunu bilirəm. Hər iki üslubun bizim dildə proyeksiyasını çox yaxşı qurub. Ümumiyyətlə, Əlinin bütün hekayələri sadə situasiyaların bizə məlum tərəflərini göstərir. "Ürəkbulanma"da xüsusi alt qat, üslub, fəlsəfə axtarmağa dəyməz. Hekayəyə bir anın güzgüsü kimi baxıb qiymətləndirmək kifayətdir".

Избранный
88
kulis.az

1Источники