RU

Övladının müəllimini öldürüb evinə od vurdu – Şok təfərrüat 

CİNAYƏT İŞİ


Qısa arayış…

26 may 2022-ci ildə Bakının Qaradağ rayonunda 1961-ci il təvəllüdlü Xuraman Həsənova öldürülüb və onun yaşadığı ev yandırılıb. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.


Məlum olub ki, hadisə Yunis Mirzəyev küçəsi, ev 4, mənzil 14-də baş verib. Mərhum Xuraman Həsənova 139 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyib.


Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də şübhəli şəxs qismində 1985-ci il təvəllüdlü Orxan Novruzov saxlanılıb.

Referans.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.


İstintaqla müəyyən edilib ki, mayın 25-i saat 21 radələrində Orxan Novruzov yeznəsi Şahin Allahverdiyevə kimin evinə getməsini söyləməyərək, onu avtomobillə Xuraman Həsənovanın yaşadığı ünvana aparmasını xahiş edib. Orxan Yunis Mirzəyev küçəsindəki 4 saylı binanın qarşısında Şahinə ona gözləməsini deyib və 3-cü mərtəbəyə qalxıb. Evə daxil olandan sonra o, mətbəx otağından götürdüyü bıçaqla qadına xəsarətlər yetirib. Zərbələrin təsirindən üzü üstə yerə yıxılmış Xuraman Həsənovanı boğaraq öldürüb. Qadının öldüyünü görəndən sonra, üzərində və evində olan ümumilikdə 8100 manat dəyərində olan 3 ədəd qızıl boyunbağını, 2 cüt qızıl sırğanı, 1 ədəd qızıl bilərziyi, 2 ədəd qızıl üzüyü və sair qiyməli əşyaları talayıb. Bundan sonra, cinayətin izini gizlətmək məqsədi ilə otaqdakı geyim paltarlarını yandıraraq, evdən qaçıb. Törətdiyi yanğınla Orxan Novruzov mənzilə ümumilikdə 19.000 manat dəyərində, eləcə də həmin evin döşəmə qatının tamamilə yanması ilə əlaqədar qonşuluqda yaşayan Murad Muradova 8.880 manat dəyərində ziyan vurub.

İş üzrə dindirilmiş Orxan Novruzov bildirib ki, 2009-cu ildə Bəxtiniso Sayfiddinnova ilə ailə həyatı qurub, nikahlarından iki övladları dünyaya gəlib. Lökbatan qəsəbəsində yerləşən marketdə işləyib. Xuraman müəllimə tez-tez həmin mağazaya gələrək, alış-veriş edib:

“Tanışlığımız həmin vaxtdan yaranıb. Bir müddət sonra övladım Xuraman müəllimənin sinifinə qəbul olundu. 2022-ci ilin yanvar ayında arvadımın müalicəsi ilə əlaqədar Rusiyaya getdik. Orda olduğum müddətdə Xuraman Həsənova ilə “Whatsapp” tətbiqi ilə əlaqə saxlayırdım. Mayın 25-i səhər saat 4 radələrində Bakıya qayıtdım.


Bacımın əri Şahin Allahverdiyev şəxsi istifadəsində olan “Daewoo Nexia” markalı avtomobillə hava limanına gələrək bizi qarşıladı. Həmin gün axşam Şahindən xahiş etdim ki, məni Xuraman müəllimənin yaşadığı 5 mərtəbəli binanın yanına aparsın. Şahinə kimin yanına və hansı məqsədlə getməyimi demədim. Avtomobildən düşəndə qohumuma 20 dəqiqəyə gələcəyimi bildirdim. 2-ci bloka girib 3-cü mərtəbəyə qalxdım və təxminən 10 dəqiqə sol tərəfdə yerləşən evin qapısını döydüm. Qadın qapını açandan sonra, arxasınca dəhlizə, ordan da qonaq otağına daxil oldum”.

Orxan Novruzov

Sonra su içmək bəhanəsi ilə mətbəxə keçdim və məişət təyinatlı bıçağı götürüb, qadının yanına qayıdıb. Otaqda, iki kreslonun arasındakı jurnal stolunun üzərindən plastmas qapağı olan 100 qramlıq dərman qabını götürüb Xuraman Həsənovanın üzünə doğru atıb. Amma qadın cəld üzünü yana çevirdiyi üçün qab onun çənəsinə, sonra da qapıya dəyərək, sınıb:


“Xuraman Həsənova məni söyüb getməyimi tələb etdi və üstümə gəldi. Bıçağı çıxarıb zərbə vuranda sol qolunu yuxarı qaldırıb qabağa verdiyi üçün kəsici alət, səhv etmirəmsə, onun qoluna batdı. Bıçağın qadın başqa hansı nahiyəsinə dəyməsini xatırlamıram. Sonra bıçağı paltarların üstünə atdım. Üzü üstə yerə yıxılan Xuramanın çiynindən tutub möhkəm itələdim. Səsinin çıxmadığını görüb bərk qorxdum. Əvvəllər cüdo idman növü ilə məşğul olduğuma görə boğucu fənd işlədərək onu boğub öldürdüm.


Belə ki, həmin boğucu fəndlə istənilən insanın xırıldamadan nəfəsi kəsilir. Xuraman Həsənovanı öldürəndən sonra evi yandırmaq qərarına gəldim. Qadının ütüləmək üçün hazırladığı paltarlara alışqanla od vurdum. Yandırdığım paltarlar meyitdən təxminən 1 metr yarım aralıda idi. Evdən çıxmaq istəyəndə, gözüm qadının telefonununa sataşdı. Onu da götürüb, alovlanmış paltarların içinə atdım ki, yanıb məhv olsun. Evdən çıxıb, aşağı düşəndə arxadan Xuraman Həsənova ilə üzbəüz mənzildə yaşayan rus milliyətindən olan qadının “niyə səs-küy salırsan” sözlərini söyləməsini eşitdim. Həyətə düşüb qaçaraq yeznəmin maşınına oturdum. Ona “qabaqdan sağa dönüb zibbilliyin yanında saxla, pəncərəyə baxım” dedim. Şahin pəncərəyə baxmağımın səbəbini soruşanda “qapını döydüm açmadı, baxıram görüm evdədir, yoxsa yox” söylədim. Avtomobilin salonundan boylanıb baxanda, mənzilin hələ alovlanmadığını gördüm. Sonra yanacaq doldurma məntəqəsinə, ordan da evə getdik. Törətdiyim hadisə barədə təbii ki, heç kimə heç nə danışmadım”.

Hadisə olan ev

Növbəti gün arvadı və uşaqları ilə birlikdə Mehdiabad qəsəbəsində yerləşən evlərinə gediblər. Günorta saatlarında polis əməkdaşları yeznəsinə zəng edib maşınının yanacaq çəninin yerində qapaq olub-olmaması ilə maraqlanıblar:


“Bundan sonra Şahin mənimlə əlaqə saxlayıb “qəsəbədə nəsə olub, ola bilsin polislər “Nexia” markalı maşın axtarırlar” dedi. 2-3 saatdan sonra Şahin ailəsi ilə bizə gəldi. Məndən “dünən getdiyi binada hansı mərtəbəyə çıxdığımı?” soruşdu. Yeznəmə “biz ora axşam getmişik, hadisə isə səhər olub, narahat olma” söylədim. Ona qədər artıq qardaşım Əflatundan Xuraman Həsənovanın evinin yanmasını eşitdim. Öz növbəmdə qardaşıma da həmin binada yaşayan Aydın adlı dostu məlumat verib ki, Xuraman müəllimənin evi qazdan partlayıb, özü isə reanimasiya yerləşdirilib. Həmin gün Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən evdə saxlanıldım. İdarədə nəyisə gizlətməyin mənasının olmamasını başa düşərək, törətdiyim cinayəti etiraf etdim”.

Xuraman Həsənova

Zərərçəkmiş şəxsin hüquqi varisi Nüşabə Novruzova ifadəsində göstərib ki, mərhum Xuraman Həsənova onun anası olub. Lökbatan qəsəbəsində yaşayıblar:


“Təxminən 3 il olar ki Orxan Novruzovu tanıyırdıq, ailəvi evimizə gediş-gəlişi vardı. Orxanın uşaqları anamın sinfində oxuyurdular. 2022-ci il mayın 18-də atamla ilə anam Tükiyəyə, mənim toyuna gəlmişdilər. Bir həftədən sonra Bakıya qayıtdılar. Mayın 25-i saat 20 radələrində “Whatsapp” mobil tətbiqi ilə anamla danışdım. Ayın 26-da səhər qardaşım zəng edərək anamın öldürüldüyünü xəbər verdi. Bununla əlaqədar növbəti gün Bakıya gəldim. Öyrəndim ki, anamı Orxan Novruzov qətlə yetirib. Anamı axırıncı dəfə görəndə üzərində 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa qulağında, bir cütü isə çantasında olub. Yanğın nəticəsində evdə olan əşyaların çoxu məhv olub, yanmayanlar isə yararsız vəziyyətə düşüb”.

Zərərçəkmiş Murad Muradov ifadəsində göstərib ki, Yunis Mirzəyev küçəsi, ev 4, mənzil 12-də valideynləri ilə birlikdə yaşayır:

“Qonşum Xuraman Həsənova Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli orta məktəbdə müəllimə işləyirdi. Xuraman müəllimə səmimi, mehriban insan idi. Mayın 26-da binada yaşayan qonşulardan biri anama zəng edərək Xuraman Həsənovanın evinin yandığını xəbər verdi. Saat 10 radələrində evə çatanda, artıq yanğın söndürülmüşdü. Öz mənzilimizə ciddi zərər dəydiyini gördüm. Daha sonra qonşumun Orxan adlı tanışı tərəfindən öldürüldüyünü və evinin yandırıldığını bildim”.


Şahid qismində dindirilmiş Şahin Allahverdiyev bildirib ki, qaynı Orxan Novruzovun Xuraman müəllimə ilə ailəvi yaxın münasibəti olması, birlikdə istirahətə getmələri barədə onun məlumatı olub:


“Hadisədən bir neçə ay əvvəl Orxan arvadının xəstəliyi ilə əlaqədar Rusiyaya getmişdi. Mayın 25-i səhər saat 4 radələrində hava limanına gedərək Rusiyadan qayıdan Orxanı, arvadı Nisəni və uşaqlarını qarşıladım və yaşadığım Lökbatan qəsəbəsi, 1-ci massivindəki evə gətirdim. Həmin gün axşam Orxan onu qəsəbədə bir ünvana aparmağımı xahiş etdi. Birlikdə, Qaradağ rayon hərbi komissarlığından yuxarıda yerləşən 5 mərtəbəli binanın həyətinə daxil olduq. Maşından çıxan Orxan 20 dəqiqəyə gələcəyini dedi.

Təxminən yarım saadan sonra qaynım qayıtdı. Səhərisi gün Orxanı və ailəsini Mehdiabada apardım. Günorta polis əməkdaşı mənə zəng edərək, maşınımın markasını və rəngini soruşdu. Sonra məni bölməyə dəvət etdi. Orxan mənə həmin binaya kimin evinə getməsi və orda nə baş verməsi barədə məlumat verməmişdi”.


Şahid Abbas Novruzov bildirib ki, 2010-cu ildə məhkəmə yolu ilə arvadı Xuraman Həsənova ilə boşanıb:


“2022-ci il mayın 26-ı səhər saat 6 radələrində köhnə qonşularımdan biri mənə zəng edərək, keçmiş arvadımın yaşadığı mənzildən alov çıxdığını xəbər verdi. Ora çatanda artıq yanğın söndürülmüşdü. Növbəti gün, Xuramanın Orxan Novruzov tərəfindən öldürüldüyünü bildim”.


Məhkəmə iclasında Orxan Novruzov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, hadisə baş verən gün Xuraman Həsənovanın evinə gedib, amma sonra sağollaşaraq çıxıb və növbəti gün ailə üzvləri ilə Mehdiabad qəsəbəsinə yollanıb. Həmin gün polis bölməsinə çağırılıb. Orxan istintaq zamanı verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib. O, zərərçəkmişə məxsus qızıl əşyaları götürmədiyini və od vurub, yaşayış sahəsini yandırmadığını bildirib. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.


Məhkəmə nəticəyə gəlib ki, Orxan Novruzovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2-ci ( əmlakı qəsdən məhv etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Novruzov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.


Избранный
2555
4
referans.az

10Источники