RU

Elxan Abdullayev: “Təəssüf ki, 19 yaşlı uşağa futbol oynamağı öyrədirik” (MÜSAHİBƏ)

Azərbaycanın U-19 komandası İspaniyada üç yoxlama oyunu keçirdi. Komanda burada Niderlanda (0:3), Uelsə (0:3) və Şotlandiyaya (0:2) uduzdu.

Millinin baş məşqçisi Elxan Abdullayev “FutbolPress“ə müsahibəsində uğursuz nəticələr və komandanın potensialı haqda danışdı:

– İspaniyada üç oyun, üç məğlubiyyət. Oyunları necə şərh edərdiniz?
– Üç rəqiblə oynadıq və məğlub olduq. Bu görüşlərin keçirilməsində əsas məqsəd Avro-2025-in seçmə mərhələsinə hazırlaşmaq, gücümüzü yoxlamaq idi. Buna görə güclü rəqiblər seçdik və oynadıq. Əfsuslar olsun, üç oyunu da uduzduq. Nəticələr sevindirici deyil, amma məqsəd özümüzü yoxlamaq, çatışmayan cəhətləri görmək idi.

– Hansı çatışmazlıqları görə bildiniz?
– Əsas göründü ki, fiziki cəhətdən çox uduzduq. Digərlərini danışmağa dəyməz. Fiziki baxımdan rəqibdən zəifsənsə, nə taktika, nə texnika kömək olar. Rəqib fiziki güclüdür, hər şeyi səndən tez edir. İşləmək lazımdır. Klublarda və millidə oyunçuları yaxşı formaya salmağa çalışacağıq. Qarşıda vaxt var, komandama inanıram.

– Avro-2025-də rəqibləriniz İrlandiya, İslandiya və Moldova olacaq. Şanslarınızı necə dəyərləndirirsiniz?
– Güclü rəqiblərdir. Şans yoxdur desəm, düz çıxmaz. Şans həmişə var. İrlandiya favorit hesab edilir, güclü komandadırlar. İslandiya və Moldova ilə oynamaq olar. Proqnoz verməyi xoşlamıram, futbolda müxtəlif situasiyalar, gedişatlar olur. Çalışacağıq ki, əlimizdən gələnin yaxşısını edib, nəticə qazanacaq. Ciddi hazırlaşacağıq və vuruşacağıq, hər komandada xal almağa çalışacağıq. Rəqiblərə hörmət edirik, onlardan qorxmuruq.

– Milli komandalarda oyunçu seçimi ilə bağlı narazılıqları olur, yəni, yerli bazarda yaxşı futbolçu tapmaq çətindir. Siz də belə problem yaşayırsınız?
– Əlbəttə, demək olar, hər mövqedə problem var. Ancaq olanımız budur, daha yaxşılaşdırmaq istəyirik. Hardansa gedib futbolçu gətirmək niyyətimiz yoxdur. Azərbaycanlı futbolçularla işləyib, yolumuza davam etmək istəyirik.

– Bu uşaqlar gələcəyin əsas yığmasını formalaşdıracaq. Potensial nəyə ümid etməyə imkan verir və neçə uşağı əsas komandaya namizəd görürsünüz?
– Proqnoz verə bilmərəm, noyabra az qalıb, hazırlaşırıq. Komandamızın Avro-2025-də nə edə biləcəyini görəcəyik. Əlimizdən gələni etməyə çalışacağıq. Bu heyətdən hardasa 3-4 oyunçu əsas yığmaya namizəddir…

– Gənclərin inkişafının qarşısını alan nədir? Nə üçün digər ölkələr inkişafdadır, amma bizdə əsas milli üçün gənclər yetişmir?
– Razıyam, amma bu sualı başqa adamlara vermək lazımdır. Uşaqlar aşağı yaşlardan inkişaf etməyə başlamalı, çoxlu turnirlərə getməlidirlər ki, praktikaları olsun. Kompleks işlər lazımdır. Uşaqlara təməldən nələrsə düzgün öyrədilməlidir. Mən U-19 komandasının baş məşqçisiyəm, mən bura gələnə futbol öyrətməli yox, nələrisə tələb etməliyəm. Təəssüf ki, 19 yaşlı uşağa futbol oynamağı öyrədirik.

– Vəziyyət yaxşı deyil, inkişaf üçün hansısa təklifləriniz olub?
– Əlbəttə, təkliflər var. Görək, necə olacaq.

– Heyətdə yer alan qapıçı Eldar Tağızadə İspaniyanın “Barselona” komandasının əvəzedicilərinə transfer edilsə də, sonra aşağı liqa klubu “Tudelano”ya icarəyə verildi. Onunla bağlı fikirləriniz nədir?
– Eldar daha əvvəl aşağı yaş qruplarında da oynayıb. Onu tanıyırıq, onun adına sevinirəm. İcarəyə verilsə də, yenə İspaniya çempionatında oynayır. Eldarın böyük potensialı var, ona inanıram. Sadəcə daha çox oynamalı və özünü yaxşı tərəfdən göstərməlidir.

Şahin Cəfərov

Избранный
131
1
futbolpress.az

2Источники