RU

Rusiya XİN: ATƏT DTİHB öz hesabatlarında ona verilən siyasi sifarişi yerinə yetirir

Rusiya

Moskva, 12 sentyabr, AZƏRTAC

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz hesabatlarında ənənəvi olaraq ona verilən siyasi sifarişi yerinə yetirir və sifarişçilərin ondan gözlədiyi rəy və nəticələri təqdim edir. DTİHB-nin, məsələn, Serbiya (dekabr 2023) və Azərbaycanda (bu ilin fevral və sentyabr) seçkilərlə bağlı hesabatlarında verdiyi qiymətləndirmələrdə bunu asanlıqla görmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.

“DTİHB, ilk növbədə, beynəlxalq seçki müşahidəsi institutu vasitəsilə suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün “kollektiv Qərb”in bir alətidir. DTİHB-nin bu ölkələrdə seçkilərin nəticələri ilə bağlı qiymətləndirmələri səsvermənin “yanlış” nəticəsi, qərblilərin gözləntilərinin yerinə yetirilməməsi və daxili vəziyyəti sarsıtmaq cəhdlərinin uğursuzluğu səbəbindən sözün əsl mənasında təzadla doludur”, -deyə diplomat bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, ölkədə seçkiqabağı vəziyyəti qiymətləndirən “aralıq hesabatlar” hakimiyyətlərə təzyiq üsullarından biridir.

Zaxarova qeyd edib: “Onları öz hərəkətlərinə görə heç bir məsuliyyət daşımayan muzdlu şəxslərin kiçik bir qrupu hazırlayır. Nəticə konkret ölkədəki real vəziyyətin əksi deyil, sifarişçinin müəyyən etdiyi mövzuya dair essedir, bunun iradə ifadəsinin legitimliyi ilə heç bir əlaqəsi yoxdur”.

Diplomat hesab edir ki, məhz bu qiymətləndirmələrlə DTİHB seçkilər ərəfəsində Gürcüstanda vəziyyəti qızışdırmağı planlaşdırır.

RF XİN-in rəsmisi vurğulayıb: “Büronun nəticələri və bəyanatları qeyri-obyektiv və qərəzli olaraq qaldığı müddətcə, ən yaxşısı onlara məhəl qoymamaqdır. DTİHB-i cəlb etmədən də beynəlxalq müşahidəçilərin dəvət edilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək mümkündür. Təcrübə göstərir ki, seçkilər onsuz da yaxşı keçə bilər və seçicilərin öz nəticələrinə inamı (məhz buna görə də müşahidəçilər dəvət olunur) zərər görməyəcək. Seçkilərin legitimliyi DTİHB qiymətləndirmələri ilə deyil, seçicilərin iradəsi ilə verilir və yalnız bununla müəyyən edilir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
112
2
azertag.az

3Источники