Ali məktəb imtahanlarını verərək, müsabiqə şərtlərini ödəyən əksər abituriyentlər adətən ixtisas seçimi zamanı Bakıdakı universitetlərinə üstünlük verirlər. Bəziləri müxtəlif səbəblərdən regionlardakı ali təhsil ocaqlarında oxumağa həvəsli olmur. Amma Qarabağ Universitetinin açılması bu yanaşmanın dəyişməsinə səbəb oldu. Bu il qəbul imtahanlarında yüksək bal toplayan xeyli abituriyent ixtisas seçimi zamanı Bakıdan uzaqda yerləşən Qarabağ Universitetinə üstünlük verdi. Qarşıdakı illərdə regionlardakı universitetlərin populyarlaşmasının şahidi ola bilərikmi?
Təhsil eksperti Elçin Süleymanov Modern.az-a deyib ki, universitetlərin paytaxtda və ya regionda yerləşməsi çox əhəmiyyəti olmamalıdır:
“Universitet yüksək ixtisaslı kadrları yetişdirən mərkəzdir və bu mərkəzdə əsas göstərici profesor-müəllim heyəti, infrasturukturdur.
“Regiondakı universitetlərə yüksək kefiyyətli professor müəllim heyəti cəlb etmək bir az çətin olur. Bunun üçün stimullaşdırıcı tədbirlər olmalıdır. Belə olduğu zaman orada təhsil kefiyyətilə fərqlənə bilir”.
Ekspert qeyd edir ki, son illərdə bu tendensiyanın müsbətə doğru dəyişdiyini qeyd etmək olar:
“Gəncədəki istər Texnologiya, istərsə Aqrar Universitet, eyni zamanda Naxçıvan və Lənkəran Universitetində maddi texniki baza, idarəetmə, professor-müəllim heyəti baxımından kifayət qədər müsbət irəliləyişlər oldu. İşğaldan azad olunmuş Xankəndidə açılan Qarabağ Universitetində, eyni zamanda Sumqayıt Dövlət Universitetində paytaxt univesitetləri ilə rəqabətə girə biləcək infrastruktur qurulub. Abituriyentlər üçün artıq universitetin yerləşdiyi məkan yox, onun maddi-texniki bazası, professor-müəllim heyəti, tələbələrə tədqim etdiyi xidmətlər daha əhəmiyyətlidir. Onu qeyd edim ki, hazırda Qarabağ Universitetinə kifayət qədər yüksək kefiyyətli müəllim heyəti cəlb edilib. Orada bir tələbənin özünü inkişaf etdirməsi, paytaxtdan daha cazibdir. Çünki orada hər bir tələbəyə kompüter hədiyyə olunur. Eyni zamanda dərsə gedib-gələrkən yolda vaxt itkisi baş verməyəcək, çünki tələbələrin qalması üçün yataqxana təşkil olunub. Orada tələbənin fikrini dağıda biləcək kənar təsirlər minumumdur. Yaşayış qayğısından uzaqdır, nəqliyyat qayğısından uzaqdır. Paytaxt universitetlərində təhsil alan tələbələr yollarda bəzən saatlarını itirsələr də, Qarabağ Universitetində oxuyan tələbə bu zamanı öz şəxsi inkişafı üçün sərf edə bilər. Artıq dünyada internet və online təhsil texnologiyaları o qədər inkişaf edib ki, region universitetləri dünyanın ən qabaqcıl professorlarını öz təhsil prosesinə qata bilir. Yəni internet olandan sonra region universiteti heç də paytaxt universitetindən geri qalmaz. Mən gələcəkdə iki universitetin - həm Qarabağ Universitetinin, həm də Sumqayıt Universitetinin reytinqlərdə yer alacağına və Azərbaycanın ən qabaqcıl universitetlərindən olacağına əminəm.
Ona görə də yüksək bal toplayan abituriyentlər təkcə ənənəvi universitetləri yox, alternativ olaraq regionlardakı universitetləri də seçə bilərlər. Bir universitet üçün ən əhəmiyyətli meyar birinci professor- müəllim heyəti, ikinci maddi-texniki infastruktur və üçüncü ondan faydalana biləcək səviyyədə yetkin olan tələbədir. Bu meyarların hər biri bir arada olduğu müddətdə yüksək kefiyyət ortaya çıxacaq”.
Gülarə Quliyeva