RU

İnflyasiya artıb: Maaş və pensiyalar yüksəlməlidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pərviz Heydərov yazır...
Hər il yay mövsümünün sonunda və payızın ilk ayı ərzində istehlak qiymətləri indeksi, yəni inflyasiya tempi sürətlənir, bahalaşma baş verir. Bu, özünü bəzən kəskin, bir sıra hallarda isə gizli büruzə verir. Cari ilin avqust ayında da eyni tendensiya nəzərə çarpıb.
2024-cü ilin avqustunda ötən ilin eyni ayına nisbətən 3.5%, o cümlədən qida məhsulları, içkilər, tütün məmulatları üzrə 3%, qeyri-qida məhsulları sarıdan 1.8%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrəsə 5.6% inflyasiya qeydə alınıb.
Ümumiyyətlə, ötən ay ərzində istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4%, bütövlükdə yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3% yüksəlib. Müqayisə üçün qeyd edim ki, iyul ayında isə sözügedən göstərici əvvəlki aya nisbətən 0.9, yanvar-iyul aylarında isə əvvəlki ilin eyni dövrünə nisbətən 1% təşkil etmişdi.
İlk baxışda temp elə də çox yüksəlməyib. Lakin payız faktorunun da yaradacağı təsir və təzyiqlər baxımından inflyasiyanın cüzi də olsa sürət əldə etməsi çox da adi hal kimi qəbul edilməli və qarşılanmalı deyil. Nəzərə almaq lazımdır ki, yayda yanacağın və internetin də qiymətləri qalxıb. Və xüsusən, yanacaq tariflərinə edilən məlum dəyişikliklərə əsasən yazmışdım ki, bu, təsirini dərhal deyil, payız aylarında göstərə bilər. Yəni, inflyasiyaya cüzi də olsa əlavə təkan yarana bilər.
Doğrudur, sosial aspektdə ortada hələ ki hər hansı bir ciddi mənfi reaksiya və rezonans müşahidə edilmir. Bu baxımdan, əhalinin gəlirlərinin artım tempi, dəqiq qeyd etsəm, orta aylıq nominal əməkhaqqı göstəricisi misal gətirilə bilər.
Belə ki, rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.3% artaraq 1002.4 manat təşkil edib ki, bu da ilk 8 ayın yekununa görə yuxarıda qeyd olunan 1.3%-lik inflyasiya səviyyəsindən yuxarı sayılır. İlin yanvar-iyun aylarında isə qeyd olunan göstərici 8.8% artaraq 1002.8 manat təşkil etmişdi. Görünən azalma ciddi deyil.
İlin sonuna ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisi bir az da yüksək olacaq. O baxımdan ki, qarşıda minimum əməkhaqqının artırılacağı söhbəti var və bu, əgər, cari ilin qalan dövrü ərzində baş verərsə, 2024-cü il üçün orta aylıq nominal əməkhaqqı göstəricisi 10%-dən çox artım nümayiş etdirəcək.
Lakin...
Əsas əhalinin xərclərinin strukturudur, başqa sözlə, pərakəndə ticarət şəbəkəsindən alınan mallara xərclənən mövcud vəsaitin ən çox məhz nəyə sərf olunduğu məsələsidir...
Rəqəmlərə diqqət yetirək: 2024-cü ilin ilk 8 ayında ölkə əhalisinin xərclədiyi vəsaitin 50.8%-i ərzaq məhsullarına, 4.5%-i içki və tütün məmulatlarına, 13.0%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5.7%-i avtomobil benzini və dizelə, 4.9%-i elektrik malları və mebellərə, 2.2%-i əczaçılıq ilə tibbi ləvazimatlara, 1.2%-i kompüterlər, telekommunikasiya və çap avadanlıqlarına, 17.7%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.
İlin ilk 6 ayı ərzindəsə pərakəndə ticarət şəbəkəsində ərzaq məhsullarına xərclənilən vəsait 50.6% təşkil etmişdi. Göründüyü kimi əhalinin xərclərinin strukturunda ərzağa xərclədiyi vəsaitin tutduğu həcm artıb.
Odur ki, əvvəlki yazılarımın birində də qeyd etdiyim kimi, ortaaylıq nominal əməkhaqqı göstəricisi, çox şeyi ifadə etmir və edə də bilməz. Birincisi, söhbət vergi və bütün növ sosial ödənişlərlə birgə əməkhaqqı fondlarının cəmindən, onun mövcud işçi sayına bölünərək alınan göstəricidən gedir. İkincisi isə, gizli məşğulluğun üzə çıxarılması nəticəsində əmək müqavilələrinin bağlanması sayı da ortaaylıq nominal əməkhaqqı göstəricisinə təsir edir. Yəni, bunu da nəzərə almaq vacibdir.
Ona görə də ortaaylıq nominal əməkhaqqı göstəricisi durmadan artsa da belə bu, istehlak qiymətləri indeksi üzrə mövcud tempə rəğmən, əhalinin sosial müdafiəsini daha yaxşı təşkil etmək tələbi sarıdan 2019-cu ildən başlanılan siyasəti davam etdirməyi əsla yubatmalı deyil, bunun üçün heç bir əsas yaratmamalıdır. Xüsusən də, sözügedən tempdə cüzi də olsa sürətlənmə qeydə alınıbsa...
Ümumiyyətlə, ortaaylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinin istehlak qiymətləri indeksindən yüksək olub-olmaması qeyd olunan məsələdə ciddi istinad mənbəyi sayıla bilməz. Sözün qısası, maaşlar və pensiyalar artırılmalıdır.
Избранный
203
50
oxu.az

10Источники