Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşları “İstisu” mineral su zavodunun idarəetmə sistemi və laboratoriyalarının, o cümlədən istehsal edilən məhsullarının yerli və beynəlxalq standartların tələblərinə uyğunluğunu izləmək məqsədilə müəssisədə olublar.
Bu barədə AZSTANDART-dan XQ-yə verilən məlumatda bildirilib ki, Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertləri laboratoriya şəraitində su qurğularının test edilməsi, ağır metalların sudan təmizlənməsi, təmizlənmiş suyun laboratoriya şəraitində yenidən yoxlanması, qablaşdırılması, hazır məhsulun standartın tələblərinə uyğun şəraitdə saxlanılması və istehlakçıya çatdırılması prosesi ilə tanış olublar.
Sonda AZSTANDART “İstisu” mineral su zavodunun idarəetmə sistemlərini ISO 9001:2015 və ISO 22000:2018 yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq sertifikatlaşdırıb. Bununla “İstisu” mineral su zavodunun istehlakçıya təqdim etdiyi təbii mineral suyun AZS 216–2006 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” standartına uyğun şəkildə sertifikatlaşdırılması təmin olunub.