RU

Xruşovun həyatını bir cümləyə sığdıranların intriqası

Üç azərbaycanlının olduğu, amma aralarında nəsə bir intriqa olmadığı barədə bircə dənə fakt göstərə bilsəniz, bir daha əlimə qələm götürüb yazı yazmaram.
Düzdür, 25 ildən çoxdur ki, qələmlə yazı yazmırıq, amma yenə də sözüm sözdür. Çünki əminəm: 3 azərbaycanlının olduğu yerdə intriqa, çəkişmə olmaması mümkün deyil. Napoleonun Müqəddəs Yelena adasında öldüyü yaşı adlamışam, əksini görməmişəm.
Ada demişkən, hətta üç azərbaycanlını aparıb kimsəsiz bir adaya atın, bir ildən sonra gedib görəcəksiniz ki, bir-birilə küsülüdürlər.
İki azərbaycanlının bir arada mehriban yaşamasında problem yoxdur, amma elə ki ortaya üçüncü, dördüncü, onuncu, yüzüncü, mininci girdi, sən ondan sonra gəl pəstəhaya, süpürləşməyə, öcəşməyə, qırğına bax.
Ona görə də millət haqqında pafoslu, bəlağətli postları, tostları qırağa qoyaraq, Vikipediyanın Azərbaycan seqmentinin idarəçilərinin, yəni “Azwiki” icması üzvlərinin arasında qovğaya diqqət edək.
Bu camiədə cəmi 15 nəfərdirlər, amma aralarında yekə bit intriqa var. Güman olunur ki, Azərbaycan türkcəsində olan bir çox məqalələr bu üzdən silinir.
Bu intriqa barəsində birinci şair Ramiz Rövşənin oğlu Rövşən danışmışdı, demişdi, bəzi icmaya sızan və qrup yaradan adamlar bəzi idarəçiləri səsvermə yoluyla burunlayıb icmadan çıxariblar, indi onu da uzaqlaşdırmaq niyyətləri var.
Sonra bu barədə internet və nyu-media uzmanı Osman Gündüz də danışıb, deyib ki, Vikipediyanın Azərbaycan idarəçiləri arasında kəskin qütbləşmə yaranıb, “tərəflər” formalaşıb.
Bax, indi o “tərəflər” ortalığa qazan qoyub zibil qaynadırlar.
Nəticədə, O. Gündüzün sözlərinə görə, məqalələrin silinməsi və ya redaktə olunması ilə bağlı narazılıqlar icmanın iadrəediciləri arasında müzakirə səviyyəsini aşıb, icma bu məsələni yoluna qoya bilməyib və narazılıqlar daha da kəskinləışib.
Biz buyuq, beləyik. 250 il əvvəl də beləydik: Azərbaycan adlanan məkanda 21 dövlət yaratmışdıq. Şübhəniz varsa, hamısının adını bir-bir sayım: şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları. Hələ bir İlisu sultanlığı da varmış. İndiciə Vikipediyada baxdım, bu səltənəti 1748-1762-ci illər arasında Alkaş bəy idarə edib.
“Vikipediyada baxdım” deyəndə yekə çıxır, mən İlisu səltənətinin 13 sultanı baradə qısa bilgini Anadolu türkcəsində gördüm, özümüzdə, yəni Azərbaycan türkcəsində bu xüsusda məlumat yoxdur. Başımız qarışıb intriqaya, nə belə məlumatları yazan var, nə də Vikipediyaya yerləşdirən.
Sən bu işi ver ermənilərə, gör nələr yazırlar. Vikipediyadakı rusca məqalələrdə erməni izi elə sezilir, yazını oxuyan kimi bilirsən ki, bunu erməni müəllif yazıb. Məsələn, Qırğızıstandakı İssık-göl haqqında məqalə oxuyursan, bir də görürsən ki, heç yeri olmadan belə qeydlər var: “İssık-göldə yaşayan qızıl balıqlar vaxtilə Ermənistandakı Sevan gölündən gətirilib”. Bir-iki abzas sonra baxırsan ki, İssık-gölün kənarında, dağların ortasında qədim erməni monastırı da varmış.

  Ermənilərin “erməni”ləşdirdiyi Suvorov
Yaxud məşhur rus sərkərdəsi Aleksandr Suvorov haqqında oxuyursan, görürsən, belə yazıblar: “Suvorovun anası Avdotya Feodosyevna Suvorovanın qızlıq soyadı Manukovadır… Suvorovun anasının soyadının erməni mənşəli olması (erməni Մանուկ – “manuk” – körpə, uşaq sözündəndir) haqqında fikirlər səslənir, lakin Manukovlar ailəsinin mənşəyi haqqında sənədli məlumat yoxdur”.
Al, sana vikimənbə. O boyda Suvorovu bir dəqiqənin içində erməni çıxardılarmı? İddiaya baxın: “Manukovlar ailəsinin mənşəyi haqqında sənədli məlumat yoxdur”, amma “erməni mənşəli olması barədə fikirlər səslənir”. Və o “səslənən fikirlər” gəlib adamın bioqrafiyasına salınır.
Minlərlə bu cür sitat gətirmək olar. Bir xeylisinə heç fikir verən də olmur. Məsələn, Türkiyənin daha çox azərbaycanlılar yaşayan Qars şəhəri haqqında rusca axtarış verək. Ruscası belədir: Карс (тур. Kars; арм. Ղարս, ил. Կարս; азерб. Qars ili) — ил на северо-востоке Турции.
Anadolu və Azərbaycan türkcəsində isə göstərilir ki, Qars vilayəti Şərqi Anadolu bölgəsinin şimal-şərqində yerləşir. Vəssalam.
Ancaq buradan o nəticə çıxır ki, Qars haqqında rusca yazını ya erməni yazıb, ya da erməni redaktə edib və bu məqaləyə “erməni izi” pərçim edib. Çünki müəllif sonrakı abzaslarda Qarsı tamam erməniləşdirir: “Antik dövrdə müasir vilayətin ərazisi Böyük Ermənistanın Vanand rayonunun tərkibində olub. VIII əsrə qədər burada erməni Kamsarakan ailəsi hökmranlıq edib. 885-ci ildən birləşmiş Ermənistan çarlığının tərkibində, 963-cü ildən Qars erməni çarlığının vassalı olub”.
Bizimkilər də yığışıb fikirləşirlər ki, gəlin şairin oğlunu icmadan kənarlaşdıraq, öz əlimiz, öz başımız olsun.

Dərd bir bu deyil. Azərbaycan vikipediyası olduqca kasaddır. Məsələn, Nikita Xruşovun barəsində çox az məlumat var. 10 il SSRİ boyda dövləti idarə etmiş, yüzlərlə azərbaycanlı ilə ünsiyyəti olmuş adamın həyatını cəmi bir cümləyə sığışdırıblar: “Stalinin şəxsiyyətə pərəstişini tənqid etmişdir, ölkənin idarəetmə aparatında bir neçə demokratik reforma aparmışdır, SSRİ ilə kapitalist ölkələr arasındakı münasibəti nisbətən yaxşılaşdırmışdır, SSRİ və Çin arasında gərgin münasibət yaratmışdır, siyasi məhbusların böyük bir hissəsi bəraət qazanmışdır”. Vəssalam. Bir də eyzən “mışdır-mışdır”.
Bu mövzuda uzun yazardım, heyf ki, yer azdır. Vikipediya məqaləsi yazanlar üçün isə yer məhdudiyyəti yoxdur. Yazmaqları o tərəfə dursun, barı yazılanları silməsinlər.
P.S. Üç erməni də bir araya gələndə oturub tarixi saxtalaşdırır.
Samir SARI

Избранный
55
arantv.az

1Источники