Azərbaycanda nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür
Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların maksimum məbləğinə məhdudiyyət qoyacaq düzəlişlər hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, bu qanunvericilik təşəbbüsü idarənin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, vergi orqanı dəyəri 7 min türk lirəsini (205 ABŞ dolları) keçən mal və xidmətlər üçün nağd ödənişlərə məhdudiyyət qoyulmasını zəruri hesab edir. Dəyişikliklər qəbul olunarsa, fiziki və hüquqi şəxslər müəyyən edilmiş həddən artıq məbləğdə ödənişləri nağdsız üsulla həyata keçirməlidirlər. Tələblərin pozulması alıcılar üçün cərimələrlə nəticələnə bilər. Təşəbbüsdə qanun pozucunun ən azı 5 min lirə (146 dollardan çox) və ya satınalma məbləğinin 10 faizini ödəməli olacağı nəzərdə tutulur.
Türkiyə hakimiyyət orqanlarının fikrincə, bu tədbir alıcı və satıcı arasında maliyyə münasibətlərinin şəffaflığını artıracaq, həmçinin vergilərin yığılması prosesini optimallaşdıracaq. Türkiyə rəsmiləri daha əvvəl qeyd edib ki, vergi idarəsi tərəfindən idarə olunmayan əməliyyatların payı kifayət qədər yüksəkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatın əsasən, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mərkəzi Bankın ötən ay təqdim etdiyi məlumata əsasən Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb. Bildirilib ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artıb.
Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə tətbiq edilməyə başlanacaq təcrübə dünyanın əksər ölkələrində tətbiq olunur. V.Bayramov xüsusilə Avropa ölkələrində nağdlı ödənişlərə limitlər tətbiq olunduğuna diqqət çəkdi: “İnkişaf etmiş ölkələrdə praktik olaraq qeyri-nağd ödənişlərlə bağlı hər hansı çətinlik yoxdur. Çünki vətəndaşların böyük əksəriyyəti qeyri-nağd ödənişlərdən istifadə edir. Azərbaycanda oxşar təcrübədən bütün sektorlar üzrə olmasa da, seçilmiş sektorlar üzrə istifadə olunur. Bir sıra sektorlarda nağd ödənişlərlə bağlı limitlər var. Bəzi sektorlarda, məsələn, məbləği nisbətən böyük olan alqı-satqılarda ödənişlər yalnız qeyri-nağd formada həyata keçirilə bilər. Mənzillərin alqı-satqısı da qeyri-nağd formada ola bilər. Məqsəd nağdsız ödənişlərin stimullaşdırılması və təşviq edilməsidir. Gələcəkdə bu sahədə islahatların dərinləşməsi vacibdir. Çünki xüsusilə ”ƏDV geri al” layihəsi ilə plastik kartlarla ödənişlərə maraq artıb. Nağdsız ödənişlərin həcmində artım müşahidə olunur. Bu tip inzibati hesab olunan mexanizm və meyarların tətbiq edilməsi də nəticə etibarilə nağdsız hesablaşmaların tətbiq edilməsinə və dəstəklənməsinə, eyni zamanda nağdlı hesablaşmaların həcminin azalmasına gətirib çıxara bilər. Ona görə də Türkiyədə tətbiq ediləcək praktikaya uyğun olaraq gələcəkdə Azərbaycanda da bu sahədəki islahatların həm sektorların sayının artırılması, həm də müəyyənləşdirilmiş limitlərə baxılması formasında genişləndirilə bilər”.
Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov nağd alışların 205 dollara qədər azaldılaraq limit tətbiq edilməsini birmənalı şəkildə yanlış qərar hesab edir. “Yeni Müsavat” açıqlamasında ekspert mövqeyini belə əsaslandırdı: “Bu qərarın arxasında dayanan əsas səbəb bütün alış-veriş prosesində pul dövriyyəsinə nəzarəti tamamilə gücləndirmək, eyni zamanda yığımları artırmaqdır. Buna şəffaflıq demək olar, amma bu eyni zamanda insan haqlarının pozulmasıdır. Birdən-birə 205 ABŞ dolları məbləğində məhdudiyyət doğru deyil. İqtisadiyyatı bu metodlarla inkişaf etdirmək mümkün deyil. ABŞ təcrübəsinə nəzər salsaq, 10 min ABŞ dollarından artıq nağd pul alan hər hansı şəxs əməliyyat haqqında rəsmi məlumat (arayış) təqdim etməlidir”.
O ki qaldı Azərbaycan təcrübəsinə, ekspert qeyd etdi ki, ölkəmizdə də nağd hesablaşmalarla bağlı müəyyən məhdudiyyətlər var: “Bu bilavasitə Azərbaycanda müvafiq ”Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasınının qanununun 3.3 maddəsi ilə tənzimlənir. ƏDV ödəyiciləri, və son 12 aylıq dövriyyəsi 200 min AZN-dən artıq olan, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bir kateqoriya üzrə bölünmüş və ay ərzində 30 min AZN-dən artıq olmamaqla ödənişləri nağd həyata keçirə bilərlər. Digər vergi ödəyiciləri isə, başqa sözlə desək, hər kəs ödənişləri ay ərzində 15 min manatdan artıq olmamaqla nağd həyata keçirə bilərlər. 15 min manat təxminən 8800 ABŞ dollarıdır. Bəzi sahələrdə, məsələn, kənd təsərrüfatı təyinatlı müəyyən məhsullar üçün məhdudiyyətlər tətbiq edilmir”.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. Bu ilin yanvar-avqust ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 410,6 min manat təşkil edib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта