Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri Kəlbəcərə səfərləri çərçivəsində sentyabrın 18-də Suqovuşan və Sərsəng su anbarlarında olublar.
AZƏRTAC xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Xarici qonaqlar səfər zamanı, həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu və digər əraziləri ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.