Bu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.
Publika.az xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.
Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"