RU

Sabunçu və Surxanı neftçiləri peşə bayramlarını “Abşeron: əsrlərin neft çırağı” adlı tədbirdə qeyd ediblər

Abşeronda neft və qaz hasilatı ilə məşğul olan bır sıra şirkətlər peşə bayramları – Neftçilər Gününü birgə qeyd ediblər.

“İki sahil” xəbər verir ki, Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakahani Oil”, “Azgerneft” və “Gulf Drilling” şirkətlərinin 300-ə yaxın əməkdaşı Bakı Gənclər Evində “Abşeron: əsrlərin neft çırağı” adlı tədbirdə ölkəmizin şanlı neft tarixini qürurla anıb, hasilat sənayesinin dayanıqlı gələcəyi barədə danışıblar. Neftçilərin bayramına həmçinin ictimai xadimlər, texniki ixtisasları tədris edən ali təhsil müəssisələrinin nümayəndələri və media üzvləri qoşulublar.

Tədbir Ulu Öndər Heydər Əliyevin Bakı Gənclər Mərkəzi qarşısındakı abidəsi önünə çiçəklərin qoyulması ilə başlayıb. Məhz onun əsəri olan ”Əsrin müqaviləsi”nin imzalanması gününə təsadüf edən Neftçilər Günündə Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, müstəqilliyinin möhkəmlənməsində əvəzsiz yeri olan neftçilərin yüksək əməyi qiymətləndirilir.

Həmkarları qarşısında çıxış edən qocaman fəxri neftçilər, texniki elmlər doktoru Şair Bəkirov, əməkdar mühəndis Telman Cəfərov Azərbaycanın iqtisadi suverenliyinin əsasını qoyan “Əsrin müqaviləsi”nin hazırlanması və imzalanması tarixinə nəzər salıblar. Bildiriblər ki, milli neft doktrinamızın başlağıc nöqtəsinin ərsəyə gəlməsi böyük çətinliklərdən keçib. Kövrək təhlükəsizlik vəziyyətində olan Azərbaycana xarici tərəfdaşlarda etibarın yaranması və sənəddə Azərbaycan xalqının uzunmüddətli milli maraqlarının təmsil edilməsi ayların ağır işi olub. Bu işdə şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik istedadının həlledici rolu var idi. “Əsrin müqaviləsi” ilə başlanan Heydər Əliyevin milli neft strategiyası bu gün Azərbaycanda fəaliyyət göstərən hasilat şirkətlərinin imkanlarını o zaman heç təsəvvür etmədiyimiz qədər genişləndirib.

Tədbirdə o da vurğulanıb ki, Azərbaycan neftçisi peşəsinə könül verən neçə-neçə oğulun adı həm də müasir qəhrəmanlıq salnaməmizə yazılıb. Təkcə, zalda təmsil olunan şirkətlərin əməkdaşları arasında 300-dən çox Vətən müharibəsi iştirakçıları var. Onların adından tədbirdə “Balakhani Operating Company LTD”nin neft və qazçıxarma sexinin ustası, Vətən müharibəsi iştirakçısı Rəşid Məmmədov çıxış edib, həmkarlarını mədənlərdə də dəmir yumruq kimi birləşərək Azərbaycana xidmət etməyə çağırıb.

“Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzyaev isə vurğulayıb ki, Azərbaycanın bu il BMT-nin COP29 konfransına ev sahibliyi etməsi hasilat şirkətlərinə əməliyyat proseslərinin iqlim dəyişikliyinin sürətini azaltmağa çalışan Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmalı olduğu barədə vacib xatırlatmadır. Onlar hasilatda innovasiya, səmərəli idarəetmə, ekoloji mühafizə standartlarını tətbiq etməklə ictimai rifahı irəli aparan sənayemizin “dayanıqlılığını” təmin etməlidir. Bu mənada Sabunçu və Suraxanı ərazisində fəaliyyət göstərən hasilat şirkətləri optimallaşdırma, yenidənqurma, ətraf mühitin mühafizəsi işlərini həyata keçirir və Prezident İlham Əliyevin elan etdiyi “Yaşıllıq naminə həmrəylik ili” çərçivəsində, eləcə də COP29-un yekun qərarları əsasında sürətlə davam etdirəcək. Rövşən Rzayev qeyd edib ki, iqlim dəyişikliyinin qarşını almaq üçün yeni həllər tapmaq tək şirkət rəhbərlərinin üzərinə düşmür. Hər bir heyət üzvü əməliyyatlarda daha səmərəli və mükəmməl fəaliyyət qurmaq barədə düşünməli, fikirlərini bölüşməlidir.

Tədbirin rəsmi hissəsinin sonunda bir qrup neftçi çalışdığı şirkətlərin fəaliyyətində xidməti və inkişafına verdiyi töhfələrə görə təltifnamə və hədiyyələrlə mükafatlandırılıblar.

Neftçiləri peşəkar bayramında Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov və muğam müsabiqəsinin qalibi Günay İmamverdiyeva konsert proqramı ilə təbrik edib. “Abşeron: əsrlərin neft çırağı” adlı tədbir Qarabağ şikəstəsinin ifası ilə yekunlaşıb.

Избранный
60
6
ikisahil.az

7Источники