RU

Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub

Moskva, 20 sentyabr, AZƏRTAC

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 103-cü iclası olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iclasda iştirak edib.

İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini, MDB İqtisadi Şurasının sədri Aleksey Overçuk sədrlik edib. Birlik ölkələri nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər.

İqtisadi Şuranın üzvlərinə qarşılıqlı ticarətdə maneələrin təhlili üzrə daimi fəaliyyət göstərən yüksək səviyyəli İşçi qrupunun fəaliyyətinin nəticələri barədə məlumat verilib. İclasda Nəqliyyat Koordinasiya Toplantısının fəaliyyəti ilə bağlı məlumatlara da baxılıb.

İclasda MDB ölkələri arasında mülki gəmiqayırmanın inkişafı və gəmi komponentlərinin istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinə baxılıb. Sazişin baxılması üçün MDB Hökumət Başçıları Şurasının iclasına təqdim edilməsi planlaşdırılır.

İqtisadi Şuranın üzvləri “Radioaktiv materialların transsərhəd daşınması haqqında” Sazişin həyata keçirilməsi üzrə tədbirlər Planını təsdiqləyib, bu sahədə dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlmiş nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində Əməkdaşlıq Memorandumunun layihəsini nəzərdən keçiriblər. Memorandumun baxılması üçün MDB Hökumət Başçıları Şurasının iclasına təqdim edilməsi nəzərdə tutulur.

Müzakirə edilən məsələlərin böyük hissəsi MDB orqanlarının maliyyələşdirilməsinə və Birlik çərçivəsində həyata keçirilən proqramlara aid olub.

İqtisadi Şuranın növbəti iclasının bu il noyabrın 29-da Moskvada keçirilməsi planlaşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
43
12
azertag.az

10Источники