RU

“Naxçıvan” üçün tanış baş məşqçi, klublarımızda yeni legionerlər

Azərbaycan Basketbol Liqasının 2024/2025-ci illər mövsümünə hazırlaşan “Naxçıvan” klubunda baş məşqçinin adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, komandaya türkiyəli Murat Dikmen rəhbərlik edəcək.

Ötən mövsümdə Liqada “Xəzri” kimi çıxış edən klubun adı “Naxçıvan”a dəyişib. Türkiyəli mütəxəssis məhz “Xəzri”yə başçılıq etdiyindən idman ictimaiyyətinə yaxşı tanışdır. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Güray Yıldız isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Komandada çıxış edən üç basketbolçu – Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov da klubla müqavilə müddətini uzadıb.

Xatırladaq ki, “Xəzri” ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medalına sahib çıxıb.

Çempionatın digər iştirakçısı “Neftçi” isə heyətinə 4 yeni legioner cəlb edib. Onların hamısı amerikalıdır. Yeni basketbolçulardan biri ötən mövsüm Finlandiyanın “Huima” komandasında çıxış etmiş 24 yaşlı Ayzah Luisdir. Digər yeni basketbolçu isə 198 sm boya malik Kevion Bleylokdur. 30 yaşlı hücumçu sonuncu dəfə Avstraliyanın “Albury” komandasının uğurları üçün çalışıb. 193 sm boya malik 25 yaşlı Bobi Harvi də yeni mövsümdən “Neftçi”nin uğurları üçün çalışacaq. O, son olaraq 2022-2024-cü illərdə Amerikanın “Portland State” klubunda çıxış edib. Daha bir amerikalı basketbolçu isə 25 yaşlı Brendon Saqzdır. 198 sm boya malik mərkəz hücumçusu ötən mövsüm Amerikanın “New Mexico State” komandasının şərəfini qoruyub.

Abşeron” da heyətini gücləndirməyə davam edir. Sözügedən klub Jaja Devislə mövsümün sonuna qədər müqavilə imzalayıb. Mərkəz hücumçusu mövqeyində çıxış edən basketbolçu son olaraq İrlandiya 1-ci divizionunda “Tolko Rovers”in şərəfini qoruyub.

Azərbaycan yığmasının basketbolçusu Hüseyn Məmmədov da “Abşeron”a keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Gənc oyunçu ötən mövsümü NTD-nin heyətində keçirib. 16 yaşlı Hüseyn U-16 və U-18 millimizin heyətində çıxış edir.

“Abşeron” daha bir basketbolçu ilə müqavilə imzalayıb. Son iki ildə bu komandanın şərəfini qoruyan Elçin Salmanzadə daha bir mövsüm “Abşeron”da çalışacaq. Basketbolçu atıcı-müdafiəçi (shooting guard) mövqeyində çıxış edir.

“Lənkəran” daha 3 basketbolçunu heyətinə qatdı

NTD klubu da Qalen Smitlə müqavilənin müddətini uzadıb. 25 yaşlı basketbolçu daha 1 il bu komandanın uğurları üçün çalışacaq. Smit ötən mövsümün ortasında Gürcüstanın “Kafkasiya” klubundan Bakı təmsilçisinin heyətinə qoşulub.

Heyətini gücləndirmən klublardan biri də “Lənkəran”dır. Sözügedən klub Mirməcid İsmayılov və Zumrat Ankbazovun keçidini rəsmiləşdirib. 195 sm boya malik olan Mirməcid ampluaca hücumçudur. 19 yaşlı basketbolçunun son klubu “Gəncə” olub. 195 sm boya malik Zumrat isə müdafiəçidir. Azərbaycanın U-20 komandasının üzvü olan Ankbazov son olaraq “Şəki”nin uğurları üçün çalışıb. Lənkəranın eyniadlı təmsilçisi heyətini amerikalı basketbolçu Maykl Rocerslə də gücləndirib. 26 yaşlı oyunçu 195 sm boya malikdir. O, “Feniks Kolleci” və “Okland Universiteti” klublarının formasını geyinib.

Quba” da növbəti transferi reallaşdırıb. Bölgə təmsilçisinin üçüncü transferi də Amerika Birləşmiş Ştatlarından olub. Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Simeon Jozef Kirklandla anlaşıb. O, qarşıdakı mövsümü “Quba”da keçirəcək. 1998-ci il təvəllüdlü basketbolçu artıq komandanın düşərgəsinə qoşulub. Kirkland karyerası ərzində “Southwestern” kolleci, “Alabama-Birmingham” universiteti, həmçinin “İverioni” (Gürcüstan) və “Primorye” (Monteneqro) kimi komandalarda oynayıb.

Gəncə”də də yeni basketbolçu var. Klub Elşad Şirzadovu heyətinə cəlb edib. Basketbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. 188 sm boya malik Şirzadov “sarı-göylər”in heyətində 10 nömrəli formada oynayacaq. Hücumçu mövqeyində oynayan 26 yaşlı basketbolçu son mövsümü NTD-də keçirib.

Şəki” isə heyətini Ceyhun Həsənli ilə gücləndirib. Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə “Sərhədçi”də çıxış edib. Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.

Sumqayıt” isə 40 yaşlı basketbolçunu transfer edib. Ötən mövsüm “Neftçi”də çıxış etmiş Aleksey Kitayev qarşıdakı mövsümdə sumqayıtlıları sevindirməyə çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb. Kitayev ötən mövsüm “Neftçi”nin heyətində 11 oyun keçirib və 24 xal toplayıb.

Избранный
116
arena.az

1Источники