RU

Zəngəzura hücum belə olacaq: İki dövlətin hərbi planı var

Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Ermənistana sülhlə bağlı son şərtlərini bir daha bəyan etdi. Referendum keçirilib Ermənistan Konstitusiyasında olan əsassız ərazi iddiaları aradan qalxmayınca sülhün mümkünsüzlüyü qeyd olunub...

- Prezident İlham Əliyev tərəfindən bəyan edilib ki, Ermənistan Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı əsassız ərazi iddialarına son qoyulmayınca, sülh müqaviləsi imzalanmayacaq. Əslində bu doğru yanaşmadır. Ölkə başçısının bu mövqeyi iki ölkə arasında münasibətlərin davamlı olması, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əməkdaşlığın yaranması və inkişafının qarantı kimi izah olunmalıdır. Məntiq də məhz buna söykənir. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Xalqlar arasında da sülh olmalıdır” fikri də həqiqətə əsaslanır. Çünki xalqlar arasında sülh olmasa, dövlətlər arasındakı sülh kövrək olur. İstənilən halda bu cür sülh müqavilələri pozulur, tərəflər arasında müharibə başlayır. Beləliklə, imzalanmış sülh müqaviləsi əhəmiyyətini itirir. Amma xalqlar arasında sülh, inam, etimad formalaşarsa, dövlətlərin imzaladığı rəsmi sülh sazişi də davamlı olar. Ona görə də, erməni xalqı referenduma gedərək Azərbaycana qarşı olan əsassız ərazi iddialarının öz konstitusiyalarından çıxarılmasına mövqeyini ifadə etməlidir. Bu halda iki dövlət arasında davamlı sülhə nail olmaq mümkündür.

- Zəngəzur dəhlizi ilə bağlı Moskva-Tehran gərginliyində bir qədər yumşalma müşahidə edilir. Tərəflərin mövqeyindəki yaxınlaşma dəhlizin açılması üçün nə dərəcədə təsirli ola bilər?

- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun son zamanlar İranla bu məsələ ətrafında apardığı müzakirələr də Kremlin strateji maraqlarına xidmət edir. Bu əslində heç də İrana hansısa güzəşti ehtiva etmir. Rusiya 200 ildən də artıq zaman kəsiyində İranın idarəçilik sistemində vacib rol oynayıb. Hətta zaman-zaman İranda baş vermiş inqilabların yatırılmasında Rusiya xüsusi yer tutub. Vaxtilə Səttarxan inqilabı və ondan sonrakı çevriliş cəhdlərinin qarşısının alınmasında Rusiya İrana çox ciddi və hərtərəfli kömək göstərib. Bu gün də İranla Rusiya arasında sıx əlaqələr mövcuddur. İqtisadi, siyasi, hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində İran istehsalı olan silahlar, dronlar geniş şəkildə tətbiq olunur. Ona görə də, Zəngəzur dəhlizi heç vaxt İranın düşündüyü halda həll edilə bilməz. Çünki burada həlledici söz sahibi məhz Rusiyadır.

- Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müəyyən prosedurların sadələşdirilməsindən danışıb. Sadələşdirilmiş prosedurlar dedikdə hansı anlayışlar nəzərdə tutulur?

- Ermənistanın baş naziri qeyri-ciddi açıqlamaları, bəyanatları ilə öz bioqrafiyasını zənginləşdirir. Ona görə də, Paşinyanın söylədiyi hər hansı fikrə ciddi yanaşmaq mümkün deyil. Bu baxımdan da, onun dəhlizlə bağlı mövqeyinin üzərində nə dərəcədə dayanacağını söyləmək çətindir. Amma bu Rusiyanın mümkün təsiri kimi də izah oluna bilər. Bununla yanaşı Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə olmağa çalışsa, Qərbin layihələrinə uyğun hərəkət etməyə başlasa şərtlər dəyişəcək. Beləliklə, Zəngəzur dəhlizi danışıqlar yolu ilə deyil, hərbi müstəvidə öz həllini tapacaq. Bunun üçün müəyyən əsaslar var.

- Zəngəzura hərbi müdaxilə üçün hansı əsaslar mövcuddur?

- 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddəalar öz əksini tapıb. Həmin müddəaların icrası üçün həm Rusiya, həm də Azərbaycan istənilən vasitədən istifadə etmək hüququna malikdir.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
23
1
teleqraf.com

2Источники