Böyük Britaniyanın enerji nəhəngi BP 2024-cü ildə Azərbaycanın ən böyük neft yatağı “Azəri–Çıraq–Günəşli”də hasilatı artırır. Bu barədə məlumat “Fitch Group”a aid olan “Fitch Solutions” şirkətinin hesabatında yer alıb.
Hesabatda qeyd edilib ki, bu artım ölkənin neft sektorunda uzunmüddətli struktur tənəzzülün qarşısını almayacaq. Belə ki, neft yatağının hasilatı son on ildə 50 faizdən çox azalıb. Bununla belə, yatağın Azəri–Mərkəzi–Şərq hissəsinə 6 milyard ABŞ dolları investisiya qoyulması Azərbaycanın istehsal və ixrac imkanlarına çox ehtiyac duyulan həcmləri əlavə edəcək.
“BP-nin sərmayəsi istehsal gücünü cari səviyyədən 25 faizə qədər artıracaq və hasilatın yaxın gələcəkdə gündəlik 24 min barelə yüksəlməsinə səbəb olacaq. Hasilatın hər il gündəlik maksimum 100 min barelə qədər artması nəzərdə tutulur. Müvafiq olaraq, biz ixracın 2023-cü ildəki 4,8 faizdən 2024-cü ildə 6,5 faizə və 2025-ci ildə 7 faizə yüksələcəyini gözləyirik” – deyə hesabatda bildirilib.