RU

“Hanı mənim övladlarım?”

Azərbaycandan kənarda yaşayıb xalqına şöhrət gətirən məşhur soydaşlarımız və repressiya qurbanları haqqında dəyərli kitab

“Odlar Yurdu” dediyimiz Azərbaycan mənim gözümdə daim yanan və çevrəsinə işıq, alov, qığılcım saçan bir ocaqdır. Qığılcım deyəndə mən taleyin və tarixin hökmü ilə Vətəndən qopub getmiş, uzaqlarda da yurdunun sönməz zərrəsi kimi yaşayan böyük şəxsiyyətləri nəzərdə tuturam. Bölünsə də, bəlli bölgələri qoparılıb əlindən alınsa da Azərbaycan ocağı heç zaman kül altında qaralıb sönməmiş, odunu, istisini azaltmamışdır. 

Şərq tarixi incələndikcə qollarımızın, yollarımızın hansı uzaqlıqlara yetdiyinə, dünya boyu necə çalın- çarpaz izlərimizin qaldığına heyrətimiz daha da artır. 

Bütün bunlar ayrıca araşdırma möv­zularıdır; öhdəsindən bir adamın gələ bil­məyəcəyi bir işdir. Bu iş gec-tez görülmə­lidir. 

Azərbaycandan uzanan elm, təhsil, axtarış, iş, şöhrət yolları ilə yanaşı, köç, sürgün, faciə yollarının yurddaşlarımızı atdığı uzaq ünvanlar öyrənilməli, yüz min­lərlə insanın tale kitabı açılmalı, yazılmalı, oxunmalıdır. 

Bu həm də Vətənimizin coğrafi hüdud­ları ilə yanaşı, nüfuz dairəsini doğru, düz­gün dərk etməyimizə yardım göstərər. Bir şeirimdə tərcüməçimə üz tutub dediyim kimi.

Sən mənim dünyamın üfüqlərini

Axtarma siyasi xəritələrdə,

Mən orda bölünmüş, 

əyalət, azlıq...

Kağızın üstündə parça-tikəyəm,

Siyasi xəritə – siyasətbazlıq!

“Tarixi Azərbaycan və Türk dünyası”, “ Azərbaycan və Şərq” mövzuları dərindən öyrənilsə bizə yeni dəyərli bilgilər verər. Bu baxımdan Azərbaycandan kənarda ya­şayan qələm sahiblərimizin, səfirlikləri­mizin, diaspor təşkilatlarının əlində daha geniş imkanlar var.

Uzun illərdən bəri Özbəkistanda yaşa­yan qələm dostumuz, jurnalist, yazıçı Qulu Kəngərlinin bu sahədə apardığı araşdırma­lar Azərbaycan və Mərkəzi Asiya əlaqələ­rinin bizə az məlum olan elə səhifələrini açır ki, bu səhifələri bilmədən milli tarixi­mizi bütövlüklə dərk etmək çətindir. 

Dəyərli qələm dostumuz Qulu Kən­gərlinin bu işlə çoxdan bəri, səbrlə, fəda­karlıqla, zəhmətini gözə soxmadan məşğul olduğunu bilirdim, lakin Daşkəndə son səfərimdə mənə verdiyi “Keçmiş unudul­mayanda tarixə dönür” adlı iri həcmli ki­tabını oxuyanda onun bu sahədə nə qədər böyük axtarışlar apardığını, zəhmət çəkdi­yini və nəticədə “Azərbaycanşünaslığın” uğurlu bir səhifəsini yaratdığını gördüm. 

Tarixən Doğu Türküstandan üzü bəri bötün türk yurdları, Mərkəzi Asiya və İs­lam aləmi Azərbaycan türkləri üçün əsas cazibə yerləri olmuşdur. Lakin Özbəkis­tanla Azərbaycanı bağlayan ədəbi, mədə­ni, iqtisadı tellər daha möhkəm və daha qədimdir. Çünki Azərbaycan və özbək xalqları nə orada, nə burada özlərini qərib, mühacir hiss etməyiblər; öz doğma evlə­rində yaşayan kimi yaşayıblar. Buna görə də arada Xəzər və geniş çöllər olmasına baxmayaraq bu iki xalq bu qədər yaxın­dır, bir birilərini bu qədər ürəkdən sevir və dərk edirlər. 

Qulu Kəngərlinin kitabı Azərbaycan–Özbəkistan qardaşlığının tarixi və etnik köklərini açmaqla yanaşı, bu yaxınlaşmada rol oynamış şəxsiyyətlərin parlaq xarakte­rini yaradır, onların keçdiyi mürəkkəb, bəzən də faciəli yolları açıb göstərir. Bu həyat hekayələrinin fonunda türk xalqları­nın yaşadıqları soyqırım, repressiya, məc­buri köç faciələrini xatırladır. Bu, öz-özlü­yündə son dərəcə əhəmiyyətli bir işdir. 

Kitabın üstünlüklərindən biri də budur ki, müəllif bütün Mərkəzi Asiyanı–qədim Türküstan torpaqlarını gəzir, Özbəkistanla yanaşı Qazaxıstanda, Qırğızıstanda, Türk­mənistanda, Tatarıstanda, Pakistanda, İn­doneziyada yaşayıb yaratmış və yurduna şöhrət qazandırmış Azərbaycan övladları­nın ömür dastanlarını, yığcam şəkildə olsa da, oxucuya çatdırır. 

Oçerk qəhrəmanları arasında Pakis­tan prezidenti olmuş azərbaycanlı Qızıl­baş Ağa Məhəmməd Yəhya Xanın və ya İndoneziyada İslamı yayan azərbaycan­lı, “doqquz müdrikin birincisi” Mövlanə Məlik İbrahimin adlarını görmək və onlar haqqında məlumatları oxumaq heç şübhə­siz oxucularımızı təəccübləndirəcək, onlar üçün yeni bilgi mənbəyi olacaq. 

Məncə bu araşdırma coğrafiyasına Hindistan da daxil edilməlidir. Böyük xalq yazıçımız, akademik Mirzə İbrahimovun bir dəfə söhbət zamanı dediyi sözləri tez-tez xatırlayıram: “Ay oğul, bilirsən Hin­distanda bizim nə qədər əlyazmamız var? Onlar öyrənildikcə bizim ədəbiyyatın və mədəniyyətin zənginliyini və tarixini daha yaxşı dərk edəcəyik.”

Kitabın dəyərini artıran özəlliklərdən biri də iki dildə – azərbaycanca və özbəkcə nəşr edilməsidir. Oçerk qəhrəmanlarının portretləri və həyat yolları ilə bağlı şəkillər kitabın dəyərini daha da artırır. 

Akademik İsa Həbibbəyli kitaba yazdı­ğı yüksək elmi dəyəri olan Ön sözdə Qulu Kəngərlinin zəhmətini yüksək qiymətlən­dirməklə yanaşı, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin zəngin tarixinə nəzər salır, bu əlaqələrin öyrənilməsinin türk birliyinin gələcəyi baxımından ciddi əhəmiyyət daşıdığını ayrıca vurğulayır. 

Kitab uzaq keçmişdən başlayaraq, Mərkəzi Asiyada yaşayan xalqlarla Azər­baycanı bağlayan əsas tarixi hadisələr, şəxsiyyətlər haqqında ümumi bilgi verən Girişlə başlanır. 

Girişin özü də bir neçə bölməyə ayrıl­mışdır. “Tarixin yaddaşı” adlı bölmə oxu­cularımız üçün də maraqlı olan belə bir məlumatla başlanır: “Ensiklopedik alim Əbu Reyhan Biruni (973-1048), “ Astra­nomiya və ulduzlara aid Məsud cədvəlləri” adlı əsərində Azərbaycanın 17 şəhərinin dəqiq yerini göstərir, “Ağ neft mərkə­zi Bakı” haqqında söhbət açır, “Zərdüşt Azərbaycandandır” fikrini irəli sürür. Bi­runi “Ötmüş nəsillərin abidələri” kitabında Azərbaycan haqqında ətraflı məlumat ve­rir. Digər ensiklopediyaçı alim Əbu Əli İbn Sinanın (980-1037) tanınan şagirdi Azər­baycan alimi Əbulhəsən Bəhmənyar (993-1066) olub. Orta əsr tarixçisi Zəhirəddin Beyxaki yazır ki, İbn Sinanın əksər pole­mik əsərləri Bəhmənyarın sualları əsasında tərtib edilib.” 

Bundan əlavə, Girişdə mərkəzi Asi­yaya səpələnmiş əfşarlardan, 20-ci yüzil­də genişlənən ədəbi-mədəni ilişkilərdən, Özbəkistanda Azərbaycan diasporunun formalaşmasından maraqlı məlumatlar yer almışdır.. 

Kitab “Taleyi Mərkəzi Asiya ilə bağlı olan tanınmış Azərbaycan türkləri”, “Gü­nahsız günahkarlar” və “Orta Asiyada teat­rın yaranması” adlı üç fəsilə ayrılıb. 

Birinci fəsildə gedən yazılardan bə­zilərinin adlarını sadalamaq yetərlidir ki, söhbətin hansı böyük şəxsiyyətlərdən get­diyini təsəvvür edəsən: 

“Böyük axund”, “alimlərin sultanı”, “fazillərin sübutu”, “bilik səmasında 14 gecəlik ay”, Mövlana Yusif Qarabaği...”;

“Yusif Qarabağinin müəllimi, böyük filosof, ilahiyyatçı Mirzəcan Şirazi; ”

“Səmərqənddə ilk dünyəvi məktəb açan maarifçi şeyx, Əbülqasım Əl-Gənci;”

“Tacik dilində çap olunan ilk milli qə­zet-“Buxarayi-Şərif”-in naşiri və redakto­ru, azərbaycanlı Mirzə Cəlal Yusifzadə”;

“Mən qürurla və sevinclə bildirirəm ki Azərbaycanın oğluyam”, Rober Osseyin Bakıda olarkən belə demişdi”; 

“İki xalqın oğlu, professional futbolçu, musiqiçi... və ya tanınmış opera rejissoru Firudin Səfərovun həyat yolu”; 

“Tarix həmişə kinayə etmir; çünki bəzən zaman özü hər şeyi yerinə qoyur” (Özbəkistanın Əməkdar Elm xadimi, bö­yek tarixçi alim Yusif Ələsgərov haqqın­da):

“Özbəkistanda 137 sənədli, 27 bə­dii film çəkən azərbaycanlı rejissor Eldar Məmmədov” və sair...

Bu fəsildə haqqında söhbət gedən şəx­siyyətlərin bəziləri ilə mən də vaxti ilə gö­rüşmüş, haqlarında yazılar da yazmışam. Lakin Qulu Kəngərlinin oçerklərinin hər biri bir tale kitabıdır; böyük romanlara sığmayan ömür yollarının yığcam şəkildə ifadəsidir. Bu yazıların hər biri tariximizin müəyyən səhifələrinə işıq salmaqla yanaşı, həm də Azərbaycandan kənarda yaşayıb şöhrətlənmiş soydaşlarımızın istedadı və yüksək insani keyfiyyətlərinə görə ürəyi­mizdə böyük qürur hissi oyadır. 

“Günahsız günahkarlar” fəslini əvvəl­dən axıra həyəcansız, təəssüfsüz, qəzəbsiz oxumaq olmur. Bu bölmədə Azərbaycan tarixində özəl yeri olan Rəfibəylilərin, Pe­pinovun, Qarabəy Qarabəylinin, Almaz İl­dırımın, Mirzə Davud Hüseynovun, Maq­sud Şeyxzadənin Azərbaycandan kənarda keçən illəri haqqında maraqlı bilgilər veri­lir; represiya qurbanlarının faciəli taleyin­dən söz açılır. 

Qulu Kəngərli ayrı-ayrı ailələrin, nə­sillərin taleyi fonunda bütün repressiya ta­rixinin faciələrini açıb göstərir: “Qırğızıs­tana sürgün Qazaxıstan, Sibir və Uraldan keçib və ya Rəfibəylilərin Qırğızıstan qa­nadı...” məqaləsində oxuyuruq: “Repres-siya illərində, yəni 1924-cü ildən 1953-cü ilə qədər Azərbaycandan Sibirə, Urala və Orta Asiyaya 250 mindən çox soydaşımız sürgün olunmuşdur, bəzi mənbələrdə bu rəqəm daha çox göstərilir. Qazaxıstana sürgün edilənlərin sayı isə 150 mindən çox olub və biz bu haqda artıq məlumat ver­mişik. Beləliklə, 1929-cu ildə Azərbaycan­dan ilk kütləvi sürgün həyata keçirilir və müxtəlif rayonlardan 600 ailə Aral dənizi­nin sahilinə yaxın baxımsız qalan Avan və Vozrojdeniye adalarına göndərilir.

...Hər vaqonda 90-100 adam, qadın, kişi, uşaq, qoca, xəstə, hamısı bir yerdə yayın istisində, qışın 40 dərəcə şaxtasında ac-susuz, cəhənnəm əzabı ilə yol gediblər. 

...Yaşayış üçün tam yararsız olan bu adalar əslində ölüm düşərgəsi idi və səh­rada yayda aclıqdan, qışda isə soyuqdan ölənlərin sayı günbəgün artırdı. ...Bir ildən sonra 600 ailədən cəmi 200 ailə sağ qal­mışdı, onlar da yarımcan.”

Müəllif bu dözülməz şəraitdən çıxan insanların qəhrəmanlığını, böyük əzabla­ra qatlaşsalar da yenə öz köklərini, milli kimliklərini unutmadığlarını vurğulayır və ölümdən keçib öz yeni həyatlarını quran insanların bəzilərinin adlarını çəkir, onla­rın həyat hekayəsini yazır: “Qırğızıstanın əməkdar həkimi, professor Cahangir Rə­fibəyli, fizika-riyaziyyat elmləri doktoru professor Ramiz Rafatov, professor Arif Qəmərli, onun qardaşı, əməkdar elm xadi­mi professor Zakir Qəmərli, onlarca elmlər namizədi adını alan həmvətənlərimiz...”

Bu girişdən sonra müəllif “Rəfibəy­lilər nəslinin Azərbaycan xalqı qarşısın­dakı xidmətlərini sayılmaqla qurtarmaz” deyə Gəncədə görkəmli Azərbaycan maa­rifçisi Ələkbər bəy Rəfibəylidən başlaya­raq müxtəlif ölkələrə səpələnmiş bir nəs­lin görkəmli simaları haqqında yığcam, amma son dərəcə maraqlı məlumat verir. 

Repressiya qurbanlarının faciəli həyat yolu haqqında oçerklərin hər biri bitkin bir əsər təsiri bağışlayır. Onların heç biri ötən əsrin Stalin rejiminə oxunan bir itti­hama, bir ölüm hökmünə bənzəyir. Belə bir təsəvvür yaranır ki, repressiya qurban­larının üzləşdikləri faciələri Azərbaycanla yanaşı, Qazaxıstan və Mərkəzi Asiya res­publikaları birgə yaşayıblar. Türkün ağrısı Azərbaycandan başlanıb bütün türk dünya­sına yayılıb. 

Bu qədər böyük tarixi şəxsiyyətin hə­yat hekayəsini yaradan Qulu Kəngərlinin əməyi yüksək dəyərə layiqdir. 

Müəllifin ALJİR-də məhkumluq hə­yatı yaşayan azərbaycanlı qadınlara həsr edilmiş yazısı ayrıca bir faciə dastanıdır. Müəllif 2011-ci ildə Qazaxıstanın Akmo­la vilayətinin Akmola kəndindəki muzey­də vaxtilə burada məhkum həyatı sürmüş azərbaycanlı qadınlara xatirə lövhəsinin açılmasından bəhs etdikdən sonra Qa­zaxıstanda sürgün əzabı yaşamış azərbay­canlı qadınların tam olmayan bir siyahısını və onlar haqqında yığcam məlumatı da oxucuların diqqətinə çatdırır. Təəssüf ki, repressiya qurbanı olmuş qadınlarımızın taleyi hələ də geniş şəkildə araşdırılıb ya­zılmamışdır. 

Qulu Kəngərlinin kitabı repressiya qurbanları və Sibirə, Urala, Qazaxıstan və Mərkəzi Asiyaya sürgün edilmiş insanların taleyinin diqqətlə öyrənilməsi və yazılması zərurətini bizə bir daha xatırladır. 

Haqqında söhbət gedən kitabın üçün­cü fəslində isə Özbəkistan, Türkmənistan, Tacikistan teatrının inkişafında və o teatr­lar üçün mütəxəssislərin yetişdirilməsində Azərbaycan Teatr məktəbinin və görkəmli sənətkarlarımızın oynadığı rol haqqında bilmədiyimiz məlumatlar yer almışdır. 

Qulu Kəngərli bu kitabı ilə böyük bir vətəndaşlıq işi görmüş, eyni zamanda, sübut etmişdir ki, o, yalnız jurnalaist de­yildir, həm də yetkin bir yazıçıdır, kamil qələm sahibidir, yorulmaz bir araşdırıcı və tarixçidir. Çünki kitabın qəhrəmanlarının hər biri haqqında yazmaq ciddi axtarış, ta­rix səhifələrini gözdən keçirmək, arxivləri öyrənmək kimi, çətin, mürəkkəb və məsu­liyyətli bir iş tələb edir...

Kitabın iki dildə çıxması rəmzi xarak­ter daşıyır. Çünki Qulu Kəngərlinin ya­radıcılığı da çoxdan bəri hər iki dövlətin informasiya sisteminin və ədəbi həyatının tərkib hissəsidir.

Sabir RÜSTƏMXANLI,
Xalq şairi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
xalqqazeti.az

1Источники