Azərbaycan şirin su ehtiyatlarının az olduğu ölkələrdən biridir. Bu azmış kimi son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalmasına səbəb olur. Əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı isə ona tələbatı artırır, su təchizatı ilə bağlı problemlərin yaranmasına səbəb olur.
Bu problemin aradan qaldırılması yeni innovasiyaların – “Ağıllı su sistemləri”nin tətbiqini gündəmə gətirir. O, şirin su anbarından başlayaraq tullantı sularının toplanmasına və təmizlənməsinə qədər bütün su təchizatı zəncirinə nəzarət edir. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun idarə heyətinin sədr müavini Vüqar Mirzəyevlə söhbətimiz də bu mövzuda oldu:
– İnstitut Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Azdövsutəslayihə” və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutlarının birləşməsi yolu ilə yaradılıb. Hazırda su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsi ilə məşğul oluruq. Bir ay bundan əvvəl quruma Xankəndi şəhərinin (Kərkicahan qəsəbəsi daxil olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı müraciət daxil oldu. Xəlfəli çayı üzərindəki mövcud suqəbuledici qurğuya və gələcəkdə Xankəndi və Şuşa şəhərlərinin dayanıqlı su təminatının həyata keçirilməsi məqsədilə yaradılacaq anbara baxış keçirildi.
Məlum oldu ki, sistem pərakəndədir və müasir standartlara cavab vermir. Şəhərdə yaşayan və işləyən insanlar üçün gündəlik həyatı asanlaşdırmaq və daha da yaxşılaşdırmaq üçün son model texnologiyalardan istifadə edilməklə infrastruktur yenidən qurulmalıdır. Bu məqsədlə, “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq konkret addımlar atılır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir.
Birinci mərhələdə Kərkicahan qəsəbəsində 35 kilometr, ikinci mərhələdə isə Xankəndi də daxil olmaqla 87 kilometr yol yenidən qurulacaq. Bu yollara paralel olaraq su xətti və kanalizasiya şəbəkəsi çəkiləcək. Texniki göstəricilərə görə, onların hər birinin uzunluğu 120 kilometrdir. Artıq Xankəndi ilə bağlı bəzi işlərə başlanılıb. Layihə ərazisinə mütəxəssislər əraziyə baxış keçirib və ilkin araşdırma işləri aparılıb. Bundan sonra layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçiriləcək və digər sənədlər hazırlanacaq.
– “Ağıllı” su təchizatı modeli Şuşa və Daşaltı layihələrinizdə necə əksini tapıb?
– Şuşa işğaldan azad olunduqdan sonra su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırıldı. Məlum oldu ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb. Bundan sonra, şəhərin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması və yenidən qurulmasının texniki–iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasına Niderlandın “Vitteveen bos” məsləhətçi şirkəti cəlb olundu. Layihə hazırlanarkən Şuşa şəhərinin su mənbələri, anbar və paylayıcı şəbəkələri, suyun keyfiyyəti, tullantı sularının idarə olunması və ekoloji məsələlər nəzərə alındı. 3 mərhələdə həyata keçirilən layihələrin texniki-iqtisadi əsaslandırılması və ilkin sənədlərin işlənilməsi həyata keçirildi.
Bundan başqa, Şuşa şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı hazırlandı. Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd və suyun anbarlara nəqli üçün magistral kəmər layihələndirildi. İnstitutun layihəsi əsasında Kiçik Kirs mənbəyi və Kiçik Kirs–Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunaraq 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edildi. Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi – Zarıslı sugötürücü qurğusu, Zarıslı–Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıldı və dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edildi.
Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanıldı. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında sutoplayıcı anbar, nasos stansiyası və yeni kəmər layihəsi icra edildi.
2040-cı ilədək Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. İçməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.
Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ətraf mühitə təhlükə yaratmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Bütün bunların layihələndirilməsi bizim İnstitut tərəfindən həyata keçirilir. Onu da deyim ki, suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.
– Qarabağ və Şərqi Zəngəzurun su təchizatı ilə bağlı daha hansı layihələr üzərində işləyirsiniz?
– 2020–2024-cü illərdə işğaldan azad edilmiş ərazilər üzrə ekspertizaya təqdim edilmiş 28 kənd, qəsəbə və 7 şəhər üzrə layihə smeta sənədləri hazırlanıb. Qarabağda infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülüb. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilib.
– Birinci Qarabağ savaşının iştirakçısı kimi azad edilmiş ərazilərin dirçəlişinə kömək etmək, sübhəsiz, ikiqat sevindirici və məsuliyyətli missiyadır.
– 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getdim. Bir müddət sonra özünümüdafiə batalyonları ləğv olunub nizami ordu yaradıldı. İnanırdım ki, Qarabağ uzun müddət düşmən tapdağı altında qala bilməz, bir gün işğaldan azad ediləcək. O günü görmək mənə də nəsib oldu. İndi biz Qarabağa yeni həyat bəxş edirik. İşimlə bağlı Şuşada olanda Cıdır düzünə getdim. Sıldırımlı yarğana çatanda tüklərim biz-biz oldu. Yarğanlığı maraqla izləyir və qürur hissi keçirirdim. Burada 2020-ciil noyabrın 6-da ağır döyüşlər getmişdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yüngül silah-sursatla təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan 4 qrupa bölünmüş 400 nəfərlik heyəti Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə 4 tərəfdən daxil olmuş və burada dərhal döyüşlər başlamışdı. Bu döyüşlərlə Azərbaycan xüsusi təyinatlıları regionda ən hazırlıqlı komanda qüvvələri olduqlarını bir daha göstərmişdilər.
Şuşada olarkən şəhidlərimizin qəhrəmanlığına heyran qaldım. Onlar bu şəhəri xilas etdikləri kimi, biz də hamılıqla dirçəltməliyik.
Qarabağ düşməndən azad olunduqdan sonra hər tərəfdə böyük bərpa və quruculuq işləri aparılır. Bunu Ağdam, Xocalı, Xankəndi və Şuşada da gördüm. İnfra-struktur layihələri uğurla reallaşdırılır, sənaye, aqrar və turizm sektorları yaradılır. Su və kanalizasiya sistemi yenidən qurulur. Aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açır. Sevindiricidir. Görülən işlər Qarabağın ölkəmizin iqtisadiyyatında önəmli rol oynayacağından xəbər verir.
Pünhan ƏFƏNDİYEV
XQ