RU

Səfir: Azərbaycan Vyetnamın “Yaqi” tayfunundan zərər çəkmiş əyalətlərinin bərpasında iştirak edəcək

Azərbaycan Vyetnama dağıdıcı “Yaqi” tayfunundan zərər çəkmiş əyalətlərin bərpasında yardım edəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehtizadə “X” sosial şəbəkəsində məlumat verib.

“Azərbaycan Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Vyetnamın “Yaqi” tayfunundan zərər çəkmiş əyalətlərinin bərpası və yenidən qurulması prosesində, xüsusən də məktəblərin bərpasında iştirak edəcək”, - diplomat yazıb.

Qeyd edək ki, sentyabrın birinci həftəsinin sonundan Vyetnamın şimal bölgələrində tüğyan edən “Yaqi” supertayfunu ölkəyə 40 trilyon donq (1,63 milyard ABŞ dollarından çox) məbləğində ziyan vurub. Supertayfun miqyasına qədər böyüyən tayfun son 30 ildə Vyetnamda qeydə alınmış ən güclü tayfun olub.

Tayfunun səbəb olduğu güclü yağışlar və daşqınlar ölkə ÜDM-nin 41 %-ni təşkil edən və Vyetnam əhalisinin 40 %-nin yaşadığı 26 əyalət və yaşayış məntəqəsinə ziyan vurub. Daşqınlar və tayfun 257 min evi, 1,3 mindən çox məktəbi, yüzlərlə bəndi və bir çox digər infrastruktur obyektlərini dağıdıb və su altında qoyub. Düyü və digər kənd təsərrüfatı bitkilərinin əkildiyi 262 min hektara yaxın ərazini su basaraq aparıb, 2,3 milyon başdan çox mal-qara və ev quşu tələf olub.

Избранный
9
2
sia.az

3Источники