Sentyabrın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, ikihissəli dramın quruluşçu rejissoru Nicat Kazımovdur.
Səhnə əsərində əsas rolları Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Zemfira Əbdülsəmədova, Anar Səfiyev, Mirsənan Kazımov ifa edir.
Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. Oskar qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.