RU

Dövlət süverenliyi günündə tarixi an

Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Qələbədən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Münaqişədən sonrakı dövrün reallıqları kontekstində ölkənin beynəlxalq aləmdə mövqeyini və nüfuzunu gücləndirən ictimai-siyasi həyat mühüm dəyişikliklərlə, böyük nailiyyətlərlə müşayiət olunur. Geniş  tikinti-quruculuq meydanına çevrilən işğaldan azad olunmuş ərazilərdə özülü qoyulan, istismara verilən müəssisə və iaşə obyektlərinin sayı prosesin əzəmətindən, möhtəşəmliyindən xəbər verir. 

Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin birbaşa nəzarəti və idarəçiliyi altında gerçəkləşir. Dövlət başçısının mütəmadi olaraq azad olunmuş ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə yerindəcə tanış olması, tapşırıqlarını verməsi Böyük Qayıdış prosesinin daha da sürətlənməsinə təsir göstərir. Bu tədbirlər ərazilərdə yaşamaq və işləmək üçün rahat şəraitin yaradılmasına, investisiyaların cəlb edilməsinə və iqtisadi inkişafa yönəlir.

Sentyabrın 19-da Prezident İlham Əliyevin azad olunmuş ərazilərimizə səfəri də bir çox əlamətdar hadisələrlə yadda qaldı.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib. 

O qeyd edib ki,  dövlət başçısı azad olunmuş ərazilərə, regionlara hər səfərində yeni obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edir, görülən işlərlə, gələcək planlarla tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərləri bir daha təsdiqləyir ki, uğurla həyata keçirilən inkişaf proqramları ölkəmizdə əhalinin rifah halının daha da yaxşılaşmasına güclü təsir göstərir.

Ölkə başçısının Ağdam, Xankəndi və Şuşaya səfəri mühum hadisə ilə yadda qaldı. 

Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə qalib liderin Xankəndidə Qarabağ Universitetinin açılışını etməsi və burada təhsil alacaq tələbələrlə görüşü təkcə sıradan bir təhsil müəssisəsi açılışı deyil, qürurverici tarixi hadisə oldu. Hərbi cəbhədən qalib kimi ayrılaraq zəfər tarixi yazmış Müzəffər Komandan bu dəfə ideoloji cəbhənin əsgərləri önündə tövsiyələr verir, onlara uğurlar arzulayır, qalibiyyət yolumuzdan danışırdı.

Ən müasir model əsasında yaradılan universitetin müəllim və tələbə heyətinin Prezident İlham Əliyev ilə Xankəndidə görüşü ictimai-siyasi həyatımızda özünəməxsus məqamlarla yadda qaldı.

Çünki vaxtilə separatizm yuvasına çevrilmiş, 20 sentyabr antiterror əməliyyatından sonra yenidən sahibinə qayıdan Xankəndidə Qarabağ Universitetinin yaradılması və qısa müddət ərzində tədris ilinin başlanmasının təşkili hər bir azərbaycanlını qürurlandırır. Qarabağ Universitetinin açılışının məhz 20 sentyabrda gerçəklışməsi təsadüfi deyil. 

Çünki tarixin bu günündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz birgünlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, artıq şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

Xüsusilə vurğulanmalıdır ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir, sosial-mədəni həyatın dirçəldilməsi istiqamətində əməli addımlar atılır. Bu da təbii ki, regional əmək bazarının tələblərinə cavab verən kadr potensialının hazırlanmasını, ali təhsil ənənələrinin bərpasını və inkişafını tələb edir. Bu zərurətdən yaradılan Qarabağ Universitetinin yaxın gələcəkdə dirçəlişdə mühüm rol oynayacağı şübhəsizdir. Ali məktəbin müəllim və tələbə heyətilə görüşündə dövlət başçısı bir daha qeyd etdi ki, Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid edir.

Rəşad Mahmudov yekunda qeyd edib ki, görüşdə Qarabağın işğal və zəfər tarixindən  danışan ölkəmizin başçısı tələbə adını qazanmış gənclərə Azərbaycanın həmişə zirvələrdə olması üçün onların yaxşı təhsil almasının mühum şərt olduğunu xüsusi olaraq vurğuladı. 
Prezident qətiyyətlə bildirdi ki, peşəkar, vətənpərvər, milli ruhda tərbiyə olunaraq böyümüş gənc nəsli olan bir xalqın qabağında heç bir qüvvə dura bilməz. Prezident tam haqlı danışırdı. Məhz belə gəncliklə biz döyüş meydanında, nüfüzlu idman və elm yarışlarında qalib və nümunə olduq. İnanırıq ki, Qarabağ Universitetinin tələbələri də gələcəkdə da bu şərəfli ənənəni davam etdirəcək, Azərbaycan üçün faydalı olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
xalqqazeti.az

1Источники