RU

Mourinyo, yoxsa Okan Buruk?

Bu gün Türkiyədə bütün diqqətlər Kadikoyə yönələcək.

Superliqanın 6-cı turu çərçivəsində ''Fənərbaxça'' ''Qalatasaray''ı qəbul edəcək. Əzəli rəqiblər ümumilikdə 401-ci, çempionat çərçivəsində isə 135-ci dəfə qarşılaşacaqlar. Bu, dünyaca ünlü Joze Mourinyo ilə Okan Burukun ilk dueli olacaq.

Mourinyo məşqçi karyerasında ''Qalatasaray''la 4 dəfə qarşılaşıb. İlk dəfə 2012/13-də Çempionlar Liqasının 1/4 finalında portuqaliyalının ''Real''ı ilə Fatih Terimin ''Qalatasaray''ı üz-üzə gəlmişdi. Həmin vaxt Madrid nəhəngi evdəki 3:0-lıq qələbədən sonra İstanbulda 2:3 uduzsa da, mərhələni adlayan tərəf olmuşdu. Növbəti mövsüm Mourinyo artıq ''Çelsi''nin başında ÇL-in 1/8 finalında Roberto Mançininin ''Qalatasaray''ına rəqib oldu. Səfərdə 1:1, evdə 2:0 hesabları ilə mərhələni adlayan tərəf yenə Mourinyonun komandası olmuşdu. Yəni onun kollektivləri İstanbul nəhənginə qarşı 4 oyundan 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.

Son iki ildə ''Qalatasaray''ı çempion etməklə böyük bir uğura imza atan Okan Buruka gəlincə, onun komandaları indiyə qədər ''Fənərbaxça'' ilə 18 dəfə qarşılaşıb. Buruk ''Elazığspor'', ''Qaziantepspor'', ''Sivasspor'', ''Akhisarspor'', ''İstanbul BŞ'' və ''Qalatasaray''ın başında ''sarı-lacivərdlilər''ə qarşı keçirdiyi 18 oyunun 7-dən qələbə, 2-dən bərabərlik, 9-dan məğlubiyyətlə ayrılıb. Amma onun konkret ''Cim-Bom''un başında ''Fənər''ə qarşı göstəriciləri qənaətbəxşdi: 5 oyun, (1-i texniki olmaqla) 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Bir ara ''Qalatasaray'' əzəli rəqibini səfərdə 20 ilə yaxın müddət ərzində məğlub edə bilməmişdi. Amma 2020-dən, yəni bu seriya bitdikdən bu yana ''Cim-Bom'' rəqib meydanında çox inamlı təsir bağışlayır.

Komanda səfərdə ''Fənər''ə qarşı keçirdiyi son 5 oyundan 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılaraq bu müddətdə 10 xal toplayıb. Eyni zamanda ''Aslan'' bu 5 oyunun 3-də qapısını toxunulmaz saxlayıb. Yəni artıq Kadıköydəki oyunlarda psixoloji üstünlük ''Qalatasaray''ın tərəfindədi.

ƏLİ

Избранный
22
football-plus.az

1Источники