RU

Makron bu gün Ermənistana gəlir? – Hayların gözü yolda

Fransa prezidentinin müstəqil olmayan ölkənin “müstəqillik günü” İrəvana gəlişi gözlənilir, lakin Paşinyan pərt ola da bilər
Bu gün – sentyabrın 21-i heç vaxt müstəqil olmayan Ermənistanın “müstəqillik günü”dür. Bu münasibətlə az öncə Fransa prezidenti Emmanuel Makronun İrəvana gələcəyi anons edilmişdi. Əlbəttə ki, “kiçik bacı”ya əyani dəstək nümayişi üçün. Lakin “Hraparak” erməni qəzeti yazıb ki, baş nazir Nikol Paşinyanın oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya sammitinə dəvət aldığı məlum olduqdan sonra Makronun Ermənistanın müstəqillik günü ilə bağlı səfər perspektivi daha dumanlı görünüb.
Habelə, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfəri (15 sentyabr – red.) və Paşinyanın dəvəti Makronun Ermənistana gəlməyəcəyi təəssüratı yaradır. “Yeni Müsavat” xatırladır ki, Paşinyan Parisdə olarkən sentyabrın 21-də Makronu İrəvanda gözlədiyini bildirmişdi. “Az sonra Fransa prezidentinin sentyabrın 21-də gələcəyinə dair məlumat yayıldı. Hökumətyönlü təbliğat maşını bunu Makronun hakimiyyətə dəstəyi kimi təqdim etməyə çalışdı”, – erməni nəşri vurğulayıb. Qeyd edək ki, Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib. Hazırda isə ölkə parlamenti onun impiçmenti ilə bağlı prosedura başlayıb. Bütün hallarda Makronun Ermənistan səfərinin bölgə və kapitulyant ölkə üçün hansı nəticələri ola bilər ki?
Fransanın Ermənistana hərbi-siyasi dəstəyi göz qabağındadır. Təhlükəsizlik Şurasının katini Armen Qriqoriyan bu ölkə ilə hərbi-texniki əməkdaşlığın gücləndiyini açıqlayıb. O, Hindistanın da bu sahədə dəstəyini bəyan edib. Makron Fransası bütün parametrlərdə Paşinyan Ermənistanını müdafiə edir. Hətta daha da irəli gedərək Azərbaycanı “təcavüzkar” adlandırır. Yeri gəlmişkən, Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır. İstehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub. Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib. Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.
Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb. Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS – fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir. Fransa artıq Ermənistana “Sezar” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir.

Qabil Hüseynli
Avropa.info xəbər verir ki,Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Makron Paşinyanı pərt də edə bilər: “Hər halda, İrəvana səfər etsə belə təəccüblü hal baş verməyəcək. Getməsə də, siyasətindən dəyişiklik olmayacaq, Fransa Ermənistanı müdafiə etməyə davam edəcək. Əslində, bu dəstəklə Paris daha çox Moskvaya demək istəyir ki, ermənilərə özləri nəzarət edirlər. Fransız nazirin İrəvanda söylədikləri təsadüfi deyil. Bildirmişdi ki, Rusiyanın təzyiqlərindən qoruyacaqlar. Buna Kreml reaksiya verdi. O nöqteyi-nəzərdən Fransanın qahmar çıxmasını iki səbəblə izah etmək olar: Ermənistanın Rusiyadan qoparılması və Fransada erməni diasporunun güclü olması, digər səbəb isə Azərbaycanın Türkiyə ilə müttəfiqliyi. Ankara ilə Paris münasibətləri bəllidir, ona görə də iki türk dövlətinə nifrət bəslənir. Makronun bu siyasəti sabun köpüyünə çevriləcək. Onun verdiyi sınıq-salxaq silahlarla Ermənistan Azərbaycana qarşı heç bir qələt edə bilməz”.
Q.Hüseynli hesab edir ki, Rusiyadan uzaqlaşdırma strategiyası maksimum siyasi cəhətdən mümkündür: “Paşinyan isə Moskvanı ittiham edə-edə onlardan pul alır, Rusiya ilə ticarət dövriyyəsini artırır, sanksiyalardan yayınmaqda kömək edir. Gələn ay da Kazana gedəcək, BRİKS sammitində iştirakı nəzərdə tutulub, Avrasiya İqtisadi Birliyindən də 100 milyon qopardı, Avropa Şurasının antiRusiya qərarına da qoşulmadı. Hazırda rusların Ermənistanda iqtisadi və hərbi təsirləri güclü şəkildə qalmaqdadır. Ona görə də Fransanın həm Rusiyaya görə strateji səbəbdən, həm Azərbaycana digər səbəblərdən irəli sürdüyü bu axmaq siyasət gec-tez öz başında çatlayacaq. Makronun gedişindən sonra isə Ermənistan təzə qucaq axtarmağa başlayacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
3
avropa.info

4Источники