RU

Dünyanın ən yaxşı səhiyyəsi bu ölkələrdədir - Azərbaycan isə...

Zülfüqar Yusifov: “Önə çıxmamağımızın yeganə səbəbi kadr potensialımızın olmamasıdır”

“Newsweek” jurnalı dünyada tibbi texnologiyanın ən son nailiyyətlərindən istifadə edən 350 xəstəxananın reytinqini dərc edib. Dünyanın ən yaxşı 10 tibb mərkəzinin sıralaması isə belədir:

Klivlend Klinikası - Klivlend, ABŞ

Mayo Clinic - Rochester, ABŞ

Con Hopkins Xəstəxanası - ABŞ

Massachusetts General Hospital - Boston, ABŞ

Memorial Sloan Kettering Xərçəng Mərkəzi - Nyu-York, ABŞ

Mount Sinai Xəstəxanası - Nyu-York, ABŞ

MD Anderson Xərçəng Mərkəzi - Hyuston, ABŞ

Charite Universitatsmedizin Berlin - Berlin, Almaniya

Hyuston Metodist Xəstəxanası - Hyuston, ABŞ

Shiba Tibb Mərkəzi - Ramat Qan, İsrail.

Digər yeniliklərlə yanaşı, bu xəstəxanalarda rəqəmsal radiologiyadan (kompüter texnologiyasından istifadə etməklə daxili orqanların şəkillərinin çəkilməsi), həmçinin süni intellekt və robototexnikadan geniş istifadə olunur ki, bu da diaqnozu daha dəqiq və müalicəni xəstənin vəziyyətinə daha uyğun edir. Ümumilikdə, jurnal 28 ölkədə yeni tibbi texnologiyalardan istifadədə üstün olan 350 xəstəxananı seçib. ABŞ-da 104 belə xəstəxana var. Almaniyada onların sayı 27, Böyük Britaniyada 22, İtaliyada 21, Fransada 20, İspaniyada 15, Cənubi Koreyada 15, İsraildə 5, Finlandiyada 5, Norveçdə 5, Səudiyyə Ərəbistanında 4, BƏƏ-də 3, Livanda isə 1-dir.

Qiymətləndirmə səhiyyə mütəxəssisləri arasında keçirilən qlobal sorğuya əsaslanıb. Xəstəxana şöbələrində yeni texnologiyaların istifadəsi və xəstələrə xidmətin keyfiyyəti və təhlükəsizliyi üçün standart olan Birgə Komissiya (JCI) tərəfindən akkreditasiya da qiymətləndirilib. Xəstəxanalar habelə aşağıdakı parametrlər üzrə qiymətləndirilib: xəstələr üçün xəstəxana veb-saytının əlçatanlığı (elektron funksionallıq), teletibb xidmətlərinin mövcudluğu, rəqəmsal radiologiya, süni intellektin istifadəsi, robototexnika və virtuallaşdırma.

Bəs Azərbaycan səhiyyəsi hazırda hansı səviyyədədir, hansı ölkədən qabaqda, daha hansılardan geriyik? Ölkəmizdə səhiyyə sahəsində əsas problem və çatışmazlıqlar nədir?

Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dünyada digər sahələrlə yanaşı, səhiyyə sistemi də ciddi şəkildə inkişaf etməkdədir: “Pasiyentlərə hərtərəfli, vaxtında  tibbi yardımın göstərilməsi üçün ciddi səylər göstərilməkdədir. Bundan əlavə uzunömürlülüklə bağlı müxtəlif proyektlərin icraatda olduğunu biz görürük. Bununla yanaşı zədələnmiş orqanların bərpası, yenilənməsi istiqamətində, kök hüceyrə istiqamətində aparılan tədqiqatlar, orqan surətinin çıxarılması, genetik tədqiqatlar aparılır. Bütün bunlar əlbəttə səhiyyədə ciddi inqilabi dəyişikliklərə gətirib çıxarır. Əslində gözümüzün önündə baş verənlər təqdirəlayiq dəyişikliklərdir. Sadəcə bu prosesin içində yaşadığımızdan bu yeniliklərin nə dərəcədə önəmli olmasına əhəmiyyət vermirik. Səhiyyə mərkəzlərinin reytinqinə görə ölkələrin sıralanması yenilik deyil. ABŞ həmişəki kimi siyahıda irəlidədir. Livanın siyahıda yer alması maraq doğurdu. Ümumiyyətlə, bütün uğurların başında beyin mərkəzlərinin çalışması, intellektual potensialın mərkəzləşməsi durur. Buradakı tibb müəssisələrinin sayına baxsaq, əksər tibb mərkəzi ABŞ və ona bağlı olan ölkələrdədir. Niyə daha ciddi elm ocaqları ABŞ-dadır. Burada tək amerikalılar oxumur. Həmin elm müəssisələrinə dünyanın hər bucağından olan, düşünən elm adamları cəlb edilməkdədir. ABŞ çalışır ki, dünyanın bütün düşünən beyinləri onlar üçün çalışsın. Araşdırsaq, neçə-neçə azərbaycanlı ciddi potensialla bu gün ABŞ-da elmin inkişafı istiqamətində çalışır”.

Həkim əlavə edib ki, beyin mərkəzlərinin optimal istifadə olunması nəticəsində bütün sahələrdə uğurlar olur: “Eyni zamanda amerikalılar səhiyyə müəssisələrinin də daha yaxşı qurulması sahəsində böyük uğurlara imza atırlar. Bundan sonra baxırıq ki, Avropa ölkələrinin də müəyyən uğurları var. Bizim regiondan qardaş Türkiyə barədə bunu demək olar. Obyektiv olaraq qeyd etmək lazımdır ki, Azərbaycan səhiyyəsi son illərdə olduqca irəli gedib. Xüsusən, səhiyyə müəssisələrinin yenidən qurulması, səhiyyə müəssisələrinin yeni avadanlıqlarla təchiz olunması, elektron səhiyyə sisteminə keçirilməsi, səhiyyə sistemi daxili inteqrasiya proseslərinin inkişaf olunması, ölkəmizin digər səhiyyə sistemləri ilə çalışmağa başlaması, xüsusən qardaş Türkiyə ilə bağlanan müqavilələri göstərmək olar. Bütün bunlar nəticəsində Türkiyə istisna olmaqla, Azərbaycan səhiyyəsinin irəlidə olduğunu düşünmək olar. Çünki bu gün həm təminat, həm təchizat baxımından səhiyyə sistemimiz xüsusilə Səhiyyə Nazirliyi ilə TƏBİB-in ayrı-ayrı sahələrdə ortaya qoyduqları töhfələr, xəstəxanaların yenidən qurulması, sığorta sistemindən insanların faydalanması, dünya standartına cavab verən çox sayda özəl klinikanın açılması göstərir ki, Azərbaycan səhiyyəsində ciddi uğurlar var. Bəs niyə daha sürətlə irəli gedə bilmirik? Niyə dünyanın irəlidə olan tibb müəssisləri ilə rəqabət apara bilmirik. Bu sahədə əlimizdə olan ən ciddi problem kadr çatışmazlığı ilə bağlıdır.  Hazırda əlimizdə olan imkanları tətbiq etmək üçün, bu resurslardan istifadə edərək, daha öndə olan tibb müəssisələri  sırasına çıxmağımız üçün kadr potensialı problemini həll etməliyik. Bu istiqamətdə də işlər getməkdədir. Həm xaricdə təhsil alan həkimlərin bura gəlişi, həm buradakı tələbələrə verilən təhsilin daha da təkmilləşməsi istiqamətində müəyyən işlər gedir. Əsas çatışmayan məsələ  tibbi təhsilin və həkim yetişdirilməsi sahəsində olan proseslərin ciddi şəkildə qurulmasıdır. Bu problem aradan qaldırılırsa, bizim ölkə səhiyyəsi də dünyanın tanınan səhiyyə mərkəzlərinin sırasına qatılar. Bizim kifayət qədər kadrlarımız var ki, tibb universitetinin məzunlarıdır, onlar Avropada və Amerikada ən qabaqcıl statuslarda və həddən artıq tanınmış, hörmətə layiq kürsülərdə tibb sahəsində təmsilçiliklə məşğuldurlar. Demək ki, ölkəmizdə də o kadrların potensialından istifadə etmək olar”.    


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
3
news24.az

4Источники