RU

"Xərçəng xəstəsi olan qızımın müalicə pulunu qoydum" - "Onlayn lotereya" adı ilə 1 milyon 232 minlik dələduzluqda təqsirləndirilən qadının məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Kərimova Tənzilə Adil qızının məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ittiham aktında göstərilib ki, Tənzilə Kərimova 81 nəfərin "Onlayn lotereya" adı ilə internet üzərindən 1 milyon 232 min 559 manat  pulunu dələduzluq yolu ilə ələ keçirib. Qeyd edək ki, təqsirləndirilən şəxs Tənzilə Kərimova barəsində istintaq orqanı "polis nəzarəti altına vermə qismində" qətimkan tədbiri seçib.

Qeyd edək ki, ötən məhkəmə prosesində  zərərçəkənlərdən 4 nəfər şəxs barəsində hakimin təqdimatı ilə məcburi gətirmə qərarı verilmişdi.

Zərərçəkənlərdən Aygün Məsimova ifadə verərək bildirdi ki, bu oyuna girəndə ilk olaraq 200 manat yatırdım, dedilər özündən başqa 2 nəfər gətirməlisən:  "Mən də gətirdim həmin şəxsləri, onlar pulu atırdılar mənim kartıma, məndə atırdım Aygün Abbasova adlı qrup rəhbərinin kartına. 2365 manat pul yatırdım, bir manatda geri götürməmişəm. Mən vurulan ziyanı tələb edirəm. 

Sonra digər zərərçəkən Maral Nəzərova ifadə verdi: İlk olaraq razı olmadım Gülşən xanımın dəvətinə. Sonra Tənzilə mənə səs atdı. Oğlumun, qızımın adına pullar qoydum. Ümumilikdə mənə dəymiş ziyanın miqdarı 7100 manatdır. Qızım xərçəng xəstəsidir, onun müalicəsi üçün olan pullar idi. Tənzilə xanım qrupda səs ataraq deyirdi bizi xaricdən maliyyələşdirirlər.

Dövlət ittihamçısı Eldar Həmzə: "Siz qumara girmisiz də, oyuna girəndə nə qədər pulla girmisiz?

Zərərçəkənin sözlərinə görə, ilk olaraq 30-50 manatla başlayıb sonra artırıb məbləği. Bir adam dəvət etdim 2000 manat qazanc götürdüm həmin şəxsdən. 7100 manatın 2000 manatı həmin puldur. 

Zərərçəkən Pərvanə ifadə verərək qeyd etdi ki, bu oyunda 3-cü qrup rəhbəri olmuşam. Mənim qrupumda olan Kəmalədir. Məni Səkinə xanım dəvət edib, 180 manat Tənzilə xanımın kartına atıb oyuna qoşulmuşam. Mən bir az aktiv oldum qrup rəhbəri oldum.

Tənzilə xanım səs ataraq deyirdi borc tapın qoyun, pullar qayıdacaq. İndi bütün qohumlarımla düşmənəm. Mən, İlahə, bir də Aygün qrup rəhbəri idik. 4 bank karti işlətmişəm. Kartımda qohumlarımın 30 min pulu var idi. Həmin pulu qrup rəhbərlərinə ötürdüm. Tənzilə xanımın kartına 10 min pul atmışam. Özüm kartlardan 17 min manat pul çıxartmışam".

Tənzilə Kərimova: "Mən Pərvanənin 5 kartına 48 min pul göndərmişəm. Həmin kartların ikisini istintaqdan gizlədib. Yoldaşının adına olan kartdan 18 min manat pul çıxarıb. 

Sonra Pərvanə ifadəsini davam etdirdi: "Mən özüm 73 min manat ziyan çəkmişəm. Yoldaşım Rusiyadadır, bizim borcumuz var idi. Ona görə bu oyuna girdik. Neçə dəfə həyat yoldaşım məni döydü, amma mən dedim yoxe oyundan çıxmayacam".

Zərərçəkən Günay Hüseynova ümumilikdə 9500 manat ziyan çəkdiyini bildirib. 

Şenay adlı zərərçəkən isə 2-ci qrupun rəhbəri Həcər xanımın kartına göndərdiyini söylədi. 

Zərərçəkən Samirə Bağırova 13500 manat ziyan çəkdiyini söylədi. 

Zərərçəkən Günel Mehdiyeva bu oyuna 17 avqustdan 12 sentyabra kimi 6800 manat pul qoymuşam. 11-ci qrupda İlahə xanımın adına göndərmişəm. Mən Tənzilə xanımı şəxsən tanımamışam, ancaq səslərinə qulaq asmışam. 

Digər zərərçəkən Tahir Namazovun sözlərinə görə, onu bu oyuna həyat yoldaşı dəvət edib. 

Məhkəmə prosesi oktyabr ayının 9-na kimi təxirə salındı.

Qeyd edək ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən "Onlayn lotereya" oyunları təşkil etməklə qruplar yaradaraq insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat  pulunu dələduzluq yolu ilə ələ keçirib. İlk əvvəl oyunçu qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunurdu, 8 nəfəri ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilirdi. 2022-ci ilin iyul ayından "qat" sistemli oyun yaratmışdır. Həmin sistemə əsasən yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanırdı. Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilirdi.

Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust  ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdı. Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal üçün iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilirdi. 

Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli

Избранный
122
32
unikal.az

10Источники