RU

Repetitorluq uşaqlar üzərində ciddi psixoloji təzyiq yaradır

Süni intellekt müəllimlik peşəsini sıradan çıxaracaqmı?

Hazırda repetirorluq uşaqları yaşamağa qoymur. Bütün şagirdlər dərsdən sonra dərsə gedirlər. Hazırkı təhsil sistemi və ali məktəblərə qəbul prosesi uşaq psixologiyası və inkişafı üzərində ciddi mənfi təsir göstərir. Valideynlərin yüksək rəqabətə görə övladlarını repetitor yanına göndərməsi geniş yayılan bir praktika halına gəlib. Bu vəziyyət uşaqları çox erkən yaşdan sıx bir tədris prosesinə cəlb edir, onların sosial və emosional inkişafını geridə qoyur, nəticədə uşaqlar uşaqlıqlarını tam yaşaya bilmir. Bəs, ölkədə repetirorluğun geniş yayılması hansı səbəbdən irəli gəlir?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, hazırda ali məktəblərə qəbul üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi test imtahanlarında yüksək nəticə göstərmək valideynlərin əsas prioritetinə çevrilib. Rəqabət böyükdür, buna görə də valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur qalır. Lakin repetitorluq xidmətləri əlavə maliyyə yükü gətirir və bir çox ailələr bu xərci qarşılayarkən ciddi maddi çətinliklər yaşayır: "Ali təhsil almağın vacib olduğu bir mühitdə valideynlər övladlarının gələcəyinə investisiya etmək üçün cibindən böyük məbləğlər xərcləyirlər. Lakin bu vəziyyət təhsil bərabərliyini pozur, çünki maddi imkanı olanlar repetitor xidmətindən istifadə edərək daha yaxşı nəticə əldə edirlər, imkanı olmayanlar isə geridə qalır". 
Onun bildirdiyinə görə, yaranmış vəziyyət uşaqların uşaqlığını yaşamaqdan məhrum olması ilə nəticələnir: "Sıx repetitorluq dərsləri uşaqların təbiətən ehtiyac duyduğu boş vaxtları və oyun fəaliyyətlərini əvəz edir. Uşaqlar yalnız dərs öyrənməklə, test həll etməklə vaxt keçirdikdə, onların emosional inkişafı və sosial bacarıqları zəifləyir. Uşaqların teatr, incəsənət, idman kimi fəaliyyətlərə qoşulması, yaradıcılıqlarını inkişaf etdirməsi üçün vaxt qalmır. Bu isə balanssız inkişafın əsas səbəbidir. Uşaqların əylənmək, dostları ilə oyunlar oynamaq, maraqlı fəaliyyətlərdə iştirak etmək kimi əsas hüquqları repetitorluq yükü altında əzilərək ikinci plana keçir. Repetitorluq eyni zamanda bədii kitab oxumaq və mədəni inkişafın azalmasına səbəb olur. Repetitorluq mərkəzlərində uşaqlar yalnız qəbul imtahanlarına hazırlaşdırılır və bu prosesdə əsas diqqət test suallarının cavablandırılmasına yönəlir. Bədii ədəbiyyat oxumaq, yaradıcı düşünmək və tənqidi analiz bacarıqları kənarda qalır.Teatr tamaşalarına getmək, bədii əsərləri müzakirə etmək, geniş dünyagörüşü formalaşdıran mədəniyyət tədbirlərində iştirak etmək uşaqların həyatından çıxarılır. Bunun nəticəsində, uşaqların estetik zövqləri və yaradıcılıq qabiliyyətləri azalır, tənqidi düşüncə bacarıqları zəifləyir. Repetitorluğun mənfi psixoloji təsiri də yox deyil: "Repetitorluq uşaqlar üzərində ciddi psixoloji təzyiq yaradır. Uşaqlar, çox vaxt valideynlərin gözləntilərinə cavab vermək, cəmiyyətdə uğurlu bir şəxs olmaq üçün təzyiq hiss edir və bu, onların psixoloji sağlamlığına mənfi təsir göstərir.Təzyiq, stres, yorğunluq kimi amillər uşaqların həvəsini qırır, məktəbdən, dərslərdən və ümumilikdə təhsildən uzaqlaşmalarına səbəb olur. 
Ekspertin sözlərinə görə, mövcud vəziyyəti aradan qaldırmaqdan ötrü alternativ yollar var: "Təhsil sisteminin köklü islahatlara ehtiyacı var. Valideynlərin repetitorluğa müraciət etməmələri üçün məktəblərdə tədris keyfiyyəti artırılmalı, şagirdlərə daha interaktiv və maraqlı dərs metodları təqdim edilməlidir. İmtahanlara hazırlıq sadəcə test həlli ilə məhdudlaşmamalı, uşaqların geniş dünyagörüşünə, sosial və yaradıcı bacarıqlarına da xüsusi diqqət ayrılmalıdır.
Bununla yanaşı, məktəbdənkənar fəaliyyətlərin, teatr, incəsənət və idman tədbirlərinin tədris prosesinə inteqrasiyası vacibdir. Beləliklə, repetitorluq sisteminin geniş yayılması uşaqların həm akademik, həm də sosial inkişafına mənfi təsir göstərir.Təhsilin balanslı və hərtərəfli olması üçün məktəblərdə tədris keyfiyyətinin artırılması, uşaqların mədəni və yaradıcı fəaliyyətlərə qoşulmasına şərait yaradılması təxirəsalınmaz bir zərurətdir. Ailələrin repetitorluq xərcləri ilə bağlı maddi sıxıntılar yaşadığı bir mühitdə, təhsil bərabərliyinin təmin olunması və uşaqların uşaqlıq illərini doya-doya yaşaması üçün dövlət siyasətində dəyişikliklər edilməlidir".
Son dövrlər texnoloji yeniliyin müəllimlik peşəsini sıradan çıxaracağı, süni intellektin müəllimliyi əvəz edəcəyi barədə ən müxtəlif fikirlər dolaşmaqdadır. Belə halda süni intellekt müəllimilik peşəsini sıradan çıxaracaqmı? Kamran Əsədov hesab edir ki,  hər bir yeni dövrdə bir çox köhnə peşələr sıradan çıxır. Amma süni intellektin müəllimləri tamamilə əvəz edə bilməməsinin bir neçə əsaslandırılmış səbəbi var: "Müəllimlər, sadəcə dərs öyrədən deyil, həm də şagirdləri ilə emosional və sosial əlaqə quran, onların ehtiyaclarını, duyğularını anlayan və onlara uyğun dəstək verən şəxslərdir. Emosional zəka, empatiya və motivasiya kimi bacarıqlar süni intellekt üçün təkrarlanması çətin olan xüsusiyyətlərdir. Məsələn, şagirdin dərsdə maraqsız görünməsi və ya özünü kənarlaşdırması zamanı müəllim onu dəstəkləyərək motivasiyasını artırır, ona fərdi diqqət yetirir və emosional ehtiyaclarına cavab verir. Süni intellekt belə halları tam anlamayaraq doğru dəstək verə bilməz. Müəllimlər dərs zamanı müxtəlif metodlar tətbiq edərək şagirdlərin fərqli öyrənmə tərzlərinə uyğunlaşa bilirlər. Məsələn, vizual, eşitmə və ya praktiki öyrənmə tərzi olan şagirdlərə fərqli yanaşmalar tələb olunur. Süni intellekt, müəyyən modellərə və verilənlərə əsaslanaraq fərdiləşdirilmiş tədris təqdim etsə də, şagirdlərin öyrənmə tərzlərinə spontan adaptasiya olmaqda hələ kifayət qədər çevik deyil. Müəllimlər, akademik biliklərin ötürülməsindən əlavə, şagirdlərə etik prinsipləri, dəyərləri və sosial bacarıqları da öyrədirlər. Müəllimlər şagirdlərə empatiya, dürüstlük, əməkdaşlıq, məsuliyyət kimi dəyərləri birbaşa davranışları ilə nümayiş etdirir və onların öyrənilməsini təmin edirlər. AI isə belə dəyərləri təbliğ etməkdə və nümunə olmaqda məhduddur, çünki o, yalnız verilən məlumatlar əsasında işləyir və etik seçimlərdə insan qədər təcrübəli və çevik deyil".
 Problem həlli və münaqişələrin idarə edilməsinə gəldikdə ekcpert bildirib ki, sinifdə şagirdlər arasında müxtəlif münaqişələr, anlaşılmazlıqlar və sosial problemlər meydana çıxa bilər. Müəllimlər bu cür halları empatiya, ədalət və təcrübə ilə idarə edərək təhlükəsiz və öyrədici bir mühit yaradırlar. Süni intellekt, belə problemləri həll etmək üçün əvvəlcədən proqramlaşdırılmış qaydalar və məlumatlar əsasında qərar verir, lakin bu yanaşma hər zaman insani dəyərlər və anlayışlarla uyğun gəlməyə bilər. Belə hallarda Süni intelekktin qərarları mexaniki və qeyri-adaptiv ola bilər: "Süni intellekt əsasən müəyyən məlumatlar üzərində işləyir və bu məlumatlara əsasən qərarlar qəbul edir. Lakin hər bir tələbə unikaldır və bəzən fərdi yanaşma tələb edir. Məsələn, bəzi tələbələr emosional çətinliklər, xüsusi öyrənmə ehtiyacları və ya sosial-maddi problemlər yaşayır. Müəllimlər, fərdi yanaşma ilə tələbələrin ehtiyaclarını qarşılaya bilir, onlara xüsusi diqqət yetirərək dəstəkləyir. Süni intellekt isə belə halları anlamaq və uyğun yanaşma göstərməkdə məhdudiyyətlərlə üzləşir.
Müxtəlif beynəlxalq təcrübələr və tədqiqatlar da süni intellektin müəllimləri tam əvəz edə bilməyəcəyini göstərir. Məsələn, McKinsey & Company tərəfindən aparılmış tədqiqat göstərir ki, süni intellekt tədris materiallarının hazırlanması və qiymətləndirilməsi kimi sahələrdə faydalı olsa da, şagirdlərə fərdi dəstək vermək, sosial bacarıqları inkişaf etdirmək və fərdi ehtiyacları müəyyən etməkdə kifayət qədər effektiv deyil. Digər tərəfdən, UNESCO-nun 2023-cü ildə apardığı tədqiqatlar da süni intellektin təhsildə yalnız dəstəkləyici rol oynaya biləcəyini vurğulayır, amma müəllimlərin yerini tam əvəz edə bilməyəcəyini bildirir.
Beləliklə deyə bilərəm ki, süni intellekt müəllimlərin bəzi funksiyalarını asanlaşdırmaq və tədris prosesini daha effektiv hala gətirmək üçün mühüm bir vasitə ola bilər. Lakin müəllimlərin emosional, etik və sosial bacarıqlarını, yaradıcılıqlarını və adaptasiya qabiliyyətlərini əvəz etmək hələ mümkün deyil. Təhsil yalnız bilik ötürməklə kifayətlənmir, o həm də insani əlaqələr, dəyərlər və həyat üçün vacib bacarıqların inkişaf etdirilməsi prosesidir. Buna görə də süni intellektin təhsildə müəllimlərin rolunu tamamilə əvəz etməsi çox çətindir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
67
29
olaylar.az

10Источники