Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb.
AYNA-dan bildirilib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur. Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakıda bir çox ərazidə, xüsusilə əhalinin nəqliyyata tələbatının çox olduğu metro çıxışları, avtobus dayanacaqları, nəqliyyat mübadilə mərkəzləri, böyük ticarət, iaşə obyektlərinin yaxınlığında mütləq taksi duracaqları olmalıdır:
“Müvafiq müəssisələrlə danışıqlar nəticəsində razılıq əldə oluna bilər. Təəssüf ki, vaxtilə mövcud olan taksi duracaqları ləğv edildi. Onların yerində müxtəlif obyektlər tikildi, şəxsi parklanma yerlərinə çevirildilər. AYNA tərəfindən belə bir layihənin icra edilməsi təqdirəlayiqdir. Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı atılan addımlar fonunda həm də taksilər üçün şəraitin yaradılması yaxşı olardı. Çünki onların üzərinə çox böyük məsuliyyət qoyulub. Xeyli sənəd tələb edilir, sərt nəzarət mexanizmi qurulur. Bu baxımdan düşünürəm ki, layihə taksi sürücüləri tərəfindən rəğbətlə qarşılanacaq. Hər bir halda Tbilisi prospekti, 20 Yanvar ərazilərində elə sistem qurulmalıdır ki, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmasın. Ümumi hərəkət hər kəs üçün əlçatan olmalıdır”.
(musavat.com)