RU

Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq – Qazilərin müavinəti 2 dəfə artır

Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı toxunduğu məsələlərin əsas nüansları barədə nə deyə bilərsiz?

– Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı ölkəmiz, yaşadığımız region və beynəlxalq kontekstdə bir sıra mühüm məsələlərə toxundu və konkret çox vacib, ünvanlı mesajlar verdi. Prezident bildirdi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşir. Bu kontekstdə Prezident öz çıxışında yaxın və orta perspektiv üçün Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyub saxlanılmasının və əhalimizin təhlükəsizliyini təmin edilməsinin əsas məqamlarını ortaya qoydu. Həmin maqamlar arasında hərbi gücümüzün daha da artırılması, bununla paralel olaraq, yerli hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirilməsi və bu əsasda həm hərbi texnika baxımından xaricdən asılılığın azaldılması, həm də Azərbaycanın bu sahədə ixrac potensialının artrırılması və hərbi texnika ixracının coğrafiyasının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Təhlükəsizlik, o cümlədən ideoloji təhlükəsizlin təmin edilməsi, gənc nəslin milli ruhda böyüdülməsi, Ermənistanla münasibətlərin normallaşdırılması sahəsində Azərbaycanın prinsipial mövqeyi və səyləri və s. bu kimi vacib məsələlərə toxundu.

– Ölkə başçısının təhlükəsizliklə bağlı məqamları bir daha gündəmə gətirməsi hansı amilləri özündə ehtiva edir?

eli– Prezidentin çıxışında əsas diqqət hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələlərinə yönəlsə də, həmin məsələlər həm də ölkəmizin iqtisadi potensialı və inkişaf dinamikası ilə vəhdətdə götürüldü. Ölkə başçısı bildirdi ki, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.

Ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək. Bütün bu işləri görmək və işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan işləri davamlı şəkildə həyata keçirməkdən ötrü yetərincə iqtisadi imkanlara malik olmaq lazımdır.

– Prezident gələn il əmək haqqı və pensiyaların artacağını bildirdi. Bu artımlar nə qədər insanı əhatə edəcək və artımların hansı səviyyədə olacağı gözlənilir?

– Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əməkhaqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil. Hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əməkhaqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əməkhaqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər. Amma sosial sferada qərarlaşmış hazırkı reallıqlar şəraitində bu səviyyədə artımları qənaətbəxş hesab etmək olmaz.

– Əməkhaqqı və pensiyaların artımı ümumilikdə qiymət artımını nə dərəcədə qarşılaya biləcək?

– Artıq minimum əməkhaqqı və minimum pensiyanın son artımı vaxtından 2 ilə yaxın bir müddət keçir. Həmin müddətdə qiymətlər xeyli dərəcədə, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymərləri daha yüksək templərlə artıb. Ona görə də bu dəfə əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının əvvəlkindən daha böyük rəqəmlərə ifadə olunmasını vacib hesab edirik. Onu da xüsusi qeyd etmək lazımdır ki, əməkhaqqı və pensiyaları artırılacağı barədə rəsmi məlumatlar verilən kimi monopolistlər və onların əlaltıları qiymətləri qaldırmağa başlayır. Bu ilin səkkiz ayının göstəricilərinə görə, inflyasiya 3,5 faiz olub və ilin sonuna qədər bir qədər də artacaq. Amma bu rəqəm 500-dən artıq mal və məhsul əsasında hesablanan inflyasiya göstəricisidir. Aydın məsələdir ki, aztəminatlı təbəqə, 300-500 manat məvacibi olanlar həmin 500 növ mal və məhsulun əksəriyyətini ala bilməz və bu göstərici onlara aid deyil. Otən illə müqayisədə rəsmi inflyasiya göstəriciləri aşağı düşsə də, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərində artımın davam edir. Aztəminatlı təbəqə əsas tələbat malları alır ki, onların qiyməti durmadan artır. Əgər əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərinin artmasınının, xüsusən də süni qiymət artımının (təbii qiymət artımı qanunauyğun amillərlə bağlı olur və qarşısıalınmazdı) qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsə, əmək haqqı və pensiyanın nə qədər artacağı elə bir önəm daşımayacaq. Ona görə də bu yöndə aidiyyatı orqanları Rəqabət Məcəlləsinin gücündən istifadə etməyə çağırırıq.

– Minimum əməkhaqqının artırılması kimlərə şamil ediləcək?

– Ölkə üzrə əmək qabiliyyətli əhalinin sayı 5 milyon nəfərin üstündədir. Bunların üçdə biri, yəni 1,7 milyon nəfərdən çoxu rəsmi əmək müqaviləsi ilə çalışır. Minimum əməkhaqqının artırılması ilə bağlı açıqlamalarda bildirilir ki, bu qərar nəticəsində minimum əməkhaqqı alan və maaşı Vahid Tarif Cədvəli (VTC) əsasında hesablanan təqribən 700 min nəfərin (600 min nəfərdən artıq rəqəmi də işlədilir) maaşı artacaq. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsinin 1-ci dərəcəsinin aylıq tarif (vəzifə) maaşı 345 manat, 10-cu dərəcəsinin aylıq tarif (vəzifə) maaşı 497 manat, sonuncu, yəni 19-cu dərəcəsinin aylıq tarif (vəzifə) maaşı isə 1125 manatdır. Minimum aylıq əməkhaqqındakı artım Vahid Tarif Cədvəli üzrə 1-ci dərəcəsindən 19-cü dərəcəsi üzrə maaş alanların hamısının əməkhaqlarının artmasına səbəb olacaq. Özəl sektorda isə heç kəs minimum əməkhaqqından aşağı maaş verə bilməz.

– Minimum əməkhaqqının orta əməkhaqqına nisbətinin optimallaşdırılmasının gedişini qənaətbəxş hesab etmək olarmı?

– Azərbaycan 1992-ci ildən “İqtisadi sosial və mədəni hüquqlar haqqında” beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin Xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqının 60 faizindən az olmamalıdır. Azərbaycan hökumətinin strategiyada bu yöndə qarşıya qoyduğu hədəf minimum əməkhaqqını 60 faizə çatdırmaqdır. Son 10 ildə minimum əməkhaqqının artırılması istiqamətində addımlar atılıb və orta əmək haqqının 24 faizindən 34 faizə çatdırılıb. On il ərzində əldə olunan bu nəticəni müsbət dinamika kimi səciyyələndirmək olsa da, qənaətbəxş hesab etmək olmaz. Sözügedən sənədlərə istinad etməklə bu ilin 7 ayının nəticəsindən çıxış etsək, minimum əmək haqqı 345 manat yox, 600 manat olmalıdır. Təbii ki, bu il minimum əməkhaqqının bir dəfəyə həmin səviyyəyə qaldırılması real görünmür. Amma 2024-cü ilin büdəsəsinin yaxşı baza yaratdığını nəzərə almaqla minimum əmək haqqının artırılması istiqamətdə addımların sürətləndirilməsini vacib hesab edirik. Bundan ötrü hökümət qarşıdakı ildən başlayaraq birbaşa olmasa da, mərhələlərlə minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində əvvəlki illərdəkindən daha iri miqyaslarla addımlar atmalıdır.

– Gələn il ölkədə pensiya artımı orta hesabla nə qədər ola bilər?

– Bu ilin 1 iyul tarixinə olan rəsmi statistik məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunda 1,1 milyon pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 11 faizinə yaxındır. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 491 manat təşkil etibş və orta aylıq əməkhaqqının 49 faizi səviyyəsindədir. Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb. Bu ilin 8 ayının məlumatlarına görə ölkəmizdə orta aylıq əməkhaqqı 8,3 faiz artıb. 2024-cü il üçün orta aylıq əməkhaqqının yekun artım tempi 2025-ci ilin əvvəlində elan ediləcək. Əhalinin aztəminatlı təbəqəsinin aşağı maaşlıların, pensiyaçıların əksər hissəsinin, müavinət alanların və sair bu kimi kateqoriyaya aid olan insanların gəlirləri qiymət artımının sürətinə uyğun gəlmir. Ona görə də, əgər bu ilin sonuna qədər orta aylıq əməkhaqqı 11 faizdən az artsa, onda əmək pensiyaları indeksləşdirilərkən orta illik əməkhaqqının artım tempi ilə yanaşı 2022-ci ildə olduğu kimi bu dəfə də əlavə olaraq 200 manatlıq maddi yardımın da təkrar olunmasını məqsədəuyğun hesab edirik.

– Minimum pensiya artımı neçə nəfəri əhatə edəcək?

– Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılması nəticəsində minimum məbləğdə pensiya alanların sayı da son 1 il ərzində 65 min nəfərdən 100 minə çatıb. Həmin məntiqlə minimum pensiya məbləği artandan sonra gələn il minimum məbləğdə pensiya alanların sayı da ona yaxın nisbətdə yenidən artacaq.

– Minimum pensiyanın artması yaşa görə müavinətin də artırılmasına yol aça bilərmi və artımın nə qədər olması məqbul hesab olunur?

– “Əmək pensiyaları haqqında” qanuna görə, 65 yaşına çatandan sonra vətəndaşlara yaşa görə pensiya təyin edilə bilməsi üçün əlavə tələblər mövcuddur. Belə ki, vətəndaşlar pensiya ala bilmək üçün 65 il yaşamaqla yanaşı, həmçinin ya 25 il iş stajına malik olmalı, ya da minimum pensiya kapitalı toplamalıdır. Qanuna görə, minimum pensiya kapitalı minimum pensiya məbləğinin 144 qatına (12 illik miqdar) bərabərdir. Minimum pensiya məbləği 240 manat olanda ölkədə minimum pensiya kapitalı 34 min 560 manata bərabər idisə minimum pensiya 40 manat artırıb 280 manata çatdırıldıqdan sonra minimum pensiya kapitalı tələbi 40 min 320 manat olub. Bu o deməkdir ki, artıq 25 il iş stajı olmayanlar pensiyaya çıxmaq üçün 57 600 manat daha çox pensiya kapitalı toplamalıdır. Bu minvalla minimum pensiya məbləğinin 40 manat artım qarşılığında minimum pensiya kapitalı tələbi 6 min manata yaxın artır. Bu baxımdan pensiyanın minimum məbləğinin artımı pensiya yaşına çatmış vətəndaşların bir hissəsinin pensiyaya çıxmaq şansını azaldacaq. Çünki yeni ildən artıq 40 min 320 manatdan təqribən 6 min manat çox pensiya kapitalı tələb olunacaq. Ona görə də belə insanlar üçün müəyyən olunmuş 220 manatlıq qocalıq pensiyasi adlandırılan yaşa görə müavinət də artırılmalıdır. Əgər bu il ehtiyac meyarı 270 manatdırsa, 2025-ci ildə bu göstəricinin də artacağını nəzərə almaqla yaşa görə müavinət 270 manatın üstündə və gələn ilin ehtiyac meyarı və yaşayış minimumu səviyyəsində olmasını zəruri hesab edirik. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, elə sosial-iqtisadi xarakterli məsələlər var ki, onların həllinin yubadılması bumeranq effekti yaradı. Bu kimi hallar getdikcə daha çox narazılıq yaradır və daha çox xərc tələb edir. Cəmiyyətdə daha çox gündəmə gətirilən məsələ veteranlara verilən 80 manatlıq müavinətin artırılması məsələsidir. Dövlət Statistika Komitəsindən rəsmi məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179 840 nəfər təşkil edib, yəni 180 min nəfərə yaxındır. Bəzən bundan bir qədər artıq rəqəmlər də işlədilir. Veteran pulunun 2 dəfə artırılaraq 80 manatdan 160 manata qaldırılması, ayda veteranlara 14,4 milyon manat əlavə vəsait ayrılması deməkdir. Onun da illik ümumi məbləği 173 milyon manat edir. Bu, o qədər də böyük məbləğ deyil ki, sözügedən məsələnin həlli ildən ilə keçirilsin. Bu məsələyə münasibətdə cəmiyyətdəki ab-havadan çıxış etməklə demək olar ki, müharibə veteranlarına verilən veteran pulu adlandırılan 80 manatlıq müavinətin də azı 2 dəfə artırılmasını istiqamətdə real addımlar atılmasını vacib hesab edirik.

Избранный
33
9
millitv.net

3Источники