RU

Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Bakı. TurkicWorld:

Dövlət İmtahan Mərkəzi gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqladı.

TurkicWorld xəbər verir ki, 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)

Qeyd edilib ki, ümumi bir prinsipə istinad edilərək, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlara eyni olan mövzular daxil edilmişdir (bəzi istisnalar nəzərə alınmaqla “Qeyd 4”, “Qeyd 5”).

9-cu siniflər üçün “Ümumi tarix” və “Azərbaycan tarixi” dərsliklərinin yeni nəşrlərində bir sıra mövzuların adları dərsliklərin əvvəlki nəşrləri ilə eynilik təşkil etsə də, məzmunda fərqlər var. Bunlar nəzərə alınaraq, imtahanlarda həmin mövzulara aid üst-üstə düşən məlumatlardan istifadə ediləcək (Azərbaycan və rus dillərində).

“2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna dair materialla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq olar.

“2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”

“Антитеррористические мероприятия локального характера в Карабахском регионе Азербайджанской армии 19-20 сентября 2023 года”

Ötən tədris ilindən ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7-ci, coğrafiya fənnindən isə 6-cı siniflərdə istifadəyə verilmiş dərsliklər yeni kurikulum əsasında hazırlanmışdır. Bu dərsliklər məzmun, yeni terminlərin verilməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Bunlar nəzərə alınaraq, qəbul proqramlarında həmin siniflərə aid mövzuların materiallarında dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Ədəbiyyat üzrə qəbul imtahanlarında bu əsərlər üzrə test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Избранный
83
16
turkic.world

10Источники