RU

Azərbaycanın iqtisadi irəliləyişi və gələcək hədəflər

İqtisadiyyat hər bir dövlətin inkişafının və mövcudluğunun əsas təməlidir. Güclü və dayanıqlı iqtisadiyyat ölkədə  daxili sabitlik və sosial rifah yaratmaqla yanaşı, beynəlxalq arenada onun nüfuzunun artmasına da müsbət təsir edir. İqtisadiyyatı inkişaf etmiş ölkələrin vətəndaşlarının həyat səviyyəsi yüksəlir, maddi rifahı yaxşılaşır və sosial təminatlarının keyfiyyəti artır. Eyni zamanda, iqtisadi güc dövlətin müdafiə qabiliyyətini, siyasi müstəqilliyini və xarici siyasətini daha da möhkəmləndirir. Buna görə də, dövlətlər iqtisadiyyatlarını inkişaf etdirmək üçün müxtəlif strategiyalar tətbiq edərək qlobal iqtisadi trendlərə uyğunlaşmağa çalışırlar.     Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı, ölkəmizin iqtisadi siyasət istiqamətlərini daha da aydınladan və qarşıdakı illərdə əsas prioritetləri müəyyənləşdirən mühüm bir tədbir oldu. Cənab Prezident nitqində həm daxili, həm də xarici iqtisadi amillərə toxunaraq, Azərbaycanın davamlı inkişafı və iqtisadi sabitliyinin təmin olunması üçün qəbul edilən qərarları və tədbirləri ətraflı təqdim etdi.    Dövlət başçısı çıxışında bu il Azərbayandakı iqtisadi artımın 4,3 faiz təşkil etdiyini, bu göstəricinin ilin əvvəlində proqnozlaşdırılan iqtisadi inkişaf ilə uzlaşdığını, bununla da  iqtisadi inkişaf templərimizin bir çox qabaqcıl ölkələri üstələdiyini qeyd etdi.    Cənab Prezident qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın öz resurslarını düzgün idarə etdiyini və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini vurğuladı. O, son illərdə neft sektorunda yaranan problemlərə baxmayaraq , qeyri – neft sektorundakı 7 faiz artımın ölkəmizin iqtisadi inkişafındakı balansı tənzimlədiyini , hazırda neft – qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparıldığını bildirdi.    Dövlət başçısı bundan sonrakı hədəfimizin iqtisadiyyatımızı şaxələndirərək dayanıqlı inkişaf modelini təkmilləşdirmək olduğunu vurğulamış, inflyasiyanın ilin əvvəlindən etibarən 1 faizdən bir az artıq olmasının müsbət göstəricilərdən biri hesab olunduğunu söyləmişdir.     Prezident İlham Əliyev çıxışında ölkə qarşısında hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə vəsaiti tələb edən vəzifələrin  durmasına baxmayaraq, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artıralacağından da  bəhs etmişdir. Bu qərar həssas təbəqə sayılan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək.    Şübhəsiz ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsi nəticəsində Azərbaycan dövlətinin gücünün daha da  artırması xarici investorların bizə qarşı münasibətinə müsbətyönümlü təsir edib.    Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri xarici və daxili sərmayə qoyuluşu üçün yaradılmış əlverişli şəraitdir. Ölkədəki müsbət sərmayə iqlimi uzun illərdir ki, davam edir. Azərbaycan adambaşına düşən investisiyaların həcminə görə qabaqcıl ölkələr sırasındadır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəyə cəlb olunan sərmayələr iqtisadiyyata güclü təkan verir, yeni iş yerlərinin yaranmasına və gəlirli layihələrin reallaşdırılmasına şərait yaradır. Xüsusilə, son illər ərzində həyata keçirilən iqtisadi islahatlar xarici sərmayədarlar üçün Azərbaycanı daha da cəlbedici edir.    Dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf strategiyalarından birinin də sənayeləşmə prosesinin gücləndirilməsi və yeni sənaye parklarının yaradılması olduğunu qeyd etmişdir. Bakı və Sumqayıt kimi ənənəvi sənaye mərkəzlərində yeni müəssisələrin açılması, sənaye parklarının genişlənməsi və rəqabət qabiliyyətli sənaye məhsullarının istehsal edilməsi ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biridir. Xüsusilə, Azərbaycanın suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə - Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması ölkə iqtisadiyyatı üçün çox müsbət nəticələr doğurur. Bu sənaye parkları daxili bazarın ehtiyaclarını təmin etməklə yanaşı, həm də xarici bazarlara ixrac yönümlü məhsulların istehsalını təmin edəcəkdir. Yeni sənaye sahələrinin yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mühüm rol oynayır və həmin bölgələrin iqtisadiyyatına yeni nəfəs verir.    Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən birinin də dövlətin xarici borcunun azaldılması istiqamətində görülən tədbirlər olduğunu bildirmişdir. Son illərdə ölkə iqtisadiyyatının inkişafı Azərbaycanın öz xarici borcunu minimum səviyyəyə endirməsi ilə nəticələnmişdir. Hal-hazırda xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 7,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır. Bu siyasət dövlətə gələcəkdə daha az vəsaiti borcun qaytarılmasına sərf etməyə və ölkənin daxili inkişafına daha çox sərmayə yatırmağa imkan verəcək. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsi də dövlətin iqtisadi potensialını əks etdirir. Azərbaycan Respublikası heç bir xarici yardıma ehtiyac duymadan, öz daxili resursları hesabına büdcəni formalaşdırır və iqtisadi inkişafı davam etdirir. Xarici borcun azalması ilə paralel olaraq, dövlət büdcəsi hər il artmaqdadır. Bu isə ölkənin sosial və iqtisadi layihələrə daha çox maliyyə vəsaiti ayırmasına şərait yaradır.    Ali Baş Komandanımız dövlətin hərbi potensialının gücləndirilməsinə daima önəm vermiş, bu sahədə mühüm tədbirlər görmüşdür. O, çıxışında da Azərbaycanın dövlət strategiyasında mühüm yer tutan məsələlərdən birinin hərbi potensialı gücləndirərək ölkənin təhlükəsizliyinin təmin edilməsi olduğunu vurğulamışdır. Elə buna görə də gələn ilin büdcəsində əsas xərclərin bir hissəsi ölkənin hərbi sənaye kompleksinin inkişafına yönəldiləcək. Sözsüz ki, bu qərar Azərbaycanın müdafiə qabiliyyətini artıraraq, regional təhlükəsizliyə və sabitliyə mühüm töhfə verəcək. Eyni zamanda, sosialyönümlü layihələr və Qarabağın, Şərqi Zəngəzurun bərpası kimi vacib infrastruktur layihələri də dövlətin diqqət mərkəzindədir. Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və sosial infrastruktur layihələrinin həyata keçirilməsi, həmin bölgələrdə iqtisadi həyatın canlanması və yerli əhalinin sosial rifahının yüksəldilməsi baxımından əhəmiyyətlidir.    Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dövlətimiz öz resurslarına arxalanaraq, heç kimdən asılı olmayan müstəqil və güclü iqtisadiyyat qurub.    Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət və islahatlar ölkəni regionda lider dövlətlərdən birinə çevirmişdir. Müsbət sərmayə iqlimi, yeni sənaye parklarının yaradılması, xarici borcun azaldılması və iqtisadi müstəqillik, Azərbaycanın inkişaf modelinin əsas təməl daşlarıdır. Bu strategiyalar ölkənin iqtisadi sabitliyini təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da gücləndirir və onun qlobal miqyasda öncül dövlətlərdən biri kimi çıxış etməsinə şərait yaradır.     Prezident İlham Əliyevin 26 sentyabr tarixində iqtisadi məsələlərə dair müşavirədə etdiyi çıxış, Azərbaycanın cari iqtisadi vəziyyətini göstərməklə yanaşı, qarşıya qoyulan hədəflərə doğru inamla addımladığının sübutudur.    

Ziyafət Əsgərov    

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

Избранный
19
3
sabahinfo.az

4Источники