Cavabın necə olacağı hadisələrin də inkişafını müəyyənləşirəcək. İran birbaşa hücuma keçəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq; cavab olmasa, yaxud adekvat addım atılmasa, İran xüsusilə “müqavimət oxu” coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər; Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz “cavabın verilməməsi” üzərində fikir ayrılığı yaranmışdı, bu “uçurum”un dərinləşəcəyi ehtimalı böyükdür. Bu dəfə zərbənin birbaşa Hizbullaha vurulduğunu nəzərə alanda, qruplaşmanın İrandan “cavab” tələbi daha da kəskinləşəcək. Ki, bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır. Lakin birbaşa cavab zərbəsi beynəlxalq koalisiya ilə üzləşmək təhlükəsini yaratdığı üçün Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini Hizbullah vasitəsilə vurmaq xəttinə üstünlük verə bilər, hərçənd, bu onun “müqavimət oxu”nda təsir imkanlarına yenə də risklər yaradır. İran hazırda “pis” və “ən pis” arasında seçimlə üzləşib. Bu, İsrailin arzuladığı situasiyadır. İranın birbaşa müdaxiləsi İsrailə ABŞ başda olmaqla beynəlxalq koalisiya yaratmaq, geri çəkilməsi isə Tehrana bağlı proksi qüvvələrin sıradan çıxarılması istiqamətində daha da irəliləmək imkanı verir. İstisna deyil ki, İsrail Livanda, xüsusilə şimal sərhədlərinə yaxın ərazilərdə Hizbullah mövqelərinə qarşı quru əməliyyatına başlayacaq. Peycerlərin sıradan çıxarılması mümkün müdaxilə planının tərkib hissəsi kimi görünürdü və məqsəd quru əməliyyatında qruplaşma üzvləri arasındakı koordinasiyanı pozmaq olub. Çünki Nəsrullah bu ilin fevral ayında İsrailin izləməsi təhlükəsinə qarşı qruplaşma üzvlərinə mobil telefondan istifadəni qadağan etmişdi, əvəzində xaricdən sifariş verilən 5 min peycerdən istifadə olunurdu. İsrail peycerləri partlatmaqla Hizbullahın koordinasiyana ziddi zərər vurdu və bu, mümkün quru əməliyyatında effektiv ola bilər.
Bütün bunların fonunda Nəsrullahın öldürülməsi “müqavimət oxu”nun zəifləməsini qaçılmaz edir.