“Hizbullah”da varislik: təşkilatda çat yaranması doğrudurmu?
“Livan “Hizbullah”ında varislik məsələsinin qısa zamanda həlli yalnız mövcud vəziyyətdən irəli gəlir. Çünki yalan-doğru, Həsən Nəsrullahın qətlindən 2 gün əvvəl “Hizbullah” daxilində çatın yarandığı iddia olunurdu”.
Reyting.az xəbər verir ki, bunu iranşünas-yazar Əziz Rzazadə öz sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, elə həmin iddialar əsasında baş katib postuna Livanın ən görkəmli şiə alimi və müctəhidlərindən biri olan Ayətullah Şeyx Məhəmməd Yazbəyin seçiləcəyi daha çox güman olunurdu:
“Hizbullah” baş katibinin müavini və Livandakı şiə siyasi hərəkatının köhnə simalarından biri Şeyx Nəim Qasim və ya Seyyid Haşim Səfiəddin də çox-çox əvvəldən Həsən Nəsrullahın əvəzedicisi kimi nəzərdən keçirilirdilər.
Əsas varis, şübhəsiz, Haşim Səfiəddin idi. O, bir çox cəhətdən Həsən Nəsrullaha bənzəyir, o cümlədən görünüşü və danışıq tərzi ilə. Livanda “Hizbullah”ın 2 nömrəli adamı olan Səfiəddin təşkilat daxilində təhsil sistemi və maliyyə işlərinə nəzarət edirdi. O, 2017-ci ildən ABŞ-nın sanksiya siyahısındadır. Səfiəddinin Bağdadda öldürülən “Sepah” generalı Qasim Süleymani ilə də qohumluq əlaqələri var – onlar quda idilər.
“Hizbullah”ın İcraiyyə Şurasının katibi Haşim Səfiəddin 1964-cü ildə Livanın cənubunda anadan olub. 1980-ci illərdə o, dini elmləri öyrənmək üçün anasının əmisi oğlu sayılan Həsən Nəsrullahla birlikdə Qum şəhərinə yollanıb. 1983-cü ildə Livan Şiə-İslam Şurasının üzvü olan Məhəmməd Əli əl-Əminin qızı ilə ailə həyatı qurub. 1994-cü ildə Həsən Nəsrullah Haşim Safiəddini “Hizbullah”ın Beyrut bölgəsi üzrə rəhbər təyin edib. Daha sonra, 1995-ci ildə o, “Hizbullah”ın hərbi fəaliyyətinə cavabdeh olan Cihad Şurasına rəhbərlik edib. 1998-ci ildə Səfiəddin qrupun İcraiyyə Şurasına daxil olub.
Nəim Qasim də 2006-cı ildən Həsən Nəsrullahın mümkün varisi kimi tanınırdı. O, Livan Universitetində fransız dilində kimya üzrə bakalavr dərəcəsinə sahibidir və Livan dini hövzəsində dinşünaslıq üzrə təhsil alıb. İmam Musa Sədrlə birlikdə “Əməl” hərəkatının formalaşmasında, həmçinin Livanda “Hizbullah”ın təşəkkülündə yaxından iştirak edib. Qasim 1991-ci ildən ardıcıl 5 müddətə Livan “Hizbullah”ının ikinci şəxsi olub.
Bəs, Şeyx Məhəmməd Yazbək kimdir?!
Məhəmməd Yazbək 1950-ci ildə Baalbək bölgəsinin Budai kəndində doğulub. Maraqlı olan onun familiyasıdır. Deyilənə görə, bu ailə, ümumən klan orta əsrlərdə Livanda məskunlaşıb və özbək mənşəlidir.
Şeyx Yazbək 1965-ci ildə dini təhsilini Nəcəfül-Əşrəfdə alıb. Onun ilk müəllimi Ayətullah Seyyid Möhsün Həkim Təbatəbai olub. Ayətullah Şeyx Məhəmməd Yazbək Livanda ən yüksək dini dərəcəyə - fəqihliyə sahibdir”.
Ə. Rzazadə əlavə edib: “Həsən Nəsrullahın qətlindən 2 əvvəl “Əl-Arabiyya” kanalına verilmiş bir müsahibə indi beyinləri çox qarışdırıb. Bəziləri həmin müsahibədə səslənən iddiaları son həqiqət belə sayır.
Bəs iddialar nədir?
Livandakı Ərəb İslam Şurasının baş katibi, keçmiş “hizbullah”çı Məhəmməd Əli əl-Hüseyni bildirib ki, təşkilatı iflasa sürükləyən səhv siyasət ucbatından İcraiyyə Şurasında Həsən Nəsrullaha qarşı etimadsızlıq mühiti hökm sürür və artıq Şeyx Məhəmməd Yazbək varis göstərilir.
Əl-Hüseyni bildirib ki, “Hizbullah” daxilində ilk dəfə təşviş vəziyyəti yaranıb. İddiası budur ki: “Həsən Nəsrullah qərar qəbuletmə sahəsində artıq etibarlı şəxs deyil və özünün psixoloji problemləri var”.
İranın Livandakı nüfuzlu əleyhdarı olan əl-Hüseyni hesab edib ki, Həsən Nəsrullaha nəzarət etmək imkanı yalnız Ayətullah Xamnəidə qalıb. Daha sonra o, ilk fikri ilə ziddiyyət təşkil edən sözlər işlədib:
“Hizbullah”ın gücü Dəməşqdədir və Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə “Hizbullah”a dəstək davam edəcək. Kim bu partiyanın qüdrətini məhv etmək istəyirsə, Dəməşqdəki tənliyi dəyişməlidir”.
Əl-Hüseyni sonda iddia edib ki, Tehran baş katib Həsrullahı ələ verib və o, vəsiyyətnaməsini nə qədər tez yazarsa, bir o qədər yaxşıdır”.
İranşünas-yazar xüsusən son hadisələr əsnasında Tehranın İsrailə qarşı cavab əməliyyatını niyə gecikdirdiyini də izah edib:
“Nə İsmayıl Haniyənin, nə də Həsən Nəsrullahın qətli Tehranı qaçaraq cavaba sürükləməyəcək. İndiki halda İran yalnız “proxy” qüvvələrlə düşməni sancmağa davam edəcək. Özünün rəhbərlik etdiyi “Müqavimət oxu”nda rəhbər şəxslərin dəyişikliyi də İslam Respublikası üçün önəmli deyil. Tehran üçün vacib olan məlum coğrafiyada mövcudluğunu, nüfuzunu saxlamaqdır. Münasib fürsət yarandıqda isə İsrailə mütləq ağır zərbə endiriləcək”.
Onu da qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, “Hizbullah” İsrail tərəfindən öldürülən lideri Həsən Nəsrullahın yerinə hərəkatın icra şurasının rəhbəri Haşim Safiyuddinin seçilməsi ilə bağlı xməlumatları təkzib edib.
Reyting.az bildirir ki, “Hizbullah”-ın yazılı açıqlamasında hərəkatın baş katibliyi ilə bağlı bəzi mətbuat orqanlarında dərc olunan məlumatlar əsassız hesab edilir.
“Aydınlaşdırmaq istərdik ki, baş katibimizin (Nəsrullah) şəhadətindən sonra “Hizbullah”ın rəhbərlik etdiyi təşkilati prosedurlarla bağlı bəzi KİV-lərdə yayılan xəbərlər tamamilə əhəmiyyətsizdir”, - deyə bəyanatda bildirilir.
Açıqlamada hərəkat rəhbərliyinin bu məsələ ilə bağlı işlərini davam etdirdiyi diqqətə çatdırılıb və “Hizbullah” rəhbərliyindən rəsmi açıqlama verilməyincə, bu istiqamətdə xəbərlərin nəzərə alınmamasına” çağırış edilib.