RU

Ermənistan ABŞ-ın əlində Rusiya, Azərbaycan və Türkiyəyə qarşı silaha çevrilir...

Image

Sirr deyil ki, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var. Belə ki, ABŞ və Avropa Ermənistandan istifadə edərək, bu ölkə vasitəsilə regionda öz maraqlarını həyata keçirməyə can atırlar. Hətta Ermənistanın “Past” qəzeti yazır ki, ABŞ-ın Cənubi Qafqazdakı marağı, Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir.

Nəşr yazır ki, son zamanlar ABŞ mediası və ekspert dairələri Cənubi Qafqaza maraqlarını artırıb: “Diqqət çəkən məqam budur ki, bu nəşrlərin konteksti əsasən eynidir. Məsələn, bu yaxınlarda Amerika nəşrlərindən birində “Supergüclərin rəqabəti Qafqaza daxil olur” başlıqlı məqalə dərc olunub. Bu nəşr ona görə diqqət çəkir ki, müəllifləri Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir adamın rəhbərlik etdiyi tanınmış amerikalı ekspertlərdir. Söhbət Dövlət Departamentinin baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Təhlil Ermənistanın KTMT-dən çıxması və Qərbə inteqrasiyası ilə bağlıdır. Analizdə KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə və reallıq kimi dəyərləndirilir. Qeyd olunur ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin Ermənistana nə gətirəcəyindən, demək olar ki, heç bir söz yoxdur. Əvəzində ABŞ-a nə veriləcəyi, yəni ABŞ-ın nəyə ehtiyacı olduğu ətraflı təsvir olunur. Belə çıxır ki, bu, mütləq olmalıdır.Müəlliflərin fikrincə, Ermənistanın geri çəkilməsi və Qərbə üz tutması ABŞ-a regionda öz mövqelərini gücləndirmək üçün əvəzolunmaz fürsət yaradacaq, bu da Amerikanın uzunmüddətli maraqlarına fayda verəcək. Vurğulanır ki, Ermənistanın Qərb sıralarına cəlb edilməsi ABŞ-a Rusiyanın cənub sərhədlərində real təhlükəni qoruyub saxlamağa və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməyə imkan verəcək. Müəlliflərə görə, bütün bunlar Çinin regionu “Bir Kəmər, Bir Yol” projesi çərçivəsində birləşdirmək planlarını çətinləşdirməyə imkan verəcək, həmçinin bölgənin Türkiyədən asılılığını azaltmağa imkan verəcək. Bir sözlə, amerikalılar Ermənistanın maraqları və təhlükəsizliyinin yer almadığı öz maraqlarını daha açıq və aydın şəkildə bəyan edirlər. Amerikanın maraqları Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir”. Məhşur “The European Conservative” nəşri də bu məqama diqqət çəkərək yazır ki ABŞ   adminstrasiyasının Ermənistanı Qafqazda rusiya və Azərbaycana qarşı yeni təxribata çəkməsi həm Nikol Paşinyan hökumətinin məğlubiyyətinə, həm də ABŞ-nin regiondan qovulmasına gətirib çıxaracaq. Məqalədə deyilir ki, Ermənistanda repressiyaların və polis zorakılığının artması fonunda Bayden administrasiyasının Nikol Paşinyanı açıq şəkildə dəstəkləməsi mübahisəli məqamlar doğurur: “ABŞ ilk növbədə, burada istər-istəməz tələyə düşür. Ermənistan 2020-ci ildən hərbi və iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib və Paşinyan hələ də ölkədə vəziyyətin yaxşılaşmasına nail olmayıb, əksinə ölkədə siyasi böhran, təqiblər və çəkişmələr gündən-günə artmaqdadır. Belə olan halda Azərbaycanla yeni qarşıdurma Ermənistanı növbəti hərbi uğursuzluğa və humanitar fəlakətə apara bilər. Paşinyan hökumətinin Rusiyadan uzaqlaşmaq üçün verdiyi bəyanatlar sadəcə tüstü effektindən başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi alyansın üzvü olaraq qalır və öz ərazisində Rusiya hərbi bazasını saxlayır.

Faktiki olaraq Ermənistan əks yol tutub, Rusiyanın Ukrayna ilə bağlı sanksiyalardan yan keçə bilməsi üçün təkrar ixracın əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. İsveçrədə keçirilən Qlobal Sülh Sammitində Ermənistan nümayəndəsi Ukrayna ilə bağlı yekun bəyannaməni imzalamaqdan imtina edib. Üstəlik, Rusiyanı sevindirəcək, ABŞ və onun müttəfiqlərinin bir çoxunu narahat edəcək bir addımla Ermənistan 21 iyun 2024-cü ildə Fələstin Dövlətini tanıyıb. Nəhayət, Paşinyan oktyabrda Rusiyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini açıqlayıb. ABŞ-ın isə Paşinyan hökumətinin öz ölkəsinə və xalqına qarşı destruktiv meyillərini dəstəkləməsinə nəyin haqq qazandıra biləcəyi bəlli deyil. Hakim partiyanın ümumi bəyənmə reytinqi olduqca aşağıdır. Paşinyanın sərhədin demarkasiyası ilə bağlı son mübahisəli addımlarından əvvəl mart ayında Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda seçicilərin yalnız 13 %-nin ona etimad göstərdiyi məlum olub. Daha pisi odur ki, hakim partiyanın namizədi 2023-cü ilin sentyabrında İrəvanın meri seçkilərində cəmi 8 % səs toplayıb. Hazırda Bayden administrasiyası ölkənin müdafiəsində ən zəif bənd olan Paşinyana kömək etməyə çalışır. Paşinyan Amerika rəsmiləri qarşısında özünü qərbyönlü siyasətçi kimi göstərsə də, onlar baş naziri Rusiyadan ayrılmaq üçün sistemli dəyişikliklər etməkdə çox səriştəsiz sayırlar. Bəs niyə Bayden administrasiyası Ermənistanı itirmək riski ilə üzləşir? Amerikalı diplomatlar bilirlər ki, Ermənistan ordusu 2020-ci ildən bəri faktiki olaraq məhv edilib. Əhalisi iki milyondan az olan kiçik bir ölkə üçün otuz mindən çox polis toplanıb ki, bu da yəqin ki, Ermənistanı adambaşına görə regionun ən polis dövləti edir, maaşları və mükafatları müəllimlərin, elm adamlarının maaşından qat-qat artıqdır. 2024-cü ilin may ayından etibarən ölkədə ümummilli etiraz hərəkatı Paşinyanın istefasını tələb edir. İyunun 12-də Ermənistanın xüsusi təyinatlıları dinc etirazçılara və jurnalistlərə qarşı səs-küylü qumbaraatanlardan istifadə ediblər. Nəticədə 80-ə yaxın etirazçı və jurnalist yaralanıb, onlarla insan saxlanılıb. Jurnalist Abraham Qasparyan həbsdə olarkən polis tərəfindən qaçırılıb və vəhşicəsinə döyülüb. Hakim partiyanın deputatı və oliqarx Xaçatur Sukiasyan müxalifətçi həmkarlarını hədələyib: “Əgər özünüzü yaxşı aparmasanız... ya həbsxanaya düşəcəksiniz, ya öləcəksiniz, ya da əmlakınız əlindən alınacaq”. Etiraz hərəkatını dəstəkləyən özəl müəssisələr gözlənilməz vergi yoxlamalarına, o cümlədən kompüterlərin və digər avadanlıqların müsadirə edilməsinə məruz qalıblar. Qəribəsi odur ki, faciəli hadisələrdən 24 saatdan az bir müddət əvvəl ABŞ Dövlət Departamenti Blinkenin köməkçisi Ceyms O'Brayenin səfərindən sonra polis islahatını tərifləyən bəyanat yayıb. Onun ABŞ-nin İrəvandakı səfirliyindəki həmkarları isə həqiqətdən daha da uzaq idilər, çünki bəyanatlarında iyunun 12-də baş verənlərə görə etirazçıları günahlandırdılar və onları cinayətkarlarla eyni səviyyəyə qaldırdılar. Bayden administrasiyası Paşinyanı dəstəklədikcə, Ermənistan və onun əhalisi üçün fəlakətli nəticələrə səbəb olacaq siyasəti davam etdirir. Bu, Ermənistanı növbəti məğlubiyyətə hazırlayır və çox güman ki, ABŞ-ın regiondan qovulmasına gətirib çıxaracaq”.

Tahir TAĞIYEV





Избранный
8
baki-xeber.com

1Источники