"Nokia" markası altında istehsal olunan smartfonlar Avropa bazarından yoxa çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Nokiamob" bloqu məlumat yayıb.
Məlumatda qeyd edilir ki, brendin indiki sahibi olan Çinin "HMD Global" şirkəti aktiv rebrendinqə başlayıb və Avropadakı bir neçə əsas bazarın veb-saytlarından "Nokia" smartfonlarını silib.
Bununla beə "Nokia" telefonları hələ də HMD-nin regional mağazalarının veb-saytlarında - Asiya, Afrika, Yaxın Şərq, Avstraliya, Yeni Zelandiya və Latın Amerikasında əlçatandır.
HMD, 2016-cı ildən etibarən Nokia brendindən öz telefonları üçün istifadə edir və müqavilənin müddəti 2025-ci ildə başa çatır. Bununla belə, müqavilə bitdikdən sonra "Nokia" brendi altında mobil cihazların istehsalının dayandırılacağı gözlənilsə də, bu barədə rəsmi məlumat hələ yoxdur.
Sentyabrın 28-də isə "Nokia" beynəlxalq korporasiyası Hindistanda 4G və 5G avadanlıqlarının genişləndirilməsi ilə bağlı böyük müqavilə imzalayıb. Bu razılaşma 200 milyondan çox istifadəçiyə şəbəkəyə qoşulma imkanı verəcək.