RU

“Ölkənin bütün demokratları, birləşin!” - ELDƏNİZ QULİYEV YAZIR

Necə birləşək, kimlə və niyə birləşək? – bax, budur sual!

Allah-Təala münasib bilsəydi, bizi də bir çox millətlər kimi vətənpərvər, təəssübkeş, torpağını, xalqını sidq-ürəklə sevən və onun uğrunda özünü fəda etməyə hazır olan millət yaradardı; onda yəqin ki, «gəlin, birləşək» kəlmələri də zarafatdan başqa bir şey olmazdı.

Baxın, daha çox hansı xalq birləşmək istəyində bulunur? Əlbəttə, bir olmayan xalq. Yaxşı, bəs o hansı "bir olmayan" xalqdır ki, birləşməyə «gərnəşmə» kimi baxır? (Cavabı hamı bildiyi üçün yazmıram).

Əslində, gərnəşmənin özü də iki cür olur: yuxudan duranda və yatmaq istəyəndə. Bizlər bu gərnəşmələrin ikincisinə daha artıq meylli olduğumuzdan, tam əminliklə deyirəm ki, Oblomov xalis azərbaycanlı olubdur..

Heç, «gəlin, ayrılaq» deyən hər hansı bəndeyi-həqirə rast gəlmisizmi? Yəqin ki, yox. Hamı – əvvəlkilər də, indikilər də, iqtidar da, müxalifət də, hətta nə müxalifət, nə iqtidar olanlar da xorla: «birləşək», «can bir olaq» deyır, amma bunu necə, nə sayaq eləyək? – həə, bax bu, doğrudan da, çox qəliz və mütəqəlqəl bir məsələdir...

Birləşək! Axı necə? Nə sayaq?..

Yadınızdadırsa, hamımızın tanıdığı «Bakılı oğlanlar»ın məşhur kapitanı Anar Məmmədxanlı da bir ara istədi ki, Milli Məclisin üzvlərini birləşdirib, onlardan qəşəng bir «Şən və Hazırcavablar Klubu» qurub-quraşdırsın. Ancaq tezcə də başa düşdü ki, bu iş çox müşkül məsələdi, yəni gördü ki, MM üzvlərinin bir hissəsi hazırcavabdır,  ancaq şən deyil, o biri hissəsi şəndir, amma hazırcavab deyil. Qalan digər hissəsisə, nə şəndir, nə də hazırcavab. Odur ki, hörmətli millət vəkili daşı ətəyindən tökübən, özünü siyasi texnologiyanın ağuşuna atdı.

Nəysə, mətləbdən uzaqlaşmayaq və razılaşaq ki, «birləşək», «həmrəy olaq», «gücümüz birlikdədir» və sair bu kimi ifadələr amorf sözlərdi və 70 il sərasər heç vəchlə birləşmək istəməyən proletarların ünvanına deyilib. Şəxsən mənimçün BİRLƏŞMƏK – konkret bir adamla, fərdlə, şəxs və şəxsiyyətlə, ya hər hansı kollektivlə bir araya gəlmək, ünsiyyət tapmaq, eyni məzhəbə qulluq etmək (eləcə də iki əks-cinsin izdivac qurub, üzr istəyirəm, bir yastığa baş qoyması) deməkdir. Hərçənd, mənim işim, necə deyərlər, Allaha qalıb. Yəni mən papağımı qabağıma qoyub ha fikirləşirəm, ha düşünüb-daşınıram... bu gün kimlə və necə birləşəcəyimi kəsdirə bilmirəm.

Özünüz deyin, təpədən-dırnağacan özü kimi olmayıb, heç vədə öz sözünü söyləməyən iqtidaryönlü, ya «yönsüz» adamlarla mən necə və niyə birləşim?

Yəni təpədən-dırnağa qədər özgə cildinə girib, guya öz sözünü deyən, eyni zamanda ancaq və ancaq öz qarnını güdən iddialı-hikkəli kəslərlə necə və hansı nöqtədə təmas tapım?..

Heç təpədən-dırnağacan özü olub və həmişə də öz sözünü deməyə çalışan (lakin sözün mabədinə, məğzinə gələndə, üstündə xəncər tapılan ləzgi kimi, «hələ vaxtı deyil», «dar gündə açıqlayacam», «zamana ehtiyacı var» və s. və i.a. – israr eləyən), hörmətli-izzətli bəzi müxalif bəylər və onların sağdış-soldışları ilə də bir araya gələ bilmirəm.

Birincilik üstdə hay-həşir salıb «əkil-bəkil quş idi...» saya-saya heç vəchlə ikinci olmaq istəməyən «saqqallı uşaqlar»la, - bu küsəyən «pəstərəcik» «tıq-tıq xanım»larla, eləcə də bu gün cəmiyyətin çoxsaylı problemlər içərisində qovrulduğu bir vaxtda, «əməkdaşlıq, tərəfdaşlıq, inteqrasiya, müttəfiqlik, funksional birlik» və digər bu sayaq «nağara» sözlər səngərində gizlənərək «qan çıxan yeri» qaşıya-qaşıya siyasətin topdansatışıyla məşğul olan bəzi ağzıgöyçəklərlə həmrəyliyə gəlib neynəmək olar?!..

Mən, özünü hər bir Azərbaycan vətəndaşının qarantı adlandırıb, ancaq hər bir azərbaycanlının başı üzərində bir «qranat» asan hakimi-mütləq sayılanlarla da, millətin halalca ruzisini loppadan udub yeyənlərlə, əsgərinin bit-birə içində, ziyalısının dilənçi kökündə yaşamasına, vətəndaşının günbəgün ləyaqət hissini, mənəviyyat və mədəniyyətini itirməsinə laqeyd-laqeyd baxan (bəzi hallarda isə bundan ləzzət alan) harın müştəbehlərlə də yol getmək istəmirəm; çünki bu yolun əvvəli olmadığı kimi, axırı da yoxdur.

Təbiətim belədi, neynim?!

Xalqın, millətin alın təri və yanıqlı «ah»ları hesabına dəbdəbəli həyat sürən, səkkiz-doqquz, (bəzənsə, doqquz-on) rəqəmlərlə hesablanan əcnəbi pullarını elə əcnəbi banklarında da yatıran və buna rəğmən, qabağına çıxan dilənçiyə bir «abbası» belə qıymayanların sözünə, özünə, nəsil-nəcabətinə necə inanım axı?!

Damarlarında qan əvəzinə, yalan axan, bunu üzlərinə çırpanda, şit-şit irişib: «noolsun, qan da, yalan da qırmızıdı daa, bəə!» – deyən, millət üçün kütləvi qırğından, müharibə və yoluxucu epidemiyalardan daha betər bəlalar gətirən bu YALAN daşıyıcılarını necə, nə səbəbə qəbul və «həzm» eləyim?!

Günü bu gün, məni lap tikə-tikə doğrasalar da, öz dinini, imanını danıb əcnəbilərin hər bir hərəkətinə ləbbeyk deyə-deyə, göz önündəcə yalaqlaşıb maviləşən dəyyuslarla yan-yana dayana bilmərəm. Bu ələbaxanlarla hansı birlikdən, hansı alyansdan və hansı əməkdaşlıqdan danışmaq olar?!

Əlbəttə, mən çox istərdim ki, bu gün iqtidarlı-müxalifətli, ağlı-qaralı hamımız birləşək, bir olaq; dərdimiz də xeyrimiz kimi bir olsun. Ancaq onda gərək vasvasılığı-zadı bir kənara qoyub özümü bayaqdan barəsində «xoş sözlər» dediyim «cənablar», «bəylər» və «müəllimlər»lə bir araya gəlməyə zorla məcbur edəm. Deməli, onda gərək mən də riyakarlığa, oğruluğa, yalana, xəbisliyə, hərisliyə, naqisliyə baş vuram. Və ya haqqında nədənsə, həmişə iftixar hissi ilə danışdığımız həmin o məşhur «el palazı»nın qırağında özümə xudmani bir yer eləyib... sürünəm... Güzgüyə, ya övladlarımın gözünə baxanda da, utana-utana, xəcalət çəkə-çəkə baxam.

Ya da onda gərək, mən də, dovşana «qaç!», tazıya «tut!» komandası verməkdən xoşhallanan, ancaq onların hər ikisini möhkəm-möhkəm tutub-saxlayıb, buraxmayan vəzifəli cənablar üçün gah dovşan, gah da tazı cildinə girə biləm!..

Mən bunu bacarmaram. Mən bunu istəmirəm. Və mən buna nifrət eləyirəm!

Mənəviyyatımızın canına günbəgün, saatbasaat hoparaq onu eybəcər hala salıb deformasiyaya uğradan yalana, biganəliyə, riyakarlığa, xofa qarşı loyal münasibət göstərən, – kimliyi, nəçiliyindən asılı olmadan – hər bir azərbaycanlı, bu gün ilk növbədə, özü, öz ailəsi, öz xalqı, öz vətəni qarşısında məsuliyyət daşıyır; gec-tez, ən azı, öz vicdanı və Allahı qarşısında cavab verməli olacaq (əlbəttə, o vaxtacan vicdan deyilən şeydən onda bir əlamət qalacaqsa).

Dildə «vətən», «xalq», «torpaq» deyib, xəyalında bütün bunları vəzifə kürsüsü formasında təsəvvür eləyən, var-dövlət, cah-calal şəklində görən bir para (qəsdən «bir para» deyirəm, çünki fərqli düşünən, fərqli həyat tərzi seçənlər, şükürlər ki, az deyillər) psevdo-patriotlarla haracan getmək olar və getmək lazımdırmı?!

Mən sözləri birləşmək, işi-peşələrisə ayrılmaq olan, millətin taleyüklü məsələlərini öz müəmmalı oyunlarının atributuna çevirmiş iqtidar, ya  cib müxalifəti cəbhəsindəki haramzadalarla  dil tapmaq, onlarla bir məzhəbə qulluq eləmək istəmirəm!

Kimi dindirirsən: «vəzifə, ixtiyar, səlahiyyət, hakimiyyət, mənsəb, pul və qan-qan» deyir. Bir köpəyoğlu demir ki, ayə, bu millət ölür axı!.. Ölür ey, bu millət!! Daha ölümdən o yanası yoxdu ha!!!

Ay başınıza dönüm, ay atam, ay babam, heç olmasa dinməyin, heç olmasa, toxunmayın bu bədbəxt millətə! Qoyun öz bildiyi kimi rahatca ayağını uzadıb tələf olsun... Vallah, özünüz birləşsəniz, - elə bu, kifayətdir. «Birləşək», «Bir olaq» deyə-deyə bu milləti bir az da didib-parçalamağın nə mənası var axı? «Tək əldən səs çıxmaz» deyə-deyə, iki əllə çırtma çalıb bu milləti dingildətməyə nə hacət?!

Sağa baxıram, sola baxıram, qabağa, arxaya baxıram – ağlım bir şey kəsmir ki, kəsmir. Lap nağıllardakı kimi: «Sağa getsən – öləcəksən. Sola getsən – sağ qalmayacaqsan, düz getsən – ölməyinə ölməyəcəksən, amma sağ da qalmayacaqsan».

Arxa da ki... həmişəki kimi, «zanitdi».

Bə neyləyək?.. İki «daşın» – iqtidar olmaq istəyən müxalifətlə, müxalifət olmaq istəməyən iqtidarın arasında əsir-yesir qalmışıq. Vallahi, baş açmalı məsələ deyil...

Çox təəssüf və səd heyf ki, müxalifəti elə, iqtidarı belə olan millətin durumu ELƏ BELƏ də olmalıdır.

Başağrısı olmasın, özlüyümdə çox fikirləşir, çox çək-çevir edirəm və axırda deyirəm ki, DƏRDDƏN, AĞRIDAN da artıq milləti yoğurub, komalayıb birləşdirən bir «zad» ola bilərmi görən? Dərd, ağrı da ki, «maşallah», bizdə kefin istəyən qədər – çəkə-çəkə az qala çəkələyə dönmüşük. Amma qəribədi: eyni dərd, eyni ağrı və eyni problemlər içində bata-bata, yenə də dikəlibən bir-birimizə əl uzatmaq, dayaq olmaq istəmirik ki, istəmirik.

Niyə axı? Nə üçün? Nə səbəbə?

Yəqin millət də kişi kimi başıpapaqlı olmalıdı. Papaq əvəzi başına nimdaş «şapka» taxanda, əlbəttə ki, başıqapazlı olur və nəticədə öz kəlmeyi-şəhadətini oxumaq zorunda qalır.

Ey, cənab, bəy, müəllim, yoldaş, qardaş, a gədə, atam balası, vətən övladı, canım-ciyərim, elim-obam! Kəlmeyi-şəhadətini bilirsənmi? Ey, e-eheyy!!!

Əlqərəz... Allah baisin evini yıxsın!

...Barama qurdutək yaşamaqla, tısbağatək qına çəkilməklə nə əldə etmək olar?.. Qəssab bıçağı görmüş qoyun kimi taleyimizlə barışıb: «belə yazılıb, yazıya pozu yoxdu» deyə-deyə, özümüzçün uydurduğumuz yalançı ALIN YAZISInı «Şöhrət» ordeni kimi sinəyə taxıb yaşamaqmı olar?!

Ancaq gəlin, bir şeyi unutmayaq: əgər Allah-təala həqiqətən də alnımızda günahlarımıza görə nə vaxtsa başımıza daş düşəcəyini yazıbsa, bu, heç də o demək deyil ki, biz günü bu gün durub başımıza çırpmağa özümüz daş axtarmalıyıq.

Yox və əlbəttə ki, yox!

Eldəniz QULİYEV

Избранный
78
hurriyyet.az

1Источники