RU

ROMAN KİMİ... - Şəhid Kamran Fərəcova həsr olunan hekayə...

44 günlük haqq savaşımızda minlərlə Vətən qeyrətli oğulların qanı bahasına qazanılan qələbə Azərbaycanın, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Bu şərəfi bizə yaşadanların sırasında şəhid mayor Kamran Fərəcov da var, hansı ki, o, son damla qanına qədər həmişə öndə gedib.  Astara Pedaqoji Kollecində ona həsr olunmuş Roman kimi” hekayəsinin təqdimatı keçirildi.

Əvvəlcə Vətən şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla  anıldı.

Dövlət Himninin sədaları altında başlanan tədbiri açan kollecin direktoru, şəhid atası Kamran Kazımov dedi: -Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük  haqq savaşımızda özünü daha bariz şəkildə göstərdi. Bu ölümsüzlüyə qovuşan qəhrəmanlar  öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılar olmaqla, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz millətin qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.

Çıxışlarda şəhid mayor Kamran Fərəcovun tələbəlik yoldaşları, iş yoldaşları ehtiyatda olan polkovnik Rəşad Kazımov, polkovnik-leytenant Asif Kərimov, ehtiyatda olan zabit, mayor Cəmaləddin Məmmədov, döyüş yoldaşları Rauf Salayev ,  Ağasəlim Camalov şəhidlə bağlı danışdıqları  xatirələr tədbir iştirakçılar tərəfindən böyük maraqla dinlənildi.

Astara Rayon İcra Hakimiyyətinin İctimai, siyasi-humanitar şöbə üzrə müavini Firəngiz Sadıxova, sinif yoldaşı Ruslan Əliyev,  müəllimi Aybəniz Həsənova, Astara rayon YAP təşkilatının sədri, şəhid ailələrinin dostu Həbib Cəfərov mayor Kamran Fərəcovun Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, onun vətən sevgisindən söz açdılar.

“Roman kimi” filminin nümayişindən sonra  Astara Pedaqoji Kollecin Maliyyə-informasiya şöbəsinin müdiri, şəhidin ömür-gün yoldaşı Nuranə Fərəcova çıxışında tədbirdə iştirak edən hər kəsə, şəhidin döyüş yoldaşlarına təşəkkür söylədi və nə qədər ağrılı-acılı olsa da Kamranın qürurla, iftixarla  yad olunduğunu   bildirdi.

Şəhid mayor Kamran Fərəcov 1978-ci ildə  Astaranın Səncərədi kəndində dünyaya göz açıb. Vətən müharibəsində Cəbrayılın, Qubadlının azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 21-də Qubadlıda şəhadətə qovuşub, Astarada torpağa tapşırılıb. Ölümündən  sonra  3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Qubadlının  azadlığı uğrunda medallara layiq görülüb.

Ailəli idi, iki qızı yadigar qalıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Избранный
80
hurriyyet.az

1Источники