Azərbaycan zəngin ənənəvi yanacaq ehtiyatlarının olmasına rəğmən bu gün yaşıl enerjidən istifadəni prioritet hesab edir
Təbii ki, indi bir çox ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliyinin zərərlərini hiss edir. Belə ki, son bir neçə ildə dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və hava çirkləndirilməsinin fəsadları günü-gündən artır və bütün bunlar dünyamızı ciddi şəkildə təhdid edir. Hər bir ölkənin bərpaolunan enerji layihələrinin çoxaldılmasına töhfə verməsi, bu istiqamətdə ümumi konsensusun əldə olunması bu gün üçün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Prezident İlham Əliyevin zəngin yanacaq ehtiyatlarımızın olmasına rəğmən dövlətimizin yaşıl enerji ehtiyatlarına önəm verdiyini vurğulaması bir daha təsdiq edir ki, bu istiqamətdəki layihələrimizi reallaşdırmaqda çox iddialıyıq. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Azərbaycanın Xəzər dənizinin özünə aid olan sektorunda potensialı 157 giqavat təşkil edir və bu imkanlardan maksimum dərəcədə istifadə etməklə daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.
Göründüyü kimi, bu istiqamətdə ölkəmizin böyük layihələri var. Məhz buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan baza ili (1990) illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Eyni zamanda, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, hazırda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ona görə də Azərbaycan zəngin yanacaq ehtiyatlarının olmasına rəğmən «yaşıl enerji» resurslarından istifadəyə daha çox önəm verir.
Ən önəmlisi isə odur ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin dünya səviyyəsində ən öncül mövqedə qərarlaşmasından xəbər verir. Bu, eyni zamanda, respublikamızın yaşıl enerji və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq niyyətini bir daha gündəmə gətirir. COP29 Azərbaycanın yaşıl enerji ölkəsi kimi beynəlxalq nüfuzunu yüksəltməklə bərabər, eyni zamanda, bu istiqamətə potensial investorların cəlbini də şərtləndirir.
Ümumiyyətlə, son bir neçə ildə ölkəmizdə yaşıl enerji sahəsində mühüm uğurlar əldə edilib. Keçən il regionda ən böyük və ən müasir bərpaolunan enerji istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. «Masdar» şirkəti ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub. 2024-cü ilin mayın 3-də «ACWA Power» şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişi imzalanıb. 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (istismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqram da uğurla gerçəkləşdirilib.
Bu gün ölkəmiz neft və qaz ehtiyatlarını mənimsəməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Həmin layihələrin həyata keçirilməsində «Şahdəniz» yatağının əhəmiyyəti olduqca böyükdür. Sözügedən yataqdan səmərəli istifadə Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb. Belə ki ölkəmiz bu gün 9 Avropa dövlətinə öz təbii qazını ixrac edir. Əgər 2021-ci ildə respublikamız Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il həmin rəqəmin 12 milyard kubmetə qədər artması gözlənilir. 2027-ci ilin sonunadək isə təkcə Aİ məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır.
Sevindirici haldır ki, ölkəmiz ənənəvi enerji ehtiyatları ilə yanaşı, həm də alternativ enerji üzrə də böyük potensiala malikdir. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 1000 MVt olan 3 bərpaolunan enerji stansiyasının– Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ ərazisində isə 240 MVt gücündə külək elektrik stansiyasının təməli qoyulub. Bu stansiyalar vasitəsilə illik, təqribən, 2 milyard kilovat-saatdan çox yaşıl enerjinin istehsalı planlaşdırılıb. 2026-cı ildə istismara verilməsi planlaşdırılan həmin stansiyalar hesabına 2030-cu ilədək bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün, təqribən, 30 faizə çatdırılacağı gözlənilir.
Təbii ki, bu günə olan rəsmi göstəricilər də ürəkaçandır. Belə ki, respublikamızın yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmindədir. Bundan başqa, Prezident İlham Əliyev ölkəmizin işğaldan azad olunan torpaqlarını da «yaşıl enerji zonası» elan edib. Belə ki, 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurun 12 bölgəsində tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Ölkəmizin başçısının iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq «Cəbrayıl» qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə «Çıraq-1», 3,6 meqavat gücündə «Çıraq-2», 6,33 meqavat gücündə «Qamışlı», 5,3 meqavat gücündə «Soyuqbulaq» və 3,4 meqavat gücündə «Meydan» kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Eyni zamanda «AzərEnerji» tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq «Qorçu» yarımstansiyasının və «Laçın» şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə «Mişni» və 6 meqavat gücündə «Alxaslı» kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Həmçinin ötən il «AzərEnerji» ASC-nin yeni tikilən 10,5 meqavat gücündə «Cahangirbəyli» Su Elektrik Stansiyasının və 110 kilovoltluq «Ağdam» qovşaq yarımstansiyasının açılışları həyata keçirilib.
2024-cü ildə isə «Azərenerji» ASC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 12 su elektrik stansiyası istismara verməyi planlaşdırıb. Hazırda onların bir neçəsində işlər tamamlanıb. İstismara veriləcək bu su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal ediləcəkdir.
Elçin Zaman, «İki sahil»