RU

Azərbaycan məhsulları bu dəfə niyə Rusiyaya buraxılmadı: siyasi motiv, yoxsa...

Eyyub Hüseynov: “AQTA gərək bu məsələdə ciddi müqavimət göstərsin”

“Rospotrebnadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. Müraciətdə Azərbaycanın bir iri müəssisəsinin pendir və digər süd məhsullarının Rusiya ərazisinə ixracını dayandırmaq üçün həmin məhsulların sertifikatlaşdırılmasını dayandırmaq tələbi  yer alıb. Məlumata görə, sentyabrın 30-dan Rusiyaya bu məhsulların idxalı dayandırılacaq.

Söhbət Atena MMC və Azaqro-Sp MMC-nin məhsullarından gedir. Bildirilir ki, bu yaxınlarda Rusiya nümayəndələri zavodlarda olublar. “Məhsul çeşidi genişdir: müxtəlif növ pendirlər, xüsusən də ağ brınza, həmçinin ayran, yağ və xama. Yoxlama zamanı xüsusilə inqrediyentlərin və hazır məhsulların saxlanma şəraitində, eləcə də onlara qulluq şəraitində bir sıra sanitar qayda pozuntuları aşkar edilib. Yoxlama videoya çəkilib. Mütəxəssislərin qərarı budur ki, məhsullardan istifadənin orqanizmə mənfi təsiri olacağı ehtimalı yüksəkdir”, - məlumatda bildirilir. Bu iddialarda siyasi motiv varmı? Bu haqda ekspertlər nə deyir.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Rusiya Azərbaycan və digər ölkələrə qarşı çox zaman bu təzyiq vasitəsindən və müəyyən təsir etmə mexanizmindən istifadə edir. 

“Bundan öncə də Azərbaycan pomidorunda, kartofunda, almasında və digər kənd təsərrüfatı məhsullarında qurd və xəstəlik tapmışdılar. Bu nöqteyi-nəzərdən Rusiyanın bu tipli davranışları yenilik deyil. Ona görə də rusiyalı mütəxəssislərin araşdırmasının obyektiv olub-olmadığını söyləmək çətindir. Bilmək olmur bu, obyektiv araşdırmanın nəticəsində verilmiş qərardır, yoxsa Rusiyanın yeni istəklərinə cavab vermək üçün hesablanmış addımdır. Rusiya əvvəllər də bu tipli açıqlamalar verərkən, həmin ölkələrdən nə isə istəyir.  Ola bilsin ki, öz məhsullarına güzəştlər gözləyir, yaxud hansısa bir qərarın dəyişdirilməsinə çalışır. Biz Rusiyanın belə açıqlamalarını çox  görmüşük.

Çox yaxşı olardı ki, bu işlərlə məşğul olan əlaqədar qurumlarımız elə həmin şirkətlərdə yoxlamalar aparsınlar və açıqlamalar versinlər. Çünki Azərbaycan bazarında kifayət qədər tanınmış şirkətlərdən söhbət gedir. Bu tipli məlumatlar onların imicinə də mənfi təsir göstərir. Buna görə də Rusiyaya sənədli arqumentlərlə cavab vermək lazımdır. Belə yanaşma daha doğru ola bilər.

Rusiyanın bundan əvvəlki hərəkətlərini nəzərə alsaq, qonşumuzun bizdən nə isə istəyinin olduğunu düşünməyə əsas var. Bu, Rusiyanın ənənəvi təzyiq vasitəsidir.  Dünyada artıq beynəlxalq standartlara uyğun sertifikatlaşma anlayışı var. Avropa Birliyinə bu sertifikat olmasa, məhsul ixrac edə bilməzsiniz. O sertifikatlar olandan sonra da heç kim onu yoxlamır.  Dünyada qəbul edilmiş qaydalar var. Hansısa ölkənin şirkəti beynəlxalq standartlara uyğun sertifikatlar alırsa, həmin ölkənin məhsullarını rahatlıqla bazara buraxırlar".

AbzasMedia

Eyyub Hüseynov

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bir ölkədən başqa ölkəyə məhsul ixracı zamanı qəbul edən tərəfin mütəxəssisləri monitorinq aparır. Ondan sonra icazələr verilir və hərəkətə keçirlər: “Bütün dünyada biznes qurumları dövlət orqanlarının nəzarəti altında işlərini belə qururlar. Belə vəziyyətdə əlbəttə, siyasi motivlər də özünü göstərə bilər. Rusiya bundan əvvəl də belə hərəkətləri edib. Məsələn, Gürcüstanın "Borjomi" içkiləri və çaxırları ilə də qonşu ölkə belə davranmışdı. Guya bakteriyalar tapmışdılar. Hazırda Rusiya-Azərbaycan münasibətləri fonunda belə məsələnin olacağı istisna edilmir. Biznesdə siyasi motivlər həmişə olur.  AQTA gərək bu məsələdə ciddi müqavimət göstərsin, Azərbaycana məxsus müəssisəni tam müdafiə etsin ki, bazarı qorusun. Əks halda, AQTA özünü ifşa etmiş olar. Rusiyaya satılmayan məhsul Azərbaycanda istifadəyə yararlı kimi göstərilir".

Şahanə RƏHİMLİ,
Musavat.com

Избранный
70
1
musavat.com

2Источники