RU

Yeni məzmunla dərinləşən Azərbaycan-Çin əlaqələri

Qısa müstəqillik tarixində yüksək rəqabət qabiliyyətinə malik güclü iqtisadiyyat quran Azərbaycanın uğurlu inkişaf modeli bütün dünyada diqqətlə izlənilir. Qürurverici haldır ki, böyük iqtisadiyyatlara və beynəlxalq səviyyədə güclü siyasi nüfuza malik ölkələr də respublikamızla münasibətlərini dərinləşdirməyə və daha sıx əlaqələr qurmağa böyük önəm verirlər. Bu sırada həmçinin dünyanın güc mərkəzlərindən biri sayılan Asiya nəhəngi Çin də yer alır. Son illərdə iki ölkə arasında qarşılıqlı hörmətə və maraqlara əsaslanan siyasi dialoq və çoxtərəfli iqtisadi əməkdaşlıq əlaqələri daha da intensivləşib. Bu günlərdə Prezident İlham Əliyev  Çin Xalq Respublikasının Sədri  Si Cinpinə təbrik məktubu ünvanlayıb.  Dövlətimizin başçısı məktubunda Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə səmimi təbriklərini bildirib və ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluğunu ifadə edib.

Bütün sahələrdə böyük uğurlar qazanan dost ölkə

Azərbaycan xoş məramına sadiq qalmaqla həmişə dost ölkələrin uğurlarını alqışlayıb. Prezident İlham Əliyev də məktubunda ilk növbədə Çinin dinamik inkişafına diqqət çəkib və burada lider amilinin önəmini vurğulayıb.  “Ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə - iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır. Bütün bu nailiyyətlərdə şəxsən Sizin də misilsiz rolunuz və xidmətləriniz vardır”, - deyə dövlətimizin başçısı bildirib.

Qeyd edək ki, Çin dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, son illərdə bu ölədə Ümumi Daxili Məhsul (ÜDM) 120 trilyon yuandan (təxminən 18 trilyon dollar) çox olub. Qeyd edək ki, 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf tempində müəyyən azalmalar müşahidə edilsə də, Çində əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 5,1 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir desək, yanılmarıq və burada həm də inkişaf etmiş ölkələr yer alırlar. Geosiyasi gərginliklərin, sərt qapanmaların yaratdığı çətinliklərə baxmayaraq, ölkə perspektiv üçün də yüksək hədəflər müəyyənləşdirib. Ölkə rəsmiləri Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan edirlər. Bu isə o anlama gəlir ki, arzuolunmaz mənfi xarici amillərin gözlənilən təsirlərinə baxmayaraq, Çin yenə də iqtisadi imkanlarını artırmağa çalışır və buna nail olur.

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş ikitərəfli münasibətlər

Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələr qarşılıqlı etimad əsasında uğurla inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bundan məmnunluğunu bildirən dövlətimizin başçısı “Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir”, - deyə vurğulayıb.

Hər iki ölkə perspektivdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmi nümayiş etdirir. Bunun təsdiqi olaraq qeyd edək ki, bir qədər bundan əvvəl Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu mühüm sənədə istinad etməklə deyə bilərik ki, Azərbaycan-Çin münasibətlərində keyfiyyətcə yeni bir səhifə açılıb. Həmin sənədin imzalanmasını mühüm tarixi addım kimi dəyərləndirən Prezident İlham Əliyev “İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür”, - deyə bildirib.

Prezident İlham Əliyev Çin liderinə ünvanladığı məktubunda vurğulayıb ki, bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. Qeyd edək ki, indiyədək Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin genişlənməsinə möhkəm hüquqi əsaslar yaradan çoxlu sayda sənədlər imzalanıb. Onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi timsalında daha qabarıq görünür. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir.

“Kəmər və yol”, “Orta dəhliz” və “yaşıl enerji” layihələri çərçivəsində səmərəli işbirliyi

Nəqliyyat sektorunda əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin çox mühüm qollarından birini təşkil edir. Prezident İlham Əliyev məktubunda  “Kəmər və yol” və “Orta dəhliz” layihələri çərçivəsində səmərəli işbirliyinin önəmini  xüsusi qeyd edib. Bu gün hər iki tərəf mövcud reallıqları, artan geosiyasi gərginlikləri nəzərə almaqla Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.

Sürətlə genişlənən əməkdaşlığın mühüm istiqamətlərindən biri isə “yaşıl enerji” seqmenti üzrədir. Çin bu sahətə yüksəksəviyyəli müasir texnologiyalara malikdir və dünya liderlərindən biri hesab olunur. Eyni zamanda, Azərbaycanın Xəzər sahillərində və işğaldan azad olunmuş ərazilərində zəngin bərpa olunan enerji potensialı var. Beləliklə, hər iki tərəf “yaşıl enerji” üzrə əməkdaşlıq etməkdə maraqlıdır. “Eyni zamanda biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, o cümlədən “yaşıl” enerji, yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və gələcək nəsillərə daha təmiz və dayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfə verəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Избранный
92
50
yeniazerbaycan.com

10Источники