Ermənistan şərti sərhəddə təxribatlar törətməkdə davam edir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təkcə sentyabr ayında Ermənistanın silahlı qüvvələri 6 dəfə Naxçıvan və Kəlbəcər istiqamətlərində ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu ay sonuncu belə təxribat sentyabrın 28-i saat 23:20 radələrində törədilib. Daha doğrusu, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atəş açıb. Şübhəsiz, onların hər birinə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bu təxribatlar hər şeydən əvvəl Qərbin, xüsusilə dünya siyasi arenasında özünün qürub çağını yaşayan Fransanın Ermənistanın təcavüzkar siyasətini dəstəkləməsindən, onu kütləvi şəkildə öldürücü silahlarla təmin etməsindən irəli gəlir. Daha doğrusu, Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimlər keçirməsi, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi, Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında, eləcə də digər mənbələrdən təcavüzkara on milyonlarla avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı ölkəni bu kimi təxribatlar törətməyə həvəsləndirir. Bu mənada Ermənistanın indiki vəziyyətində hücum silahlarına milyard dollarlarla vəsait xərcləməsini heç də müdafiə məqsədi üçün hesablanmış addım hesab etmək olmaz.
Elə bu kimi səbəblərdən Ermənistan sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaqda davam edir. Artıq Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmağa çalışan bəzi Avropa ölkələrinin və ABŞ-ın nümayəndələri Ermənistan ordusunda işə də başlayıblar. Bir sözlə, onlar Ermənistanı sülh müqaviləsi imzalamaqdan çəkindirir, sülh danışıqlarını pozmaq üçün belə hərbi təxribatlara məcbur edirlər. Odur ki, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddilarını özündə ehtiva edən konstitusiyasına düzəliş etməyə tələsmir və bunun sırf daxili məsələ olduğunu bildirir. Bu isə o deməkdir ki, daim beynəlxalq tribunalardan sülhdən dəm vuran Hayastan havadarlarının təhriki ilə təxribatlara son qoymaq niyyətində deyil. Elə şərti sərhəddə törədilən təxribatlar da bu faktı bir daha sübut edir.
Şübhəsiz, belə təxribatlar törətməkdə Ermənistanın məqsədi Azərbaycanı provakasiyaya çəkməkdir. Halbuki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olunması məqsədilə dünya miqyasında əməli addımlar atır. Görünür, bütün bunlar Ermənistanın əli ilə Cənubi Qafqazı çalxalamaq niyyətində olanların ürəyincə deyil. Elə bu səbəbdən də təcavüzkar ölkəni belə təxribatlara sürükləyirlər.
Bütün bunlarla yanaşı, Ermənistan və onun havadarları ölkəmizə qarşı ideoloji təxribatlar da həyata keçirir. Yəni, onlar bir-birinin ardınca guya Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qaldığını iddia etməkdə, bununla əlaqədar əsasız bəyanatlar verməkdədirlər. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, ölkəmizin ideoloji təxribatlara və informasiya təhdidlərinə hazır olmasının vacibliyini də xüsusi vurğulayıb: “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”. Onu da qeyd edək ki, rəsmi Bakı həm Vətən müharibəsindən, həm də lokal antiterror tədbirlərindən əvvəl və sonra verdiyi açıqlamalar, bəyanatlar və müsahibələrlə Ermənistanın ideoloji təxribatlarının qarşısının alınmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına nail olub. Elə hazırda da bu istiqamətdə bir sıra uğurlara imza atmaqdadır.
Qvami Məhəbbətoğlu, “İki sahil”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта