RU

Dünya əhalisi sürətlə qocalır - Ahıllar gənclərdən çox olacaq...

Bu gün 1 oktyabr - Ümumdünya Ahıllar Günüdür.

 

Modern.az xəbər verir ki, 2030-cu ilə qədər dünyada yaşlı əhalinin sayı gənc əhalini üstələyəcək və bu artımın inkişaf etməkdə olan ölkələrdə daha sürətli olacağı proqnozlaşdırılır.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 14 dekabr 1990-cı ildə 1 oktyabr tarixinin Ümumdünya Ahıllar Günü kimi qeyd olunmasına qərar verib. Bununla bağlı dünya ölkələrində hər il maarifləndirmə tədbirləri həyata keçirilir. Bu ilin mövzusu “Ləyaqətlə qocalmaq: Yaşlılara Baxım və Dəstək Sistemlərinin Gücləndirilməsi” adlanır.

 

Alimlər deyir ki, dünya əhalisi daha əvvəl görülməmiş şəkildə sürətlə qocalır və buna görə də yaşlı əhalinin ümumi əhaliyə nisbəti artır. Əhalinin yaşlanması bütün dünyada cəmiyyətləri yenidən formalaşdıran mühüm qlobal tendensiyadır. Gözlənilən ömür uzunluğu hazırda dünya ölkələrinin yarısında 75 yaşı ötür.

 

 

2050-ci ilə qədər dünyada 65 və yuxarı yaşda olan insanların sayının 1,6 milyarda çatacağı təxmin edilir. Burada səhiyyə xidməti və qidaya əlçatanlıqda imkanların genişlənməsi faktoru da rol oynayır, lakin təbii artımın geriləməsi və bununla da gənclərin getdikcə ümumi əhali sayında payının azalması da başlıca səbəblərdən biri kimi çıxış edir.

 

Yaşlı əhalinin artması ilə bağlı əmək qüvvəsi ehtiyatları və pensiya təminatı sistemində əhəmiyyətli dəyişikliklər baş verə bilər. Belə ki, "ömür boyu öyrənmə" modelinə əsaslanan təhsil sisteminin formalaşdırılması və yaşlı əhalinin də bilik və bacarıqlarının artırılması, ixtisas və peşə yönümlərinin müasir tələblərə uyğun olaraq yenilənməsi və təkmilləşdirilməsi əsas vəzifələrdəndir.

 

Bununla da yaşlı əhalinin iş prosesinə yenidən cəlbi və bu kateqoriyadan olan əmək qüvvəsinin iqtisadiyyatda rol oynamasının təşviqi qaçılmazdır. Qeyd etmək lazımdır ki, yaşlı əhalinin artması heç də bütün dünya ölkələrində proporsional şəkildə müşahidə olunmur. Təbii artımın hələ də kifayət qədər yüksək olmasından və tibbi xidmətin keyfiyyətinin çox aşağı olmasından qaynaqlanan gənclərin çox, ahılların az olduğu ölkələr də var.

 

 

Bu isə miqrasiya məsələsini gündəmə gətirir. Əhalisi qocalan ölkələr iqtisadiyyatı ayaqda saxlamaq üçün gənc və enerjili, passionar əmək qüvvəsinə - miqrant işçilərə ehtiyac duyur. Lakin sosial və mədəni fərqliliklər miqrantların yeni ölkələrə uyğunlaşmasını çətinləşdirir, adaptasiya prosesini ləngidir.

 

Bir sıra ölkələrdə müşahidə olunan irqçilik meylləri, ifrat sağ partiyaların və siyasi qüvvələrin güclənməsi bu prosesin qarşısındakı başqa əngəllərdəndir. Qısası, əhalisi qocalan ölkələr seçim qarşısındadır: Ya yaşlılara yenidən təhsil verib işçi kimi iqtisadiyyata qazandırmaq, ya da miqrantlara qarşı prosedurları və sosial mühiti əlverişli etmək.

 

Üçüncü yol da var: Sürətli yaşlanmanın qarşısını almaq və təbii artımı stimullaşdırmaq, amma bunları necə reallaşdırmaqla bağlı konkret yol xəritəsi hələlik ortada yoxdur. Sonda vurğulanmalıdır ki, yaşlı və ya gənc olmasından asılı olmayaraq bütün insanlar normal, ləyaqətli və yüksək standartlarda həyat şəraiti ilə təmin olunmağa, rahat yaşamağa layiqdirlər...

 

Modern Təhlil və Araşdırma Qrupu

Избранный
84
modern.az

1Источники