RU

Paşinyan inzibati rıçaqları ələ keçirməyə başlayır

Ermənistanın hakim partiyası son vaxtlar bir sıra problemlərlə üzləşib. Həm daxili, həm də xarici siyasətdə ard-arda yaşanan fiaskolar nəticəsində hakimiyyətin reytinqi kəskin şəkildə aşağı düşüb və vəziyyət getdikcə mürəkkəbləşib. Paralel olaraq isə kilsə ilə gərginlik yeni mərhələyə qoyub, “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan isə 2 oktyabr tarixindən yeni hərəkatlara başlayacağı barədə açıqlama verib. Bütün bu səbəblərdən hakim partiyanın üzvləri ciddi narahatlıq keçirir və arada gəzən söz-söhbətə görə, 2026-cı il seçkilərinə ümidləri getdikcə azalır. Ehtimal edilir ki, növbəti seçkilərdə partiyanın lazımi səsi toplaya bilməməsi mümkündür.

 

Bununla belə, baş nazir Nikol Paşinyan komanda yoldaşlarını sakitləşdirərək bildirib ki, narahat olmağa səbəb yoxdur. 2026-cı il seçkilərində qələbə indidən təmin edilib və siyasi elita yenə də hakimiyyətdə təmsil ediləcək. Qələbə üçün heç bir maneə yoxdur. Əvəzində isə Paşinyan vurğulayıb ki, artıq 2031-ci il seçkiləri ilə bağlı düşünmək lazımdır.

 

Baş naziri birdən-birə belə əminliyə vadar edən səbəblər var. İlk olaraq, qeyd etmək lazımdır ki, Paşinyan son bir ayda yenidən öz “repertuarı”na qayıdıb və daxili siyasətdə ən çox sevdiyi “məsələlərin həlli üsulu”na yenidən üstünlük verir. Bu isə hər zaman olduğu kimi şantaj və həbslər dalğasıdır. Buna görə də əminliklə söyləmək olar ki, hökumət başçısı istənilən detaldan istifadə edərək, inzibati rıçaqları əlində cəmləşdirmək üçün qəti addımlar atacaq. Eyni zamanda vurğulamaq lazımdır ki, son bir neçə həbs əmrindən sonra hökumətə qısa müddət ərzində dövlət idarəetmə orqanlarında partiya sıralarının gücləndirilməsi barədə göstəriş verib. Bu işdə isə USAİD-in növbəti pərdəarxası dəstəyini də qeyd etmək yerinə düşər.

 

Məlum olub ki, sözügedən təşkilat Ermənistan mediasına texnoloji modernləşdirmə üçün 600 min dollar yardım ayıracaq. Paşinyanın seçkilərə necə hazırlaşdığını, medianın bu işdə ona necə dəstək olacağını nəzərə alsaq, bu vəsaitin hansı media qurumlarına köçürüləcəyini anlamaq olar. Təbii ki, bu məbləğ hakim elitanın əlində cəmləşmiş media orqanları arasında bölüşdürüləcək.

 

 

Eyni zamanda erməni KİV-də yayılan məlumata görə, yerli özünüidarəetmə orqanlarının, eləcə də müxtəlif dövlət və büdcə təşkilatlarının əməkdaşlarına oktyabrın 10-na qədər sıralarında çalışan və heç bir partiya üzvü olmayan şəxsləri məcburi qaydada hakim “Vətəndaş müqaviləsi”nə cəlb etmək tapşırığı verilib. Əgər Paşinyanın köhnə repertuarına qayıtdığını düşünsək, deməli bu tapşırığa əməl etməyənlər saxtalaşdırılmış korrupsiya işləri ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər və ya pərdə arxasında bu ittihamla hədələnirlər. Məsələ bununla da bitmir.

 

Eyni zamanda sözügedən qurumlardan əhali arasında hakim partiya xeyrinə təbliğat aparmaq tələb edilib. Rəsmi qurumların əməkdaşları sosial şəbəkələr vasitəsilə müxalifəti və onun gündəmini gözdən salmağı istəyirlər.

 

Əslində, Nikol Paşinyan hakimiyyətdə olduğu illərdə bir neçə dəfə belə üsula əl atıb. Amma bu dəfə isə proses daha şiddətli xarakter alacaq. Bunun isə bir neçə səbəbi var. Baş nazir hakim partiyaya yaxşı bələddir. Xüsusi xidmət orqanları və milli təhlükəsizlik xidmətinin hesabatlarına hakimdir. Bu səbəbdən də inzibati resursları “Vətəndaş müqaviləsi” ətrafında cəmləmək istəyir. İrəliləmək üçün isə Rusiya ilə bağlı gündəm ortaya atılır. Yuxarıda da qeyd edildiyi kimi, partiyanın nüfuzu hər ötən gün daha da aşağı düşür. Reytinqlərin aşağı düşməsi fonunda isə Paşinyan birbaşa və dolayı yollarla inzibati resursları birləşdirmək üçün plan qurur. Çünki ABŞ və onun təşviq etdiyi layihələr nəyin bahasına olursa olsun həyata keçirilməlidir.

 

 

Aİ və ABŞ Rusiyanı Ermənistandan və onun ərazisindən keçəcək ən mühüm enerji-nəqliyyat və loqistika layihələrindən də sıxışdırıb çıxarmaq niyyətindədir. Bu plana sadiqliyini nümayiş etdirən baş nazir isə biznes elitasına da təzyiq göstərməyə hazır olduğunu ortaya qoyur. Bununla da biznes elitasını hakim partiya, Paşinyan və Qərbin irəli sürdüyü gündəmlər ətrafında cəmləşdirmək niyyəti ortaya çıxır.

 

Artıq aydındır ki, partiya Nikolun göstərişləri əsasında hərəkət edərək heç nədən əl çəkməyəcək. Tərəddüd edənlər və müxalif fikirli bürokratlar isə güc strukturları və məhkəmələr vasitəsilə qorxudulacaq. Onların qarşısına iki seçim qoyulacaq: “Ya Paşinyanla, ya da həbsxanaya getmək”.

 

Hadisələrin gedişatı və Paşinyanın daxili siyasətdəki manevrləri göstərir ki, o, 2026-cı il seçkilərinə və referenduma ciddi hazırlaşır. Bu səbəbdən də onun tabeliyində olan dövlət aparatına, sadiq bürokratlar ordusuna ehtiyacı var. Dövlət piramidası birbaşa onun nəzarətində olmalıdır ki, baş nazir özünü sığortalasın, daxili siyasi meydanı “Vətəndaş müqaviləsi”nə tabe etdirərək, Qərbin siyasi gündəmini davam etdirə bilsin.

 

 

Bunun üçün isə müxalifət sıralarını parçalamaq, müxalifət elektoratını özünə tərəf çəkmək və müəyyən inzibati rıçaqları neytrallaşdırmaq üçün yaxın günlərdə hərəkətə keçiləcəyini ehtimal etmək olar. Bununla da Ermənistanın daxili siyasi sahəsi müxalifətdən, anti-Paşinyan koalisiyalarından təmizlənəcək, sıxışdırılan müxalifət pauza götürəcək və dövlət aparatı tam olaraq nəzarət altına alınacaq.

 

Göründüyü kimi, Nikol Paşinyan Qərbin gündəminə xidmət etmək və hakimiyyətdə qalmaq üçün bütün mexanizmlərdən istifadə edəcək. Bunun üçün isə bürokratlara və müxalifətə qarşı kompromatlardan, işdən çıxarma üsulundan və digər çirkin üsullardan istifadə nəzərdə tutulur. Bununla da Qərbin Cənubi Qafqazı “anti-Rusiya ocağı”na çevirmək planına xidmətini ortaya qoyaraq, uzun müddət hakimiyyətdə qalmağı planlaşdırıb.

 

Kamil Məmmədov

Report analitika 

Избранный
70
1
sam.az

2Источники