RU

Müəllim uşağı döyməlidirmi?

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü xəbəri yayılıb.

İddia edilir ki, dərs vaxtı fiziki tərbiyə müəllimi Azər Bəşirov və gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq , şahmat oynayıblar.

Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.

Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsindən verilən açıqlamada isə qeyd edilir ki, 26 sentyabr 2024-cü il tarixdə Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin Iş saatında təqribən 08:30-08:45 radələri arasında məktəbin 11-ci sinif şagirdi B.Ü gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən,  məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib.

Nəticədə isə fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu 11-ci sinif şagirdini tənbeh edib.  
Ümumiyyətlə, səbəb nə olursa olsun, müəllimin şagirdi, döyməyə, alçaltmağa haqqı varmı? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, müəllim uşağı döyməli deyil. Heç bir sivil insan tərbiyəsi şiddətin, əziyyətin, əzabın, təhqirin üzərində qurulmamalıdır:

 “Təcrübə göstərir ki, uşaqkən döyülən insanlar vaxtilə onu döymüş insanlara nifrət edir, əlinə düşən ilk fürsətdə onlardan qisas alırlar. Psixoloji sıxıntı və təzyiq yaxşı heç nə vəd etmir. Alçalmış insan şəxsiyyəti itirilmiş vətəndaşdır. Bütün təlimin-tərbiyyənin önündə insan şəxsiyyəti dayanır. Şəxsiyyəti formalaşdırmaq üçün ancaq sevgi və qayğı, təhsil lazımdır. Zorakılıq, təhqir aqressiya təlim və tərbiyədə cinayətə meylli vətəndaşlar formalaşdırır”.

Psixoloq onu da əlavə edib ki, müəllim şagirdi döyməklə nəinki həmin şagirdə, bütov sinifdəki şagirdlərə bir aqressiya aşılayır:

“Halbuki, məktəb təkcə təlim yox, eyni zamanda bir tərbiyə müəssisəsidir. Bu cür faktların uşağın tərbiyəsinə hansı mənfi təsirlər göstərdiyini sadalamağa ehtiyac yoxdur. İlk növbədə uşaq digərinə təsir vasitəsi olaraq , fiziki gücün, zorun tətbiq edilməli olduğunu öyrənir. Düşünür ki, bu gün müəllim onu sakit dayanmağa, dərs oxumağa zor tətbiq etməklə vadar edirsə, sabah da o, qarşısındakı ilə bağlı niyyətini həyata keçirmək üçün bu cür üsul tətbiq etməlidir. Müəllimin uşağı döyməsi, özündən böyüyə qarşı uşaqda qorxu hissi də yaradır. Bu isə uşaqla- böyük arasında münasibətlərin hörmət yox, qorxu ilə yaranmasına gətirib çıxardır. Eyni zamanda uşağın qürurunun, eqosunun sınması ilə nəticələnir. Uşaq kollektiv qarşısında, öz həmyaşıdlarının arasında müəllim tərəfindən döyülürsə, özünü alçaldılmış hesab edir”.

Sevinc

Избранный
132
50
hit.az

10Источники