RU

Formula-1-də azərbaycanlı tamaşaçıların sayında inanılmaz artım bu səbəblərlə bağlıdır…

Image

Kamran Məmmədli: “Formula-1 yarışlarının izləyici auditoriyası ötən illərlə müqayisədə artıb, bu artım ondan xəbər verir ki, dünya ictimaiyyətində Azərbaycan haqqında təsəvvür böyüyür”

Azərbaycan ev sahibliyi etdiyi daha bir Formula-1 yarışlarını geridə qoyub. Formula-1 Azərbaycan Qran-prisini dünyanın müxtəlif ölkələrindən milyonlarla insan izlədi. Azərbaycan Formula-1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir və artıq 8 ildir ki, bu yarışlar Bakıda yüksək səviyyədə təşkil edilir. 

Dünya miqyasında təqdir edilən və ən çox izlənən idman növlərindən olan Formula-1 həm ölkəmizin tanıdılmasında, həm də iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Qeyd edək ki, Bakının növbəti dəfə ev sahibliyi etdiyi "Formula-1" üzrə Azərbaycan Qran-Prisi yeni rekorda imza atıb. Sentyabrın 13-15-də baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib. Tribunalar hələ yarış başlamamış tam dolub. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il daha 2 yeni tribuna quraşdırılmaqla sayı ümumilikdə 10-a çatdırıb.

Məlumat üçün bildirək ki, ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım olub. Maraqlı faktlardan biri Azərbaycanın yerli azarkeş sayına görə top 5 ölkə sırasında yer almasıdır. Artan marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, bu il keçirilən Formula-1 yarışlarını izləyənlərin sayı çox olub. İzləyicilər arasında yerli azarkeşlər üstünlük təşkil edir.

“Ölkəmizdə keçirilən bu yarış yerli azarkeşlərin diqqətini çəkir, sürət maşınlarının yarışı ilə yanaşı, izləyicilər üçün maraqlı, əyləncəli məqamlar da olub” 

Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Formula-1 yarışlarının Bakıda keçirilməsi ölkəmizə olan böyük etimaddan irəli gəlir: “Bu yarışların izləyiciləri arasında müxtəlif peşə nümayəndələri var. Bu da ölkəmizin tarixini, mədəniyyətini, iqtisadi potensialını təbliğ etməyə imkan yaradır. Formula-1 yarışlarının izləyici auditoriyası ötən illərlə müqayisədə artıb. Bu artım ondan xəbər verir ki, dünya ictimaiyyətində Azərbaycan haqqında təsəvvür böyüyür. Azarkeşlər maraqla və həyəcanla yarışı izləyiblər. Bunu sosial media hesablarından görmək olur. Yerli izləyicilərin artması gözlənilən idi. Çünki ölkəmizdə keçirilən bu yarış yerli azarkeşlərin diqqətini çəkir. Sürət maşınlarının yarışı ilə yanaşı, izləyicilər üçün maraqlı, əyləncəli məqamlar da olub. Ümumiyyətlə, Formula-1 yarışlarının Bakıda keçirilməsi əhəmiyyətli tarixi hadisədir”.

Günel CƏLİLOVA





Избранный
39
baki-xeber.com

1Источники