ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazılı açıqlamasında ABŞ-ın hazırkı prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisi ölkəni xaosa sürükləməkdə ittiham edib.
İndex.az xəbər verir ki, Bayden və Harrisin beynəlxalq təhdidlər, xüsusilə də İrandan gələn təhlükələrlə bağlı baş verənlərdən xəbərsiz olduğunu ifadə edən Tramp, administrasiyanın ölkəni nəzarətsiz qoyduğunu bildirib.
Tramp açıqlamasında deyib: “Dünya yanır və nəzarət tamamilə itirilib. Ölkəni idarə edən yoxdur. Prezident Co Baydenin olmadığı idarəçilik var və daim ianə toplamaqla məşğul olan vitse-prezident Kamala Harris tamamilə “yoxa çıxıb”. Heç kim məsul deyil və Baydenin və ya Kamalanın, kimin daha çox çaşqın olduğu da bəlli deyil. Onların heç biri nə baş verdiyini bilmir”.
Tramp prezidentliyi dövründə İranın tamamilə nəzarət altında olduğunu müdafiə edərək deyib: “Mən prezident olanda İran tamamilə nəzarət altında idi. Onlar pul böhranı içərisində idilər, tamamilə mühasirəyə alınmışdılar və sövdələşmə etmək üçün çarəsiz idilər. Kamala onlara Amerika pulu ilə kömək etdi və onlar indi hər yerə terror ixrac edir və o vaxtdan bəri Yaxın Şərqi parçalayırlar”.