RU

Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır

ABŞ-da keçirilən görüşdə xarici işlər nazirləri sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Bu istiqamətdə atılacaq bir neçə addım var. Birincisi, indiyə qədər razılaşdırılmış məqamlardır. Burada söhbət çərçivə sazişindən gedir. Sülh sənədində razılaşdırılmış məqamlar paraflanır və bundan sonra danışıqlar yenə davam etdirilir. Digər variant, çərçivə sazişinin imzalanmasıdır. Burada da Ermənistanın Baş naziri Nikol Paşinyan mütləq mənada üzərinə öhdəlik götürüb imza atmalıdır ki, Azərbaycana ərazi iddiası ilə bağlı Ermənistanın ali qanunvericiliyində təsbit olunan bütün məqamlar ləğv olunacaq.Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.Onun sözlərinə görə, bunun yolu referendumdan keçməyə də bilər:“Yəni preambulanı və konstitusiya aktını dəyişdirə bilərlər. Eyni zamanda Ali Sovetin 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı ləğv oluna bilər. Yəni bunlar parlament çoxluğu ilə həll olunacaq məsələlərdir. Ancaq BMT-nin Baş Assambleyasının 79-cu sessiyası öncəsi Ermənistan Konstitusiya Məhkəməsi belə bir məlumat verdi ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya ilə bağlı yaradılmış birgə işçi qrupun qəbul etdiyi reqlament Ermənistanın Konstitusiyasına tam uyğundur.Düşünürəm ki, bu, əbəs yerə veriləcək məlumat deyildi. Ayrıca, məhz o ərəfədə Konstitusiya məhkəməsinin reqlamentin uyğunluğu haqqında verdiyi məlumat da qətiyyən təsadüfi ola bilməzdi. Dolayısı ilə Ermənistan rəhbərliyi göstərmək istəyirdi ki, əgər reqlament Ermənistan Konstitusiyasına zidd deyilsə və uyğun qəbul olunursa, Azərbaycanla imzalanacaq sülh sənədi də konstitusiyaya uyğun hesab edilə bilər. Yəni bunun yolunu açdılar. Dolayısı ilə sülhə hazır olduqlarını nümayiş etdirdilər. Amma əslində reqlamentin özü belə Ermənistanın indiki mövcud konstitusiyasına ziddir.Çünki delimitasiya və demarkasiya məsələsində əsas olaraq götürülən prinsip 1991-ci il Almatı bəyannaməsidir. Almatı bəyannaməsi də birmənalı olaraq Qarabağı Azərbaycanın ərazisi kimi göstərir. Bu faktdır. BMT-yə də Azərbaycan məhz keçmiş Dağlıq Qarabağla birgə bütöv olaraq daxil olub. Eyni zamanda bütün dünya dövlətləri BMT-də başda olmaqla Azərbaycanı Qarabağla birgə bütöv bir dövlət olaraq tanıyıblar. Belə olduğu təqdirdə, Ermənistan Konstitusiyası da preambula və konstitusiya aktında göstərilən miatsum ideologiyasını əsas tutaraq konstitusiyanın 1-ci və 11-ci maddəsində təsbit olunursa, necə ola bilər ki, bu reqlament Ermənistan Konstitusiyasına uyğun hesab edilir? Yəni ortada bir ziddiyyət var. Nikol Paşinyan bunu belə əsaslandırır ki, Ermənistan Konstitusiyasında belə bir bənd mövcuddur ki, istənilən dövlətlə imzalanan beynəlxalq müqavilə Ermənistanın qanunvericiliyi ilə müqayisə olunduqda əsas olaraq beynəlxalq müqaviləyə üstünlük verilir. Məhz bu prizmadan yanaşmaqla bu məqamların hətta gələcəkdəki sülh sənədinin də Ermənistan Konstitusiyasına zidd olmayacağını bəyan edirlər. Əslində, bu, bir erməni hiyləsidir. Ona görə ki, konstitusiyada müəyyən dəyişikliklər Nikol Paşinyan hökuməti üçün müəyyən risk amilləri özündə daşıyır. Çünki müxalifət bunu kəskin olaraq hökumətin əleyhinə istifadə etmək istəyəcək. İstəkləri xalqı ayağa qaldırmaq olacaq. Ona görə də 2026-cı il parlament seçkilərinə az itkilərlə getmək üçün Konstitusiyada bu cür fundamental dəyişikliklər olmadan, sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğunluğu ilə bağlı qərar verə bilərlər. Konstitusiya Məhkəməsi də hökumətin bilavasitə nəzarətindədir”.Politoloq bildirib ki, məhz bu reqlament məsələsi müzakirə olunarkən Ermənistanın ədliyyə nazirinin müavini istefa verdi:“Bunu əsas olaraq göstərdi ki, həm müxalifətdən, həm də hakimiyyət dairələrindən özümə qarşı olan təzyiqlərə görə istefa verirəm. Bu o deməkdir ki, bu cür təzyiqlər mövcuddur. Buna görə də Konstitusiya Məhkəməsinin uyğunluq haqqında istənilən qərarı Azərbaycanı qane edə bilməz. Azərbaycana ərazi iddiası ilə bağlı bəndlər qaldıqca, Ermənistanda hakimiyyət dəyişikliyi olduğu təqdirdə dərhal yenidən həmin sülh məsələsini qaldırıb Konstitusiya Məhkəməsində zidd hesab etməklə sənəti ləğv edəcəklər. Burada artıq hər hansı bir beynəlxalq müqavilənin Konstitusiyadan üstün olduğu müddəası işləməyəcək. Çünki ortada 2009-cu il Sürix protokolu var. İsveçrədə Futbol diplomatiyası kontekstində Ermənistan-Türkiyə arasında ABŞ-ın patronajlığı, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə protokol imzalanıb. Çox maraqlıdır ki, bu beynəlxalq protokolu Konstitusiya Məhkəməsinə göndərməklə ləğv elədilər. Nədənsə bu sənəd ləğv olunanda Paşinyanın konstitusiyadakı iddia etdiyi o müddəa işləmədi. Yəni istənilən beynəlxalq müqavilə Ermənistanın ali qanunvericiliyindən üstündür.Ona görə də bu, Azərbaycanı qane edəcək məsələ deyil. Mütləq mənada konstitusiya dəyişdirilməlidir. Azərbaycan hüquqi təminat alandan sonra bu sənədi imzalaya bilər. Yaxud da ki, indiyə qədər əgər razılaşdırılmış məqamlardan söhbət gedirsə, bunlar paraflanır. Yenidən irəliyə doğru addımlar atmaq üçün danışıqlar davam etdirilir. Konstitusiya dəyişdirilmədiyi təqdirdə, əslində paraflanmış bu məqamlar hüquqi cəhətdən Azərbaycan üçün heç bir öhdəlik yaratmır. Şərtlər ortadadır, yerinə yetiriləcək, başqa yol yoxdur. Çünki bu cür təminat olmadan bu cür sülh müqaviləsi davamlı, uzunmüddətli və perspektivli ola bilməz”.

Избранный
35
2
dia-az.info

3Источники