RU

Konfutsi institutlarının yaradılmasının 20 illiyi qeyd edilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Bu il dünyada Konfutsi institutlarının yaradılmasının 20 illiyi qeyd edilir. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda bu əlamətdar tarixlə bağlı, eləcə də qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin ad gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutundan bildirilib. Tədbirdə Konfutsi İnstitutunun təsis olunmasında ADU-nun rəsmi tərəfdaşı sayılan Xuçjou Universiteti ilə təhsil əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, bu ölkədə təcrübə və tədrisin müxtəlif proqramları barədə məlumat verilib. Konfutsi İnstitutunun əməkdaşları tədbirdə Çin xəttatlığı, Çin kağız kəsimi və incəsənəti, düyün vurulması sənəti sahələrində ustad dərsləri keçiriblər.

Tələbələrin ifasında ənənəvi Çin mahnıları səsləndirilib, Çin rəqsləri və Tay ciçuan elementləri nümayiş etdirilib. Bayram çərçivəsində ənənəvi Çin oyunları keçirilib. Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, bu ilin iyulunda Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa güclü təkan verən Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılmasını elan ediblər. İki ölkə hərtərəfli əməkdaşlığı, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsini dərinləşdirməyə hazırdır.

 

Избранный
10
azertag.az

1Источники