RU

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

31 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu  işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.
Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Dörd il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılıb.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr – Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. bu işlər böyük sürətlə davam edir.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
110
9
arantv.az

10Источники