RU

Avropa Şurası Parlament Assambleyasının deputatları: Azərbaycanda baş verənlər qəbuledilməzdir

Azərbaycanda hakimiyyətin tənqidçilərinə və vətəndaş cəmiyyətinə qarşı repressiyalar davam edir. Bütün bunlar Avropa Şurasının üzvü olan ölkə üçün tamamilə qəbuledilməzdir. Bu barədə Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe Turan-ın müxbirilə söhbətində bildirib.
"Biz komissiyaların iclaslarında bu barədə çox danışmışıq və vəziyyət dəhşətlidir. Bakının İşgəncələrə Qarşı Komitə missiyasını ölkəyə buraxmaqdan imtina etməsini xatırlatmaq kifayətdir. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyası üzvünün ölkəsində işgəncələrin olması tamamilə qəbuledilməzdir", - deputat deyib.
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı hüquqlarının bərpa olunması ehtimalı varmı? Bu sualına cavabında Svabe deyib ki, yanvarın 24-də nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərardan sonra Azərbaycanda vəziyyət daha da pisləşib.
"Bakı Avropa Şurası Parlament Assambleyasının 76 deputatını persona non-qrata elan edib və hansı dialoqdan söhbət gedə bilər? Eyni zamanda, ölkədə siyasi məhbusların sayı artır. COP29 ərəfəsində müsbət dəyişikliklərin olacağını düşünürdük, amma bunun əksini görürük", - Şvabe deyib.
"Azərbaycanda baş verənlər narahatlıq doğurur və Avropa Şurası Parlament Assambleyası rəsmi Bakıya aydın siqnal göndərməlidir ki, bu neqativ hallara son qoyulmalıdır", - öz növbəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Liz Kristofersen deyib.
"Jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və hökumət tənqidçilərinin həbsi xüsusi narahatlıq doğurur. Bütün bu həbslərin həyata keçirilməsinə imkan verən qanunvericilik də narahatlıq doğurur. Yəni,  siyasi partiyalar haqqında qanun, media haqqında qanun və qanunvericilikdə qeyri-hökumət təşkilatlarını təqib edilməsinə imkan verən digər düzəlişlər".
Azərbaycan Avropa Şurasına qayıtmaq üçün bu təşkilata münasibətini dəyişməli və Avropa Şurası institutları ilə əməkdaşlıq etməlidir, o vurğulayıb.
Bakıdan bu istiqamətdə müsbət siqnalların olub-olmaması barədə suala Kristofersen mənfi cavab verib.

Избранный
74
1
aztoday.az

2Источники