RU

“Tam heyətlə iştirak etsəydik, komanda hesabında da uğur qazana bilərdik”

Güləş üzrə U-20 və U-17 yaş qrupunda ilin əsas yarışlarına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, qızlardan ibarət komandamız cari ildə bu yaş qrupları üzrə keçirilən Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Yeniyetmə və gənc qızlarımız bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.

Böyük məşqçi Rövşən Umudov komandanın 2024-cü ildə çıxışını belə şərh edib:

“Bilirsiniz ki, Azərbaycanda qadın güləşində məhdud sayda idmançı var. Ona görə də Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, çıxışımızı uğurlu saymaq olar. Fikrimcə, tam heyətlə iştirak etsəydik, komanda hesabında da nailiyyət qazana bilərdik.

Təcrübəli mütəxəssis güləşin bu növündə kütləviliyin yaradılması üçün təkliflərini də bildirib:

“Azərbaycanda qadın güləşinə axın olmadığını hamımız yaxşı bilirik. Bildiyiniz kimi, yığma komanda kimi, həm yeniyetmə, həm gənclər, həm də böyüklər daxil olmaqla maksimum 20-25 idmançı ilə məşq edirik.

Qadın güləşinin inkişafı üçün hər həftə idman verilişlərində videoçarxlar göstərilməli, dünya və Avropa çempionatlarında medallar almış idmançıların çıxışlarından istifadə edib, qadın güləşini təbliğ etmək lazımdır”.

Bu il Ruzanna Məmmədova U-20 Avropa çempionu oldu. Fatimə Bayramova yeniyetmələr (U-17) arasında qitə birinciliyində gümüş medal qazandı. Nəzrin Əhmədli, Günay Qurbanova və Zəhra Kərimzadə U-17 yaş qrupunda həm Avropa, həm də dünya çempionatında bürünc medal əldə etdi. Nərgiz Səmədova isə gənclər arasında dünya üçüncüsü oldu.

R.Umudov bu güləşçilərin gələcək perspektivindən də danışıb:

“Ruzanna Məmmədovanın 18 yaşı yenicə tamam olub. Bir idmançı bütün yarışları eyni qaydada keçirə bilmir. Bir şeyi də qeyd edim ki, Avropa və dünya çempionatı arasında çox böyük fərq var. Dünya çempionu olmaq və ya bu yarışda medal qazanmaq çox çətindir. Amma bu güləşçinin böyük potensialı var və onun gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. O ki qaldı yeniyetmələrimizə, təbii ki, onlardan da çox böyük uğurlar gözləyirik. Əlbəttə, bunun üçün çox işləmək və çox ciddi hazırlaşmaq lazımdır. Düzgün, lazım olan qaydada məşqlərimizi davam etdirsək, bu gün adlarını qeyd etdiyimiz idmançılarımız gələcəyin olimpiyaçıları ola bilər”.

Избранный
37
2
futbolinfo.az

7Источники